Xalq öz qəhrəmanlarını unutmur
Region

Xalq öz qəhrəmanlarını unutmur

 Dağlar diyarı Lerikin Kələxan kəndində dünyaya göz açan  Əliqismət Mükafat oğlu Yaqublu Azərbaycan Ordusunun 44 günə zəfərlə başa çatdırdığı İkinci Qarabağ müharibəsində Vətən torpaqlarını erməni işğalından azad etməsində qəhrəmanlıq dastanı yazan igidlərdəndir. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı olan bu Vətən sevdalısı 5 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən ağır döyüş meydanında son damla qanına qədər vuruşub. 28 yaşında müqəddəs şəhidlik zirvəsinə ucalıb. Şərəfli ölümü Vətəninə, millətinə başucalığı gətirən Əliqismət Yaqublu milyonların ürəyinə köç etməklə əbədi bir həyat qazanıb.

Lerikin qartal balası adını ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”,  “Şücaətə görə”, “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin, Şuşanın, Xocavəndin, Kəlbəcərin azadlığına görə medalları ilə təltif edilib.

Əliqismət Yaqublunun həyat yolu bütün leriklilər üçün örnəkdir. Hər yerdə, hər zaman onun adını böyük ehtiramla çəkirlər. Burada onun xatirəsini yaşatmaq üçün lazımi işlər  görülüb.  Hər il olduğu kimi, yenə də doğum gününə leriklilər  qürur hissi ilə gəlmişdilər.   Doğma kəndi Kələxanda müqəddəs məzarı ziyarət olundu, önünə təzə gül-çiçək düzüldü. 

Onun haqqında söz düşəndə bildirildi ki, Əliqismət Vətəninə, torpağına bağlı cəsur, mərd bir oğul idi. Müharibədə göstərdiyi şücaətlə bir daha bizlərə Vətəni necə sevməyi öyrətdi.  Aramızdan vaxtsız-vədəsiz getsə də, gələcək nəsillərimiz üçün örnək olacaq bir qəhrəmanlıq nümunəsini qoydu.

 Şəhidin atası Mükafat Yaqublu xalqına minnətdarlıq edib dedi: - Torpaq yolunda şəhid olan oğlanların çiynində Vətən olur. Əliqisməti də şəhidlik zirvəsinə ucaldan bu amal oldu. Oğlum şəhid olana qədər təkcə mənim idi... İndi isə bütün xalq onu özünə iftixar bilir.

Zəfər ORUCOĞLU.