Yuxarı Şirvan kanalında təmir
Region

Yuxarı Şirvan kanalında təmir

İşlər başa çatdıqdan sonra ətraf rayonlarda 150  min hektar əkin sahələrini suvarmaq mümkün  olacaq

Suvarma mövsümü  yaxınlaşdıqca ölkədəki meliorasiya, irriqasiya, suvarma obyektləri  bir  daha   nəzərdən  keçirilir, ehtiyac   varsa, təmir edilir. Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bildirir ki, 1958-ci ildə istismara verilən Yuxarı  Şirvan  Kanalı respublikanın ikinci ən böyük magistral suvarma kanalıdır. 1961-ci ildə kanalın ikinci hissəsi   də istismara verilib. Uzunluğu 122 kilometr olan kanalın maksimum su sərfi saniyədə  78  kubmetrdir. Mənbəyini Mingəçevir  Su Anbarından  götürən kanal  Kür çayının sol sahilindən keçir. Kanalın  istismara  verilməsi Şirvan düzündə öz axını  ilə suvarılan sahələrin su ilə təmin olunmasına şərait yaradır. Kanaldan su ilə təmin olunan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və  Şamaxı rayonlarının 150 min hektar torpaq sahələri suvarma suyu ilə təmin edilir. Kanalın istismarını həyata keçirən Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən hər il olduğu kimi, bu il də təmir-bərpa işləri aparılır. Hazırda görülən işlər sel sularının ötürülməsinə xidmət edir.

Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən bu ilin əvvəlindən etibarən torpaq məcrada 25 min kubmetr   lildən təmizləmə işləri,  çay məcralarında isə 30 min kubmetrə yaxın tənzimləmə işləri  aparılıb. İdarənin balansında olan 52 ədəd selötürücü və 36 ədəd suburaxıcının giriş və çıxış hissələrində əl ilə lildən təmizləmə işləri yerinə yetirilib. Hərəkəti boyu səkkiz çay üzərindən keçən kanalın hazırda Türyançayla kəsişməsində növbəti işlər həyata keçirilir. Belə ki, idarənin texnikaları vasitəsilə kanalın Ağdaş rayonu ərazisindən keçən hissəsində, torpaq bəndlərdə mühafizə tədbirləri aparılır.

Qeyd edək ki, Yuxarı Şirvan Kanalının üzərində  Əliciançay, Türyançay, Göyçay, Girdimançay, Ağsuçay, Dəvəbətançay və Nəzriçayla  kəsişdiyi yerlərdə mürəkkəb  konsturuksiyalı 6 ədəd dükerlər və 2 ədəd akveduk tikilib. Ümumiyyətlə,  kanal  üzərində sadə və mürəkkəb konstruksiyalı 129 ədəd qurğu  tikilib. Hazırda kanala saniyədə 62  kubmetr    su götürülür və limit əsasında yuxarıda adıçəkilən rayonların suvarma sistemləri idarələrinə çatdırılır. 

Nəriman  CAVADOV,

“Respublika”.