Daşkənddən səsləndirilən Azərbaycan reallıqları
İqtisadiyyat

Daşkənddən səsləndirilən Azərbaycan reallıqları

Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib. Ölkə başçımızla yanaşı, İran, Qırğızıstan, Tacikistan, Türkiyə və Türkmənistan prezidentləri sammitdə iştirak etmək üçün Daşkənddə olublar. Qeyd edək ki, 1992-ci ilin noyabrından təşkilata üzv olan Özbəkistan ilk dəfə ECO çərçivəsində çoxtərəfli sammitə evsahibliyi edib.

İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Mənzil qərargahı Tehranda yerləşən ECO 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən təsis olunub. Azərbaycan quruma 1992-ci ildə daxil olub, ötən müddətdə təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Təşkilatla sıx münasibətlərin təməli məhz ulu öndər Heydər Əliyev dönəmində qoyulub. Ümummilli Lider 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının VII Zirvə görüşündə qurumun daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda təşkilatın Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə qurumun ölkəmizdə keçirilən görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans formatda keçirilmiş toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Burada əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.

Daşkənddə keçirilmiş görüşdə isə ECO-ya üzv ölkələrin liderləri, eyni zamanda, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən Zirvə toplantısından keçən dövrdə görülən işlər barədə məlumat verərək toplantını açıq elan edib.

Daha sonra Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Yaşıl keçid və qarşılıqlı əlaqələr" ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayaraq bildirib: "Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib".

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olduğu gündən bu qurumun işində fəal iştirak edir. Ölkəmizin nəqliyyat və logistika infrastrukturu ilə yanaşı, bir çox sahələri ECO-nun üzv dövlətləri üçün açıqdır. Hazırda Azərbaycanın mühüm layihələrə evsahibliyi etməsi, neft sektorunda əsas aktorlardan biri olması əməkdaşlıq məsələlərini daha da gücləndirir. Qeyd edək ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, respublikamızda olan münbit sərmayə iqliminin əyani göstəriciləridir. Ölkəmiz dövrün tələblərini qarşılamaq üçün bütün sahələrdə də sürətlə inkişaf edir. Bunlardan biri də məhz bərpaolunan enerjidir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Bütün bunlar olduqca yüksək göstəricilərdir. Şübhəsiz ki, işğaldan azad edilmiş bölgələrimizlə yanaşı, ölkəmizin digər ətraf rayon və şəhərlərində görülən işlər yaxın gələcəkdə Azərbaycanın yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcəyindən xəbər verir. Buna əsasən, ölkəmiz dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla anlaşma memorandumları və sazişlər imzalayıb. Nəticə etibarilə qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Cari ilin oktyabr ayında ölkəmizdə Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. "Masdar" şirkəti tərəfindən inşa edilmiş stansiya 230 meqavat gücündədir. Bundan başqa, Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində istifadəyə verilən 170 meqavat gücündə hidroelektrik stansiyalar 2024-cü ilin sonuna qədər 270 meqavata çatdırılması nəzərdə tutulub. Növbəti dövrlərdə isə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Ölkə başçımız toplantıda Azərbaycanın iqtisadi gücü ilə yanaşı, respublikamızın tarixi qələbəsindən də söz açıb. Bu illər ərzində Ermənistan 67 məsciddən 65-ini dağıtmış, qalanlarını isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə etmişdir. Prezident İlham Əliyev bildirib ki, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi: "Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq",-deyə dövlətimizin başçısı vurğulayıb.

Məsələyə öz yanaşmasını bildirən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda 30 ildən artıq davam edən işğalın tamamilə aradan qaldırılması ilə bölgədə davamlı sülhə bir addım daha yaxınlaşdığını qeyd edib. "Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın dövrdə yaradılması da xüsusi strateji əhəmiyyət kəsb edir", - deyə qardaş ölkə başçısı bildirib. Ölkəmizin Vətən müharibəsindəki qələbəsi ilə bağlı Türkiyə, Özbəkistan, Pakistan, Tacikistan və digər üzv ölkələr təbriklərini çatdırıblar.

Qeyd edək ki, Zirvə toplantısında növbəti sammitin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Töhfə SƏMƏDOVA,

"Respublika".