Münasibətlər yeni perspektivlər vəd edir
Siyasət

Münasibətlər yeni perspektivlər vəd edir

Azərbaycanla Qazaxıstan arasında tarixən dostluq, qardaşlıq münasibətləri olub. Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra bu münasibətlər daha da inkişaf etdirilib.

Son dövrlərdə Türk Dövlətləri Təşkilatı tərkibində həm Azərbaycanın, həm də Qazaxıstanın aktiv iştirakına şahidlik edirik. Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələr üzrə inkişaf müşahidə edilir. Xüsusi olaraq, hər iki ölkənin prezidentlərinin şəxsi dostluq münasibəti bu əlaqələrin daha da inkişaf etdirilməsinə böyük təkan verir. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycan və Qazaxıstan demək olar ki, eyni mövqedən çıxış edirlər. Biz Xəzər dənizinin müxtəlif sahillərində yerləşən bu iki dövlətin yükdaşımaların iştirakında, həmçinin onun artırılmasında yaxından iştirakını görə bilirik. Azərbaycan Qazaxıstanla bütün sahillərdə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı Dövlətlərarası Ali Şuranın birinci iclasının keçirilməsi də münasibətlərin çox yüksək olmasından xəbər verir.

İkinci Qarabağ müharibəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edən dövlətlərdən biri də Qazaxıstan olub. Qazaxıstan tərəfindən Qarabağın yenidən qurulması və dirçəlməsi prosesinə töhfə olaraq, Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi məhz qardaş dövlətin maliyyə dəstəyi ilə həyata keçirilib. Bu da dövlətlər arasında münasibətlərin çox yüksək səviyyədə olmasının nümunəsidir. Qarabağda quruculuq prosesində yaxından iştirak etmək imkanı yalnız qardaş və dost ölkələrə yaradılıb. Bu baxımdan, düşünürəm ki, məhz Ramazan ayının ilk günündə prezident Kasım-Jomart Tokayevin Azərbaycana səfər etməsi və Prezident İlham Əliyevlə məhdud tərkibdə, Ali Dövlətlərarası Şuranın birinci iclasında geniş tərkibdə görüşlərin baş tutması çox faydalı olacaqdır. Əminəm ki, yaxın gələcəkdə münasibətlərimiz daha da inkişaf edəcəkdir.

Orta Dəhlizin inkişaf etdirilməsində Qazaxıstanın çox böyük rolu ola bilər. Çindən Avropaya uzanacaq yükdaşımalarının həcminin daha da artırılması Qazaxıstan üçün də maraqlıdır və rəsmi Astana bu yoldan daha aktiv istifadə etmək niyyətindədir. Gələcəkdə Qazaxıstan enerji resurslarının məhz Xəzər dənizinin dibi ilə Azərbaycana, buradan isə Avropaya nəqlini reallaşdırmaq üçün bir çox ideyalar səsləndirilib.

Düşünürəm ki, görüşlər zamanı bu məsələlər, məqsəd və hədəflər barəsində də geniş müzakirələr aparılıb. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi üçün sistemli şəkildə işlər görülür. Qazaxıstan da bu təşkilatın aparıcı dövlətlərindən biri hesab olunur. Bu baxımdan, bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi həm Azərbaycan, həm də Qazaxıstan üçün maraqlıdır. Qazaxıstan da Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə töhfələr verəcəkdir.

Yaxın illərdə hərtərəfli münasibətlərin, o cümlədən logistika, iqtisadiyyat, sosial, mədəni və siyasi sahədə əlaqələrin inkişafı üçün bu gün keçirilən görüşlərin mühüm önəmi var. Şübhəsiz ki, növbəti dövrlərdə də bu cür mötəbər görüşlər keçiriləcək və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri daha da genişlənəcək.

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.