VİLVAN KƏNDİNDƏ ŞƏHİD BULAĞI
Region

VİLVAN KƏNDİNDƏ ŞƏHİD BULAĞI

Fikrət Səfərov Lənkəran rayonunun Vilvan kəndində halal, zəhmətkeş bir ailə başçısı kimi tanınır. Ömür-gün yoldaşı Gülbəniz xanımla iki oğul böyüdüblər. Nahid qardaşı İsgəndərdən iki yaş balacadır. 1996-cı ilin oktyabr ayının 2-də dünyaya göz açıb. Doğma kənddə orta təhsil alıb.

Şagird yoldaşı Vilvan ərazi dairəsi üzrə icra nümayəndəsi Yalçın Əzimzadə Nahidin uşaqlıqdan Vətənə, torpağa bağlılığından, vətənpərvərliyindən söhbət açdı. Bildirdi ki, Nahid Səfərov 2015-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Tovuzda cəbhə bölgəsində xidmət edib. Nümunəvi, intizamlı əsgər kimi Vətən qarşısında borcunu şərəflə yerinə yetirib. Komandirləri, əsgər yoldaşları arasında böyük hörmət, nüfuz qazanıb.

Nahid hərbi xidmətini başa vurmağa 3 ay qalmış düşmən snayperindən açılan atəş nəticəsində qəhrəmancasına şəhid olub. Doğma Vilvan kəndində torpağa tapşırılıb. El-oba xatirəsini həmişə əziz tutur. Kənddə evlərinin yerləşdiyi küçə onun adını daşıyır. Bu günlərdə həmin küçədə şəhidin xatirəsinə ehtiram əlaməti olaraq bulaq kompleksi tikilib istifadəyə verilib.

Şəhid bulağının açılışına həsr edilmiş mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, ziyalılar, ağsaqqallar, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbirdə Dövlət Himni səsləndirildi. Vətənin azadlığı, suverenliyi, torpaqlarımızın bütövlüyü və toxunulmazlığı yolunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

İcra başçısı Taleh Qaraşov şəhidin anası Gülbəniz Səfərova ilə birgə xatirə bulağının lentini kəsib Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid adlarının əbədiləşdirilməsinə və xatirələrinin ehtiramla yad olunmasına, şəhid ailələrinin problemlərinin həllinə daim həssaslıqla yanaşdıqlarını və hər zaman yüksək qayğı göstərdiklərini bildirdi. Şəhid ailələrinə diqqət hər birimizin borcudur. Bulaq inşa etmək nəcib və xeyirxah əməldir. Bulaqdan su içən hər kəs şəhidlərimizin ruhuna dualar oxuyacaq və onları ehtiramla xatırlayacaqdır, - deyə Taleh Qaraşov bildirdi.

Mərasimdə xeyriyyəçi Hacı Məhəmməd Məmmədov 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədə xalq-iqtidar birliyinin rolundan, Vilvan kəndindən Ədalət Hüseynovun, Qalib Zülfüqarlının və Nahid Səfərovun torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmasından, şəhidlərin daim ehtiramla yad edilməsindən danışdı.

 Şəhid atası Fikrət Səfərov "Zəfər Günü"nün şəhidlərin qisasının alındığı gün kimi yaddaşlara yazıldığını, şəhid ailələrinin dövlətimizin daim diqqətində olduğunu vurğulayıb göstərilən yüksək qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Mərasimdə Vilvan kənd tam orta məktəbinin şagirdlərinin ifasında Vətənə, şəhidlərə həsr edilmiş şeirlər səsləndi, şəhid Nahid Səfərovun ruhuna dualar oxundu.

Əlisəfa HƏSƏNOV,

"Respublika".