Rəvayətlər, xam xəyallar, xəbis niyyətlər məhv edildi
Tarix

Rəvayətlər, xam xəyallar, xəbis niyyətlər məhv edildi

27 sentyabr -tarixi Zəfərə gedən yolun başlanğıcı

Xalqımızın tarixində deportasiya, işğal, soyqırımı, məcburi köçkünlük, humanitar fəlakət kimi ağır yaralar, erməni zülmü ilə qarşılaşan insanların yurd həsrəti, ümidlərin solması gələcək taleyimizi sual altında qoymuşdu. Azərbaycan iğtişaşlar, etirazlar, mitinqlər, vətəndaş qarşıdurması, ideyalar müharibəsi poliqonuna çevrilmişdi. Fəlakət qapının ağzındaydı, müstəqilliyini yenidən bərpa edən xalqımız onu itirmək təhlükəsi ilə üzləşmişdi. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bizi gözləyən bütün bəlaların qarşısına möhkəm sipər çəkdi. Erməni işğalının ağır nəfəsi artıq Mil-Muğan düzlərində hiss olunurdu. İnsanlar naümid qalmışdılar, yurdundan didərgin salınan insanların köçü Bakıya çatmışdı. Belə ağır və qorxulu bir vəziyyətdə, 1994-cü ilin yanvar ayının əvvəllərində hələ tam formalaşmamış milli ordunun bölmələri cəbhədə əks-hücuma keçərək Füzuli rayonunun 22 yaşayış məntəqəsini və Horadiz qəsəbəsini erməni işğalından azad etdilər. 1988-ci ildən başımızın üzərinə çökən erməni kabusu, onların işğal planları ağır və sarsıdıcı zərbə aldı. Zamanın kəşməkeşləri və həyatın gerçəklikləri sübut etdi ki, doğma xalqını xilas edən və qələbənin təməlini qoyan Heydər Əliyev liderlik missiyasını şərəflə yerinə yetirdi və Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardı. Ən əsası isə türk birliyini mükəmməl ifadə edən "bir millət, iki dövlət" siyasi düsturunu yaratdı. Sonra Azərbaycanda yeni bir dövr başlandı.

2003-cü ildə xalqımızın etimadı ilə Prezident seçilən İlham Əliyevin fəaliyyəti göstərdi ki, paralanmış və yaralanmış torpaqlarımızın işğaldan azad edilməsi üçün yeni bir mücadilə başlanılıb. Sərkərdə fədakarlığı, şəhid qanı ilə qazanılan tarixi qələbə ədaləti - Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Silahlı qüvvələrimizin bölmələrinin qanını və canını Vətən yolunda əsirgəməyən igid oğullarının hayqırtısı, Qalib Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, informasiya cəbhəsində mübarizəsi nəticəsində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi bütün dünya erməniliyinin başı üzərində ildırım kimi çaxdı və gözlərində şimşək kimi parladı. "dənizdən-dənizə", "miatsum", "Artsax", "öz müqəddəratını təyinetmə" kimi dünyaya sırınmış erməni yalanları, məğlubedilməzlik mifi, xain və xəbis erməni niyyətləri birdəfəlik məhv edildi. Buna qədər isə dövlətimizin başçısı iqtisadi, hərbi sənaye, peşəkar ordu quruculuğu sayəsində sözün əsl mənasında inqilab etdi, dünyada sözünə və imzasına hörmət edən güclü siyasi lider kimi tanındı. Məhz bu yüksək siyasi keyfiyyətlər qələbə modelinin əsasını təşkil edir. Dünyanı bürümüş erməni yalanlarını cəsarətlə ifşa edərək güc mərkəzləri tərəfindən unudulmuş Azərbaycanın haqqını, həqiqəti və ədaləti bərpa edən Qalib Ali Baş Komandan vaxtilə yardım alan Azərbaycanı yardım edən ölkə kimi bütün dünya tanıtdı. Bir kəndimizi qorumaq üçün quş tüfənginin ümidinə qalan ölkə indi ən müasir silahlara və çox güclü orduya malik bir dövlət kimi inkişafın və tərəqqinin zirvəsinə doğru irəliləyir. Bütün ermənilərin, dünyanın hər yanına xərçəng kimi yayılan erməni lobbisinin, din xadimlərinin, beynəlxalq miqyaslı erməni terrorçuların Qarabağ uğrunda apardıqları iki əsrlik mübarizəyə Azərbaycan cəmi 44 günə son qoydu.

