Böyük Qələbə yaxınlaşırdı...
Tarix

Böyük Qələbə yaxınlaşırdı...

Üç il qabaq, 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi xalq, millət kimi hər birimizin qəlbində illərlə qubar bağlamış yurd, torpaq itkisinə son qoydu. 30 il sürən işğal dövründə Ermənistan ölkəmizə, millətimizə xas maddi-mənəvi dəyərlərimizi, abidələrimizi məhv etmişdi. Rayonlarımız, kəndlərimiz tanınmaz hala salınmışdı. 44 günlük İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüz bərpa olundu. Düşmən tapdağında olan şəhər və kəndlərimizi azad etdik. Hər günü bir zəfər dastanı olan tarix yaşadıq. Tarixləşən günlərdən biri də qəhrəmanlar diyarı, igidlər oylağı, məğrur Qubadlının qismətinə düşdü.

Toponimlərə əsasən deyə bilərik ki, Qubadlı rayonunun adı V-VI əsrlərdə yaşamış Sasani hökumdarı I Qubadın adı ilə bağlıdır. Rayon eyniadlı kəndin əsasında təşkil olunsa da, yalnız 1960-cı illərin əvvəllərində rayon statusu alıb. Qədim insan məskənlərindən biri olan rayon ərazisində yerləşən mağara və sığınacaqlarda onun qədimliyini sübut edən əlamətlər hələ də qalmaqdadır. Çətin, keçilməz qayalar üzərində salınan müdafiə istehkamları, keşikçi qalalarının qalıqları bu günümüzə kimi gəlib çatıb. Kəndlərin əksəriyyəti Həkəri və Bərgüşad çaylarının ətrafında yerləşir. Rayon ərazisi təbii sərvətlər baxımından da zəngindir. Bolsulu, gözəl meşəli, min bir dərdin dərmanı olan bitkiləri, yeraltı-yerüstü təbii sərvətləri rayonu cənnətin bir guşəsinə çevirib sanki. Qubadlının əzəmətli dağları başının tacı, palıd meşələri təmiz nəfəsi, sərin dağ çayları, buz bulaqları sevincdən yaşaran göz yaşlarıdır. Belə bir yurd yerinin düşmən tapdağında inləməsi, talan edilməsi isə dözülməz idi.

Strateji baxımdan Qarabağın mühüm ərazilərindən olan Qubadlı rayonu həmişə düşmənin maraq dairəsində olub. Çünki rayon Qarabağla Ermənistanın arasında yerləşir. Bu baxımdan, ermənilər ərazidən gizli keçid yaratmaq və silah daşımaq niyyətində idilər. Münaqişənin başladığı ilk vaxtlarda, 1989-cu ilin sentyabr ayında ermənilərin Gorus istiqamətində, Yazı düzü yolu ilə 150-160 avtomobil olmaqla Qubadlı ərazisinə yaxınlaşdıqları haqda məlumatlar yayıldı. Rayonun əhalisi bir nəfər kimi ayağa qalxıb düşməni elə ilk addımda sərhəddən geri qaytardı. Bəli, bu əliyalın qubadlılıların qəhrəmanlığının yalnız bir nümunəsidir. Bütün dövrlərdə Qubadlı igid oğulları, qəhrəmanları ilə tarixdə iz salıb. Baxmayaraq ki, Birinci Qarabağ müharibəsi zamanı digər rayonlarımız kimi, Qubadlı da xəyanətin, satqınlığın və yarıtmaz hakimiyyətin qurbanı olaraq düşmən işğalına məruz qalıb. Ancaq qubadlılılar, bir an belə doğma yurda qayıdacaqlarına inamlarını itirməyiblər. Çünki bu torpaq hələ qədimdən haqsızlığa, zülmə və ədalətsizliyə qarşı mübarizə aparan mərd oğullar yetişdirib. Sonrakı dövrdə də istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi zamanı Qubadlı camaatının qəhrəmanlığı, mərdliyi özünü daha bariz şəkildə büruzə verib. Qubadlı Milli Qəhrəmanlar Əliyar Əliyev, Şükür Həmidov və general Mais Bərxudarov kimi igidlər yetişdirib. Onlar öz xidmətləri ilə Azərbaycan hərb tarixində qəhrəmanlıq, igidlik salnamələri yazıblar.

