Xəyalları ilə imkanları üst-üstə düşməyən Makronun da xoruzu qoltuğuna verildi
Siyasət

Xəyalları ilə imkanları üst-üstə düşməyən Makronun da xoruzu qoltuğuna verildi

Fransanı bürüyən iğtişaşlar, Afrika ölkələrinin əsrlərdir davam edən müstəmləkə siyasətinə qarşı etirazları, səfirlərin qovulması, fransızların hökumətdən narazılığı və s. günü-gündən artan problemlər Makron hakimiyyətinin yarıtmazlığı və səriştəsizliyindən irəli gəlir. Ölkə artıq çaxnaşmalar məngənəsində boğulur, tez-tez dəyişən nazir postları da problemin həllinə kömək etmir.

Bunun bir səbəbi də Makronun öz dövlət məsələləri ilə deyil, uzaq sərhədlərə meyillənməsilə bağlıdır. Buna səbəb kimi Azərbaycanı misal göstərə bilərik. Çünki son illər, xüsusən də 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində qazandığımız qələbədən sonra Fransanın ölkəmizə qarşı təhdid və qarayaxma kampaniyası daha da intensivləşib. Bəzi məqamlarda Ermənistan sülh və barışığa doğru xeyli yaxınlaşsa da, Makron hakimiyyəti daha çox qərəz nümayiş etdirir. Bu da ondan irəli gəlir ki, Fransa çoxdan arzuladığı və planlaşdırdığı Cənubi Qafqaz xülyasının fiaskoya uğradığının fərqindədir.

Hələ keçmiş Minsk qrupunun həmsədr ölkəsi kimi fəaliyyət göstərdiyi dövrdə bu ölkə öz ermənipərəst mövqeyi ilə seçilirdi. İllərlə Qarabağ münaqişəsinin bitməsinə və həllinə mane olmağa çalışırdı. O da sirr deyil ki, bu ölkə münaqişənin həllini yubatmaqla sadəcə Ermənistanı düşünmürdü, əksinə qonşu dövlətdən alət kimi istifadə edirdi. Əlbəttə ki, Fransanın uzaq Cənubi Qafqazda nəzarəti ələ alması və vəziyyətə birbaşa müdaxilə etməsi üçün Rusiyanı ərazidə "zərərsizləşdirməli" idi. Bu mənada da son illər Ermənistan və Rusiya arasında əsən soyuq küləklər Fransadan istiqamət götürür desək, yanılmarıq.