Sentyabr hərb tariximizə İkinci Qarabağ müharibəsinin başlanması və cəmi 23 saat davam edən lokal antiterror tədbirlərinin də başa çatdırılması ayı kimi yazılıb. Şanlı qələbə ilə başa çatan Vətən müharibəsi həm silahlı qüvvələrimizin peşəkarlığını, qəhrəmanlığını, yüksək döyüş qabiliyyətini, Ali Baş Komandan İlham Əliyevin sərkərdə qətiyyətini, siyasi lider məharətini, ata vəsiyyətini şərəflə yerinə yetirən övlad olduğunu, xalqımızın birliyini bütün dünyaya göstərdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Vətən müharibəsi haqqında dünyanın hərbi ekspertləri tərəfindən aparılan təhlillər, cəmi 44 gün davam edən müharibə haqqında yazılan yüzlərlə yazılar çox güman ki, hələ də döyüşlərdə tətbiq edilən taktikanın mahiyyətini tam açıb göstərə bilmir. Tarixin ibrət dərsləri isə müharibəyə və işğala susayan dövlətləri həmişə ağır məğlubiyyət, məhrumiyyət, faciələr və insan qırğınları ilə üz-üzə qoyub. Tarixi saxtalaşdırmaq, özgə torpaqlarına göz dikmək, başqa xalqlara qarşı nifrət vaxtilə torpaqlarımıza köçürülən və burada məskunlaşdırılan ermənilərin faşist təfəkkürünə, daşnak xislətinə elə hopub ki, uzun illərdir ki, müalicəsi mümkün olmurdu. "Dəmir yumruq" erməni hikkəsini və erməni kabusunu yerlə-yeksan etdi. Erməni işğalından azad edilən torpaqlarda biz çox böyük dağıntıların şahidi olduq, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri yer üzündən silinib, yüzlərlə kənd dağıdılıb, tarixi-dini abidələrimiz məhv edilib, Prezidentimizin dediyi kimi, elə bil bu yerlərdən vəhşi qəbilə keçib. Vəhşi düşmən daş üstə daş qoymayıb, hər yeri xarabalığa çevirib. Düşmən güman edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar bir də o yerlərə qayıtmayacaq. Yanıldılar. Azərbaycan xalqı 30 ildir doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayır, Qarabağla nəfəs alırdı. Artıq Qarabağa və Şərqi Zəngəzura 30 ildən sonra həyat qayıdır, o torpaqların yeni dövranı başlayır...

Tarixi qələbə təkcə Ermənistan üzərində deyil, həm də dünya erməniliyi, onların havadarları, islamofob dairələr, təəssüf ki, dünyada kifayət qədər güclü mövqelərə malik erməni diasporu üzərində qazanılıb. Çünki onlar hər zaman Ermənistanın bizə qarşı təcavüzkar siyasətini dəstəkləyir, hər vasitə ilə onları müdafiə edir, Azərbaycan haqqında yalanlar yayır, azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər. Təəssüf ki, Qərb dövlətləri uzun illər ərzində həqiqəti eşitmək istəmir, həqiqəti pərdələmək istəyir, məlumatları, gerçək faktları təhrif edirdilər. Münaqişənin dinc danışıqlar vasitəsilə nizamlanması üçün yaradılmış ATƏT-in keçmiş Minsk qrupu da faktiki olaraq erməniləri dəstəkləyir, öz fəaliyyətsizliyi və guya nəsə edirlər görüntüsü ilə separatizmin dayaqlarını möhkəmləndirməklə, münaqişəni dondurmaqla məşğul olur, Ermənistanın terror mahiyyətini açıq şəkildə müdafiə edirdilər. Nəzərə almaq lazımdır ki, həmsədr ölkələr ermənipərəst mövqedə dayanır,  kirli əlaqələr qururdular. Yaxşı bilirik ki, erməniliyin mahiyyəti yalandan, hiyləgərlikdən, satqınlıqdan, xəyanətdən və digər qara əməllərdən ibarətdir.

Sentyabrın 19-da Qarabağda keçirilən və 23 saat davam edən antiterror tədbirləri nəticəsində erməni separatçıları, Ermənistanın bu bölgədəki qanunsuz silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim oldular və yuxarıda sadaladığımız çirkli əməllərə son qoyuldu. Antiterror tədbirlərinin keçirildiyi vaxtlarda mülki erməni əhalisinə və mülki obyektlərə ziyan toxunmayıb. Ancaq 2020-ci ilin sentyabr ayında başlanan əks-hücum əməliyyatları zamanı bütün cəbhə boyu məğlub olan Ermənistan ordusu döyüş xəttindən yüz kilometr ərazidə olan Azərbaycan şəhərlərinə və mühüm infrastruktur obyektlərinə raket zərbələri endirdi. Oktyabrın 4-də Mingəçevir şəhəri Ermənistan tərəfindən raket hücumuna məruz qaldı. Ermənistan Mingəçevirin elektrik stansiyasını və su anbarını hədəf almışdı. Azərbaycanın hava hücumundan müdafiə sistemi bu hücumu zərərsizləşdirərək böyük bir ekoloji fəlakətin qarşısını aldı. Müharibə zamanı erməni qüvvələri Toçka-U və BM-30 Smerç raketlərindən istifadə edərək Gəncə və Bərdə şəhərlərinə də hücum etdilər. Hücumlar nəticəsində çoxsaylı mülki şəxs yaralandı və həlak oldu. 44 günlük müharibə zamanı Ermənistan ordusunun Azərbaycana qarşı "İsgəndər-M" raketlərindən istifadə etməsi barədə məlumatlar da var idi.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanat isə qarabağlı ermənilərin "suverenlik" arzularını alt-üst etdi. Erməni separatçılar, xunta rejimi, Xankəndiyə göndərilmiş erməni milyarder R.Vardanyan və digər daşnak haylar nəyəsə və kimlərəsə ümid edir, problemlərinin həllində ilk əvvəl Rusiyaya, sonra da Qərbə, daha konkret olsaq, ABŞ və Fransaya bel bağlayırdılar. Onların bütün ümidləri və gözləntiləri 23 saata məhv edildi. Dəfələrlə ermənilərə xəbərdarlıq edən Prezidentimiz İlham Əliyev müqəddəs savaş günlərinin ən qızğın çağında, 2020-ci il oktyabrın 12-də Türkiyənin "Haber Global" televiziya kanalına müsahibəsində bildirdi ki, ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq. Ermənilər bu reallığı anlamadılar və antiterror tədbirlərinin keçirilməsi labüd oldu. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışı zamanı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması üçün yenilənən cədvəlin hazırlanmasına dair çağırış etdi. Dövlətimizin başçısı bildirdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir. Atalar məsəlidir, özü yıxılan ağlamaz. Ermənistanda baş nazir Nikol Paşinyanın başçılıq etdiyi inqilabi hökumətin Azərbaycana qarşı siyasi və hərbi təxribatlara başlaması, artan gərginlik və ədavət Azərbaycanın tarixə 44 günlük müharibə kimi düşən genişmiqyaslı hərbi əks-hücum əməliyyatlarına başlaması ilə nəticələndi və layiqli cəzalarını da aldılar.

