Şeyxülislam: Azərbaycanın qlobal ideyaları bütün bəşəriyyətin mənafeyinə xidmət edir
Mədəniyyət

Şeyxülislam: Azərbaycanın qlobal ideyaları bütün bəşəriyyətin mənafeyinə xidmət edir

Dünyanın humanitar ideya mərkəzlərindən biri olan Azərbaycan qlobal məsələlərlə bağlı beynəlxalq əhəmiyyətli zirvə görüşlərinə uğurla ev sahibliyi etməkdədir. Azərbaycanın multikultural dəyərləri təşviq edən qlobal ideyaları bölgənin, həmçinin bütün bəşəriyyətin mənafeyinə xidmət edir.

"Respublika" xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakının ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan Dini liderlərin Bakı görüşündə səsləndirib.

Şeyxülislam vurğulayıb ki, müxtəlif mədəniyyətlərin bir arada olması Rəbbimizin təqdiridir və bizim bir-birimizi daha yaxşı tanımağımıza xidmət edir.

“Bu gün dünyada sabitlik və təhlükəsizliyə qarşı yönəlmiş beynəlxalq terrorizm, ksenofobiya, antisemitizm, xristianofobiya, islamofobiyanın qarşısının alınmasında dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı hər zamankından daha vacibdir. Lakin real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq. Təəssüf ki, gərgin geosiyasi amillərlə yanaşı, teopolitik hədəflər gündəmə gətirilir. Halbuki təhlükə dindən deyil, dinin siyasiləşdirilməsindən irəli gəlir”, - deyə QMİ sədri diqqətə çatdırıb.