Onu da qeyd edək ki, bu dövlətin xain, məkrli əlləri tədricən regiondan üzülür. Baş verənlərlə barışa, siyasətinin uğursuzluğunu həzm edə bilməyən Makron yeganə çıxış yolunu Azərbaycana qarşı qarayaxma və casuslardan istifadə etməkdə görür. Məlumdur ki, heç bir ölkə Fransa qədər başqa ölkələrin ərazilərinə soxulmayıb. Qonşu və yaxud da uzaq sərhədlərdə yerləşən təbii ehtiyatlarla zəngin ölkələri müstəmləkəsi halına salıb. Qərb müstəmləkəçiliyinin, əsasəndə Afrika ölkələrinin işğalı birbaşa Fransaya aid edilir. Bu dövlət Afrika müstəmləkə planını formalaşdıran ilk ölkədir. Dünyaya "sülh dərsi" keçməyə çalışan Fransa əslində bəşəriyyətin ən geniş coğrafiyasını əhatə edən işğalçı dövlətidir. Hələ ötən əsrin 90-cı illərində tarixin ən böyük soyqırımı hadisələrindən hesab edilən Ruanda soyqırımında məhz Fransanın rolu olub. Bütün bunları sadalamaqda məqsəd ondan  ibarətdir ki, bu gün uzaq sərhədlərdən  Cənubi Qafqaza tuşlanan fransız nəzərləri öz keçmişinə və yaxud da hazırkı vəziyyətinə nəzər yetirsə, daha məqsədəuyğun olar. Bacısı Ermənistanın halına "ağlayan" bu ölkə zamanında çox millətləri göz yaşına boğub. İşğal, müstəmləkə siyasəti, quldarlıq meyilləri bu dövlətin əsas məqsədi olub. O səbəbdən də Ermənistanla Fransanı bir-birinə bağlayan oxşar cəhətləri çoxdur. Necə ki, uzun illərin hazırlanan işğalçılıq siyasətinin nəticəsi olaraq ötən əsrin sonlarında Ermənistan Azərbaycanın 20 faiz ərazisini zəbt etdi. Bununla da kifayətlənməyib, bölgənin bütün infrastrukturunu dağıdaraq yeraltı, yerüstü təbii sərvətlərini talan etdi. Azərbaycana aid tarixi, mədəni abidələri məhv edərək xalqımızın minillik izlərini silməyə çalışdı. Şuşada Üzeyir Hacıbəyov, Bülbül və Xan qızı Natəvanın heykəllərini güllələdi. Hazırda isə həmin hadisələr fərqli məkanda, Fransada baş verir. Belə ki, Parisdə Azərbaycan parkında ucaldılmış şairə Xurşidbanu Natəvanın heykəlinə qarşı hörmətsizlik edilmişdi. Əsrlər əvvəl fransız yazıçısı Aleksandr Dümanı şahmatda  mat edən Xan qızının heykəlinin bu ölkədə ucaldılması fransızların azərbaycanlı şairəyə hörmət əlamətini bildirir. Sual olunur, əgər fransızların Xurşidbanu Natəvana ehtiramı varsa, o zaman şairənin heykəlinə qarşı niyə hörmətsizlik etsinlər? Yaxın günlərdə yerli televiziyalardan birinin Parisdə, adıçəkilən parkda baş verənlərlə bağlı hazırladığı süjetdə sadə fransızlar heykələ qarşı edilən vəhşiliyi pisləyib, bunu vandal əməl kimi qiymətləndiriblər. O zaman kimdir müqəssir?

Şübhəsiz ki, məlum hadisə Makron hakimiyyətinin tör-töküntülərinin və ölkədə fəaliyyət göstərən erməni lobbisinin əməlidir. Yəni səriştəsiz dövlət başçısının yarıtmaz siyasəti bir xalqı, milləti də gözdən salır. Makron hakimiyyətinin Azərbaycana qarşı qərəzli mövqeyi bununla yekunlaşmır. Ötən ilin sonlarında Fransanın ölkəmizə qarşı casus şəbəkəsi ifşa edildi və səfirliyin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan olundu. Ölkəmizdə Fransa agentura şəbəkəsinin ifşa edilməsi Makron hökumətinin nüfuzunun hansı səviyyədə olduğunu göstərir.

Fransa Azərbaycan ilə yanaşı, digər ölkələrdə də daxili sabitliyi pozmağa çalışaraq geniş agentura şəbəkəsindən istifadə edir. Azərbaycanda agentura şəbəkəsinin ifşasından sonra Burkino-Fasodakı uğursuzluq da Fransanın xüsusi xidmət orqanlarının fiaskosunun göstəricisi kimi qiymətləndirilməlidir. Bu fakt Makron hökumətinin xarici siyasətdə olduğu kimi, təhlükəsizlik sahəsində də yarıtmazlığını üzə çıxarıb. Ölkəmizdə Fransanın casus şəbəkəsinin dağıdılması dövlətimizin yürütdüyü siyasətin düzgünlüyünün, praqmatikliyinin sübutu, Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığıdır. Xəyalları ilə imkanları üst-üstə düşməyən Makrona bu istiqamətdə ən güclü zərbə Azərbaycandan gəldi. Makron hakimiyyətinin anti-Azərbaycan siyasətinin ölkəmizdə casus şəbəkəsi yaratmağa qədər getməsinin arxasında rəsmi Bakının tutduğu prinsipial mövqe, Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxması, bununla bağlı beynəlxalq tədbirlər keçirməsidir. Ardınca isə Fransanın  Qafqazdakı "iştah dişinin sındırılması" prosesi gəlir ki, bu da çox uzaqda deyil. Beləliklə, Azərbaycan xəyalları ilə imkanları üst-üstə düşməyən Makronun da xoruzunu qoltuğuna verdi.

Ramidə YAQUBQIZI,

"Respublika".