Qarabağın və Suşanın işğaldan azad olunmasına ən çox sevinənlərdən biri də qardaş Türkiyənin Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğan oldu. Türkiyə mətbuatı onun Şuşa ilə bağlı aşağıdakı bəyanatını yayımlamışdı: "Türkün qılıncı ilə alınan və şəhidlərin qanı tökülən torpaqlarda düşmənin yaşaması haramdır. Türkün ata qanunu". Türk dövlətləri başçılarının yığıncaqlarında 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək tarixi Zəfərin qazanılmasında müstəsna rol oynayan, bununla da türk birliyinə misilsiz xidmət etmiş Prezident İlham Əliyevin fəaliyyətindən geniş bəhs olundu. 2021-ci il noyabrın 14-də isə Türkiyədə türk dövlət başçılarının qərarı ilə Qalib Ali Baş Komandanımız İlham Əliyev həm savaş meydanında, həm də gərgin diplomatik fəaliyyətinə görə "Türk Dünyasının Ali Ordeni" ilə təltif olundu. Hərbi şərhçilər və siyasi analitiklər hesab edirlər ki, İkinci Qarabağ müharibəsi Cənubi Qafqaz bölgəsindəki regional təhlükəsizlik arxitekturasını kökündən dəyişdi.  Pilotsuz uçuş aparatlarının da daxil olduğu müasir hərbi texnologiyanın istifadəsi dünyanın hər yerindən olan hərbi ekspertlərin və strateqlərin diqqətini çəkdi. Bir çox müşahidəçilər müharibəni tarixdə ilk dəfə olaraq pilotsuz uçuş aparatlarından istifadə edərək hərbi məqsədlərə nail olunan müharibə kimi qiymətləndirdi və bunu hərbi strategiyada çoxdan gözlənilən bir inqilab olaraq xarakterizə etdilər. Bu müharibə həm də pilotsuz uçuş aparatlarının ənənəvi aviasiyadan üstünlüyünü də nümayiş etdirdi. Bir müşahidəçi haqlı olaraq bu barədə qeyd edir ki, pilotsuz döyüş və kəşfiyyat təyyarələrinin ənənəvi aviasiyadan qat-qat ucuz olduğu məlum olsa da, bu, aviasiyanın pilotsuz uçuş aparatları ilə əvəz olunduğu ilk müharibə idi. Xalqımız şahid oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə cəbhədə düşmənə qarşı cəsarətlə mübarizə apardı. Ali Baş Komandanın ordusu cəbhədə, özü isə siyasət meydanında, dünyanın informasiya məkanında ermənilərə, onların təəssübkeşlərinə və dünya ermənilərinə qarşı qətiyyətlə, cəsarətlə, böyük fədakarlıqla, möhkəm siyasi iradə və qətiyyət nümayiş etdirdi. 2020-ci ilin payızında bütün dünya böyük bir həqiqəti anladı və şahidi oldu ki, Ermənistanın 30 ilə yaxın işğalda saxladığı torpaqlar qəhrəman silahlı qüvvələrimizin bölmələri tərəfindən azad edilib, 44 gün davam edən Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində qazanılıb.

Qələbəni əsgər qazanıb! 44 günlük Vətən müharibəsi dövründə Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin xalqa müntəzəm müraciətləri Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Xalq və Prezident birliyinin möhtəşəm qələbəsi Azərbaycanın gələcək taleyinə və tarixinə qızıl hərflərlə yazılıb və bizi xoşbəxt gələcəyə doğru aparır.

Salman ALIOĞLU,

"Respublika".