Vətənə şərəflə xidmət
Sosial həyat

Vətənə şərəflə xidmət

Mayor Əfqan Qaraxan oğlu Hüseynov 24 fevral 1963-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1978-ci ildə 109 saylı orta məktəbin səkkizinci sinfini bitirib C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. Liseydə təhsilini başa vurduqdan sonra, Bakı Ümumqoşun Komandirlər Məktəbinə qəbul olunmuş və oranı bitirdikdən sonra tağım komandirinin müavini təyin edilmişdir. 1984-cü ildə leytenant hərbi rütbəsi almışdır.

1985-1987-ci illərdə Əfqanıstanda gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Onun döyüş xidməti yüksək qiymətləndirilmiş, "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir. Əfqan 1986-cı ildə baş leytenant rütbəsinə yüksəlir. 1988-ci ildə C.Naxçıvanski adına Bakı hərbi təmayüllü məktəbə tərbiyəçi bölük komandiri təyin edilir və növbəti kapitan hərbi rütbəsini alır. Yüksək dərəcəli biliyə malik bir zabit olduğu nəzərə alınaraq Əfqan 2 dekabr 1991-ci ildə Dövlət Təhlükəsizlik Komitəsində baş zabit vəzifəsinə təyin olunur.

1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Milli Qvardiyasının yaranması ilə əlaqədar olaraq bir çox bacarıqlı zabitlər Qvardiyanın təşkili işlərinə cəlb ediləndə Əfqan Hüseynov da 21 yanvar 1992-ci ildə bura daxil olmuş və qulluq etdiyi müddət ərzində bacarıqlı zabit kimi fərqlənmişdir.

O, bütün bacarıq və biliyini müstəqil Azərbaycan Respublikasının ilk hərbi qurumlarından olan Milli Qvardiyanın formalaşmasına sərf etmişdir. Milli Qvardiyanın şəxsi heyəti erməni təcavüzkarlarına qarşı gedən döyüş əməliyyatlarında həmişə fərqlənirdi. Elə 1992-ci ilin iyun ayında Füzuli bölgəsində yaranan ağır vəziyyət zamanı da xüsusi fəallıq göstərmişdi. Milli Qvardiyanın bacarıqlı zabitləri və şəxsi heyəti, o cümlədən Əfqan döyüşə girərək erməni birləşmələrinə zərbə endirmiş, düşmənin hücumunun qarşısını almışdı. Bu döyüşlərdən sonra Əfqan Hüseynov mayor hərbi rütbəsinə layiq görülmüşdü.

Gündən-günə mətinləşən, yüksək döyüş hazırlığına yiyələnən Milli Qvardiyanın nəzdində yeni alay yarananda bura ilk komandir Əfqanıstan müharibəsində böyük döyüş təcrübəsinə malik mayor Əfqan Hüseynov təyin edilir. Təcrübəli komandir Milli Qvardiyanın rəhbərliyinin köməyi və özünün təşkilatçılıq bacarığı ilə alayın şəxsi heyətinin döyüş hazırlığını və təlimini qısa bir vaxt ərzində lazımi səviyyəyə çatdırır. Lakin cəbhə bölgəsində yaranmış acınacaqlı vəziyyət yeni yaranmış alayın şəxsi heyətinin tam komplektləşdirilməsinə imkan vermir.

Qubadlı, Laçın bölgələrində yaranmış gərginliklə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1992-ci il oktyabrın 26-da alayın şəxsi heyəti, eləcə də alay komandiri mayor Əfqan Hüseynov döyüş bölgəsinə göndərilir. Alay komandirinin iştirakı ilə şəxsi heyət bu bölgədə düşmənlə üzbəüz durmuş, hücumların qarşısını almış və oktyabrın 31-də alay əks-hücumla düşmənin bir çox mövqelərini ələ keçirmiş, əsas qüvvəsini məhv edib, öz döyüş mövqelərini möhkəmləndirmişdi. Bu döyüşdə alay komandiri mayor Ə.Hüseynov xüsusi fədakarlıq göstərmişdi. Bacarıqlı igid komandir Milli Qvardiyanın adını yüksəkliklərə qaldırmışdı. Lakin 1992-ci il noyabrın 1-də alayın düşmən üzərinə yeni hücumu zamanı aldığı güllə yarasından gözlərini əbədi olaraq yumur və Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilir.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Əfqan Qaraxan oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 9 mart 1995-ci il tarixli 63 saylı əmri ilə Azərbaycanın Milli Qəhrəmanı mayor Hüseynov Əfqan Qaraxan oğlu əbədi olaraq Milli Qvardiyanın şəxsi heyətinin siyahısına salınmışdır.

M.MİRZƏ,

"Respublika".