Azərbaycanlıların doğma yurdlarından deportasiyası
Tarix

Azərbaycanlıların doğma yurdlarından deportasiyası

Keçən əsrin əvvəllərində Cənubi Qafqazda ilk erməni dövlətinin yaradılması ilə Azərbaycanın tarixində çox ciddi problemlər yaşanmışdır. Azərbaycan ərazilərinə XIX əsrdən köçürülərək məskunlaşdırılmış ermənilər üçün yaradılmış Ermənistan dövləti tərəfindən azərbaycanlı əhalinin doğma torpaqlarından dəfələrlə deportasiya edilməsi xalqımızın tarixi faciəsinə çevrilmişdir.

Xatırladaq ki, 1918-ci ilin mayında Cənubi Qafqazda üç müstəqil dövlət - Gürcüstan, Azərbaycan və Ermənistan dövlətləri yarandı. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti az bir müddətdə - cəmi 23 ayda qanunlar, qərarlar qəbul etməklə, dövlətin inkişafı və möhkəmləndirilməsi istiqamətində fəaliyyətə başladı. Ermənilər bu zaman İrəvan şəhəri də daxil olmaqla onlara verilən 9,8 min kvadratkilometr ərazidə yaratdıqları dövlətin taleyini düşünmək əvəzinə, Azərbaycan xalqına qarşı terror və etnik təmizləmə yolunu seçərək ağır faciələr törətdilər.

XX əsrin əvvəllərində Cənubi Qafqazda milli azadlıq hərəkatlarının genişlənməsi ideoloji və hərbi cəhətdən təşkilatlandırılmış ermənilər üçün əlverişli məqama çevrildi. Azərbaycana qarşı əsassız ərazi iddiaları və etnik təmizləmə ilə məşğul olan ermənilər separatçılığa əl atdılar. Ermənistan hökuməti inzibati-ərazi məsələsini silah gücünə həll etməyə üstünlük verdi. Azərbaycan və Gürcüstan torpaqları hesabına öz ərazisini genişləndirmək siyasəti - "böyük Ermənistan" ideyası altında etnik təmizləmə, deportasiya və soyqırımı aktları ilə davam etdirildi.

1918-1920-ci illərdə Azərbaycan əraziləri Ermənistan silahlı dəstələrinin təcavüzünə məruz qaldı. Silahlandırılmış erməni dəstələri tərəfindən yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, yüz minlərlə insan öz torpaqlarından qovularaq qaçqına çevrildi. Belə ki, İrəvan quberniyasında və Azərbaycanın ayrı-ayrı bölgələrində 1918-ci il mart-aprel aylarında ermənilərin törətdiyi deportasiya və soyqırımı nəticəsində azərbaycanlı əhali vəhşiliklə qarşılaşdı. İndiki Ermənistan ərazisində, ermənilərin sıxışdırıb çıxarmaq və yerlərini tutmaq məqsədilə hücum etdikləri yüzlərlə azərbaycanlı kəndi yandırıldı, dağıdıldı. Soyqırımından xilas olan əhali Şimali və Cənubi Azərbaycanda və Türkiyədə sığınacaq tapdı.

Deportasiyaya məruz qalmış əhalinin öz tarixi torpaqlarına, ata-baba yurdlarına qayıtması problemi AXC hökuməti dövründə həll olunmamış qaldı. Problemin həlli Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da mümkün olmadı.

SSRİ yaranana qədər (1922-ci il) öz tarixi torpaqları olan Qərbi Azərbaycana (indiki Ermənistana) qaçqın əhalinin yarıdan azı - cəmisi 100 min azərbaycanlı türk qayıda bildi. Onlar dağıdılıb xarabaya çevrilmiş kəndlərdə özlərinə yenidən yaşayış yeri yaratsalar da, bu, çox da uzun sürmədi. 1948-1953-cü illərdə 200 min azərbaycanlı ailəsi öz ata-baba yurdları Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) deportasiya edildi.

Onların yerinə xaricdən ermənilər köçürüldü. Bununla da, Ermənistan adlanan respublika ərazisində ermənilərin sayının əsasən kənardan köçürülmə ilə süni şəkildə artırıldı. Əsas məqsəd xaricdən gələn ermənilər üçün yer hazırlamaq deyil, azərbaycanlıları oradan çıxarmaq idi. Bu proses Sovet imperiyası dövründə müxtəlif adlar altında davam etdirildi.

Əsassız ərazi iddialarının genişləndirilməsi üçün xarici ölkələrdən Ermənistana yeni erməni ailələrinin gətirilməsinə başlandı. Ermənistana xarici ölkələrdən 1920-ci ildən 1961-ci ilin ortalarınadək 200 min, 1962-1973-cü illərdə isə 26 min 100 nəfərdən çox erməni gətirilmişdi. 1962-ci ildən etibarən Azərbaycan SSR-in "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Ermənistana birləşdirilməsinə dair şayiələr yaymağa başlamışdılar ki, bu da təxribat xarakteri daşıyırdı. DQMV-nin Ermənistana birləşdirilməsinə dair imza toplanırdı. Bu hərəkətlərin qarşısının alınması üçün tədbirlər görülsə də, əsassız ərazi iddialarını dayandırmaq mümkün olmadı. Bu iddialar əsasən xarici ölkələrdən dəstəklənirdi.