Qubadlı 1993-cü il avqust ayının 31-də ağır döyüşlərdən sonra 1 şəhər və 93 kənd olmaqla düşmən tərəfindən işğal olunub. Rayon işğal nəticəsində tamamilə dağıdılıb, talan edilib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb. Ərazidə yüzdən artıq tarixi və mədəni abidə ermənilər tərəfindən məhv edilib. Qubadlı Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan 5 mindən çox nadir eksponat talan edilib. Onlarla tarixi dini abidələr təhqir edilərək donuz tövləsinə çevrilib, bir sözlə mənfur ermənilər rayonun ərazisində yerli azərbaycanlıların izini sübut edən nə varsa hamısını məhv etməyə çalışıblar. Rayon ərazisində qədim daş dövrünə aid abidələri içərisində Bərgüşad çayı sahilində yerləşən mağaranı, rayon mərkəzindən 20 kilometr şimalda yerli əhalinin dini inanc yeri olan "Ağ kaha" və "Qara kaha" mağaralarını, Balahəsənli, Əliquluuşağı kəndlərində və Gavur dərəsində mağara məbədlərini xüsusilə qeyd etmək olar. Tunc dövrünə aid abidələr içərisində isə Muradxanlı kəndində "Maltəpə" yaşayış məskənini, Teymur Müskanlı və Əliquluuşağı kəndləri ətrafında siklopik qalaları, kurqanları, Qalaça, Qız qalası, Koroğlu qalası, Qubadlı şəhərinin mərkəzində "Xırman yeri" təpəsi və digər tarixi yurd yerlərini göstərmək olar. Qubadlının işğalı nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb. İşğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb talan ediblər. Aşağı Mollu və Həmzəli yaşayış məntəqələrinin hər birində 9, Əliquluuşağı kəndində 5, Gavur dərəsi deyilən ərazidə isə IV əsrə aid 1 mağara, beşinci yüzilliyin yadigarı Göyqala, Muradxanlıda Qalalı qalası, Xocamsaxlıdakı tarixi abidələr düşmən əsarəti altına düşüb. Düşmən bütün qüvvəsi ilə bu yerlərin qədim tarixini yer üzündən silməyə çalışıb. Lakin unudub ki, nə qədər məhv edib, silməyə çalışsa da barlı, bərəkətli Qarabağ torpaqları yenə də Vətən oğlunun əllərində çiçək açacaq.

30 il düşmən işğalında hər cür zülm və terrora məruz qalan Qubadlı 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi nəticəsində azadlığına qovuşdu. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 29-cu günündə-25 oktyabr 2020-cı il tarixdə Qubadlı rayonunu işğaldan azad etdi. Rayonun azad edilməsi bizi böyük qələbəyə daha da yaxınlaşdırdı. Çünki ermənilərin şəhərdə qurduğu keçilməz istehkamları və vacib yüksəklikləri igid döyüşçülərimiz tam nəzarətə götürdü. Bu mənada, Qubadlı əməliyyatı olduqca əhəmiyyətli və xüsusi peşəkarlıq tələb edən döyüş idi. Zəngəzur dağları ilə Qarabağı birləşdirən körpü olan Qubadlı həm də Laçın dəhlizinə gedən yol idi. Bəli, Zəfər tariximizdə Qubadlıdan başlanan yol bizi daha böyük qələbələrə apardı. Şuşanın, Laçının, Kəlbəcərin işğaldan azad edilməsinə böyük təkan verdi. Şərəfli tarixin zəfər yollarında üzü qədim Qarabağ torpaqlarına sarı yol aldıq. Yola çıxan qəhrəmanların önündə isə güclü sərkərdə, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev gedirdi. 2020-ci il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar. Səfər zamanı Prezident İlham Əliyev Qubadlı haqqında demişdi: "Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı".

Ramidə YAQUBQIZI,

"Respublika".