İki şəhidin doğum, iki şəhidin anım günü qeyd edildi
Region

İki şəhidin doğum, iki şəhidin anım günü qeyd edildi

Şirvan şəhərində Vətən müharibəsinin şəhidləri Bəxtiyar İslamovun, Emil Hümbətovun anım, Röyal Məmmədovun, Əli Mənəflinin doğum günü qeyd olundu. Şirvan Şəhər Şəhidlər Xiyabanında şəhidlərin məzarı ziyarət olundu. Mərasim iştirakçıları şəhid məzarlarının önünə tər qərənfillər düzüb, onlara Allahdan rəhmət, ailələrinə səbir dilədilər.

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov Vətən müharibəsinin şəhidləri Bəxtiyar İslamovun, Emil Hümbətovun, Röyal Məmmədovun və Əli Mənəflinin məzarları qarşısında belə qəhrəman, mərd və şücaətli oğul böyütdükləri üçün şəhidlərin valideynlərinə minnətdarlığını bildirdi. Torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən igidlərimizin, şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını vurğuladı. İcra başçısı Qalib Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 gün ərzində dünyanı heyrətə salan döyüş əməliyyatlarından və nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən danışdı. Ölkə başçısının diplomatik görüşlərdə qazandığı uğurlardan, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi tarixi xidmətlərindən söz açdı. Şirvan şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına göstərilən hörmət və ehtiramdan, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etdi. Şəhidlərimizə və onların ailələrinə göstərilən ehtiramın hər bir azərbaycanlının mənəvi borcu olduğu diqqətə çatdırıldı.

  Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif çıxış edərək, Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu bildirdilər. Şəhidlərimizin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyəsində xüsusi əhəmiyyəti olduğu qeyd edildi.

Sonra “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Vətən müharibəsinin şəhidləri Röyal Məmmədovun, Əli Mənəflinin doğum günü münasibətilə tədbir keçirildi. Vətənimizin müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Röyal Məmmədovun, Əli Mənəflinin həyat yolundan, döyüşlərdəki xidmətlərindən söz açıldı. Şəhidlərin doğmaları və dostları şəhid övladları haqqında əziz xatirələrini bölüşdülər. Tədbirin sonunda şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

                                             Tofiq HÜSEYN,

                                            “Respublika”.