Azərbaycan torpaqlarında bolşeviklərin himayəsi ilə özlərinə respublika qurmuş, sonrakı dövrdə də ərazilərimizi hissə-hissə qoparmağa adət etmiş, soydaşlarımızın tarixi vətənlərindən növbəti deportasiyasına nail olmuş ermənilərin ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra əlləri boşda, niyyətləri gözlərində qalmışdı. Ulu öndərin Qarabağda erməni separatizminə qarşı mübarizəsi düşünülmüş, milli maraqları əks etdirən siyasətə əsaslanırdı. Ümummilli lider Heydər Əliyev hələ Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən ermənilərin DQMV-də gizli fəaliyyətlərinə qarşı lazımi tədbirlər görülmüşdü. Ulu öndər Azərbaycan KP MK-nın Birinci katibi seçildikdən sonra vilayətin sosial-iqtisadi inkişafına dair müvafiq tədbirlərlə ermənilərin hər hansı bir narazılığına bəhanə yeri qoymamışdı.

Ermənilər 1988-ci ildə "böyük Ermənistan" uydurmasını yenidən ortaya ataraq "miatsum" (birləşmək) çağırışları ilə əsassız ərazi iddialarını canlandırdılar. Tarixi ata-baba yurdlarından, öz tarixi-etnik torpaqlarından - Qərbi Azərbaycandan türk-müsəlman əhali deportasiya edildi. Beləliklə, Ermənistandan 1988-ci ildə 300 min azərbaycanlının deportasiya edilməsi əsasən başa çatdırıldı.

Bu zaman Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində gizli döyüş silahları paylandı, azərbaycanlılardan isə ov tüfəngləri belə yığıldı. Azərbaycan xalqı kifayət qədər hazırlıqlı Ermənistan hərbi qüvvələrinə qarşı müqavimət imkanından məhrum oldu. Azərbaycan uzun illər boyu ölkəmizə və xalqımıza qarşı dəfələrlə ekspansiya, qırğın, deportasiya və soyqırımı kimi hərbi-siyasi əməliyyatlar həyata keçirən dövlətin qarşısında yenidən hədəfə çevrildi. Ermənistan hərbi qüvvələrinin təcavüzü ilə başlanan Birinci Qarabağ müharibəsində 20 mindən artıq azərbaycanlı həlak oldu. Üstəlik, ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğalçı Ermənistan ilk hücumları zamanı Azərbaycan Respublikasının 360 kilometrlik sərhədini pozdu, Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 kilometr olan Azərbaycan-İran sərhədini nəzarət altına aldı. İşğal nəticəsində 2 şəhər, 1 qəsəbə, 53 kənddə yaşayan 50 minədək azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən qovuldu. Ermənistandan, eləcə də Qarabağdan 1 milyonadək azərbaycanlı əhali qaçqın və məcburi köçkünə çevrildi. Ermənistan hərbi qüvvələri Azərbaycan Respublikasına məxsus 890 şəhər, kənd və qəsəbəni, 102 min yaşayış evini, 7 min ictimai binanı, 693 ümumtəhsil məktəbini, 695 səhiyyə ocağını, 800 kilometr avtomobil yollarını, 160 körpünü, 23000 kilometr su kəmərini, 156 min hektar əkin sahəsini, 464 tarixi abidə və muzeyləri qarət etdi, yandırdı, dağıtdı.

Unutmaq olmaz ki, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları ilə bağlı siyasəti planlı şəkildə həyata keçirilmişdir. Belə ki, daimi vətəni olmayan ermənilər vaxtilə köçürüldükləri ərazilərə sahib çıxmaq üçün müxtəlif vasitələrə əl atmış, ilk növbədə, məskunlaşdıqları ərazilərin onlara məxsus olmasını sübut etmək üçün saxta tarix uydurmuş, süni ideologiya yaratmışlar. Ermənistan zaman-zaman Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək, planlarını reallaşdırmaq üçün müxtəlif vasitələrə - təşkilatlanma, təbliğat, təzyiq, deportasiya və hərbi üsula əl atmışdır. Bu istiqamətdə yaratdıqları ideologiyaya uyğun olaraq ermənilərin həyata keçirdiyi separatçılıq, etnik təmizləmə və deportasiyalar Azərbaycana böyük bəlalar gətirmişdir.

Ümumiyyətlə, ermənilər azərbaycanlılara qarşı 1905-1906-cı illərdə kütləvi qırğınlar törətmiş, azərbaycanlıların 1948-1953-cü və 1988-ci illər deportasiyalarına, 1990-cı il 20 Yanvar qırğınına səbəb olmuşlar. Ermənistan 1918-ci il Mart, 1992-ci il Xocalı soyqırımı törətmişdir. Göründüyü kimi, Ermənistan təkcə XX əsrdə azərbaycanlılara qarşı üç dəfə deportasiya, iki dəfə soyqırımı törətmişdir.

Ermənistanın on illərlə hazırlaşıb dörd il müddətində işğal etdiyi əraziləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər milli ordumuz 44 gün ərzində azad etdi. Ermənistan hərbi qüvvələrinin hücumu ilə məcburi köçkün həyatı yaşamağa məcbur olan əhali indi öz doğma yurdlarına qayıdır. İnanırıq ki, bundan sonra, vaxtilə Qərbi Azərbaycandan məcburi şəkildə, vəhşiliklə deportasiya edilmiş azərbaycanlılar öz ata-baba yurdlarına qayıdacaqlar.

Qasım HACIYEV,

AMEA Qafqazşünaslıq İnstitutu

Qafqaz tarixi şöbəsinin müdiri,

tarix üzrə elmlər doktoru.