Tahir Rzayev: Azərbaycanlı deputatlar da Özbəkistandakı seçkilərdə iştirak ediblər
Siyasət

Tahir Rzayev: Azərbaycanlı deputatlar da Özbəkistandakı seçkilərdə iştirak ediblər

Xəbər verdiyimiz kimi, Şavkat Mirziyoyev iyulun 9-da Özbəkistanda keçirilən prezident seçkilərində 87,05 faiz səslə növbəti dəfə qalib gəlib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən siyasətə xalqın verdiyi dəstək kimi qiymətləndirib. Dövlətimizin başçısı Özbəkistanın qarşıdakı illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf yolunu davam etdirəcəyinə əminliyini bildirib.

Maraqlıdır, Şavkat Mirziyoyevin seçkilərdəki qələbəsi Azərbaycan-Özbəkistan münasibətlərinə necə təsir göstərəcək?

Millət vəkili Tahir Rzayev “Respublika”ya açıqlamasında bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir: “Azərbaycan Respublikası Prezidentinin Özbəkistana səfərlərinin baş tutması, eləcə də Özbəkistanda keçirdiyi görüşlər, imzalanmış dövlətlərarası sənədlər iki ölkə arasındakı münasibətlərə müasir dövrdə yeni məna verir. Bu qardaşlıq münasibətləri artıq strateji əməkdaşlığa çevrilib. Əlbəttə ki, bu, bizi ürəkdən sevindirir. Çünki Özbəkistan Orta Asiyadakı ən böyük respublikalardan biridir. Tərəfdaş ölkə həm özünün iqtisadi imkanlarına, həm də Azərbaycanla bağlı milli-mənəvi köklərinə görə daim diqqət mərkəzində olub ki, bu da qarşılıqlı əlaqələrin inkişafı üçün çox vacibdir”. 

Deputat Şavkat Mirziyoyevin yenidən Özbəkistan Prezidenti seçilməsinin təbii hal olduğunu vurğulayıb: “Şavkat Mirziyoyevin Özbəkistana rəhbərlik etdiyi dövrdə ölkənin beynəlxalq aləmdə tanınması istiqamətində, digər türkdilli dövlətlərlə münasibətlərin inkişafında mühüm addımlar atılıb. Özbəkistan Prezidentinin növbəti dəfə qalibiyyəti Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Çünki strateji əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə istər iqtisadi, istər mədəni, istərsə də müdafiə sahəsində görülən işlər hər iki dövlətin milli maraqlarına uyğundur. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf etdirilməsi gələcək üçün, xüsusilə də Türk Dövlətləri Birliyinin təşəkkül tapması baxımından faydalıdır”. 

Tahir Rzayev Şavkat Mirziyoyevin yenidən Prezident seçilməsini yüksək qiymətləndirib: “Azərbaycanlı deputatlar da bu seçkilərdə iştirak ediblər. Onlar, həmçinin Özbəkistandakı seçkilərin  şəffaf keçirildiyini təsdiqləyiblər. Belə olan halda, Özbəkistanın demokratik bir ölkə kimi inkişaf etməsi, tanınması təsadüfi deyil. Bu gün hər bir Azərbaycan vətəndaşı da iki ölkə arasındakı münasibətlərə önəm verir, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsini istəyir”. 

Nəzrin ELDARQIZI, 

“Respublika”.