Tariximizin qanlı səhifələrindən: Başlıbel faciəsi
Tarix

Tariximizin qanlı səhifələrindən: Başlıbel faciəsi

Xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti son iki yüz illik tariximizin faciələrlə dolu çox ağrılı səhifələrini təşkil edir. İki əsr bundan əvvəl erməni millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi yurd yerlərindən qovmaq, əzəli torpaqlarımızda uydurma "böyük Ermənistan" dövləti yaratmaq olub. Ermənilərin xalqımıza qarşı törətdikləri faciələrdən biri 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində olub. Həmin faciədən 31 il ötür.

1993-cü il aprelin əvvəllərində Kəlbəcər Ermənistan tərəfindən işğal ediləndən sonra Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş, düşməndən qorunmaq üçün dağlara çəkilmiş və kahalarda cəmi 18 gün gizlənə bilmişdilər. Aprelin 18-də erməni silahlı dəstələri sakinlərin sığındığı yerləri aşkarladıqdan sonra 18 nəfəri qətlə yetirmiş, 14 nəfəri isə girov götürmüşlər.

Sağ qalan 30 nəfər yalnız gecələr hərəkət edir, gündüzlər isə gizlənirdilər. Onlar 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa bildilər.

Qeyd edək ki, Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən olan Başlıbelin tarixi, mədəni və dini obyektləri ermənilər tərəfindən dağıdılaraq məhv edildi.

Başlıbel faciəsinin araşdırılması həmişə diqqətdə saxlanılıb. 2017-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə "Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə" kitabı nəşr edilib. Azərbaycan və ingilis dillərində buraxılan nəşrdə Başlıbel kəndində törədilmiş qırğın haqqında canlı şahidlərin, mühasirədə qalanları xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri yer alıb. Başlıbel faciəsi haqqında məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatına da daxil edilib.

Erməni şovinistləri Azərbaycan və türk xalqına qarşı hər zaman düşmən mövqedə olublar. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində araşdırmalar genişləndirilir, təkzibolunmaz arxiv sənədləri, soyqırımları və ermənilərin digər cinayətlərini təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Belə ki, 2021-ci ilin fevralında Şuşa rayonunun Daşaltı kəndində 7 nəfərin basdırıldığı kütləvi məzarlıq tapılıb. 2021-ci ilin aprelində Başlıbeldə də belə məzarlıq, 2022-ci ilin martında isə Xocalı rayonunun Fərrux kəndində meyit qalıqları aşkar edilib. Həmin ilin sentyabrında Xocavənd rayonunun Edilli kəndində 18 nəfərə aid insan qalıqları aşkar edilərək kütləvi məzarlıqdan çıxarılıb. Bu il fevralın 21-də isə Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntılar zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlanıb.

Bütün bu faktlar, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinin məlum olmaması ermənilərin insanlıq əleyhinə ağır cinayətlərindən xəbər verir. Bu cinayətlərə görə erməni vandalları və terrorçuları mütləq beynəlxalq hüquq və ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində xalqımız böyük Zəfər qazandı. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün vəhşi hərəkətlərin cavabı məhz 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını Azərbaycan Ordusu döyüş meydanında alaraq düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Kəlbəcər rayonu bir güllə atılmadan, şəhid vermədən düşmən tapdağından azad edildi. Baş Planı təsdiq olunmuş Kəlbəcərdə hazırda geniş tikinti-quruculuq işləri həyata keçirilir.

"Respublika".