BTQ dəmir yolu Orta Dəhlizin mühüm seqmentidir
Siyasət

BTQ dəmir yolu Orta Dəhlizin mühüm seqmentidir

"Şərq-Qərb", "Şimal-Cənub" və "Cənub-Qərb" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz qlobal nəqliyyat-logistika mərkəzinə çevrilib. Müstəqilliyimizin bərpasından sonra Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsi prioritet istiqamət olaraq seçilib. Bu çərçivədə müasir infrastruktur yaradılır, nəqliyyat kompleksi xidmətlərinin keyfiyyəti daim artırılır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Abşeron Logistika Mərkəzi kimi layihələrin reallaşdırılması bu qəbildən olduqca önəmlidir.

Bütün region üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu bu gün Orta Dəhlizin önəmli tərkib hissəsi kimi fəaliyyət göstərir. Qeyd edək ki, BTQ təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Asiya ilə Avropa arasında da ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını daha asan şəkildə təmin edir.

Orta Dəhlizin önəmli semqenti kimi Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin icrası intensivliyi ilə seçilir. Bu çərçivədə "dəmir ipək yolu"nun Gürcüstan ərazisindən keçən hissəsinin genişləndirilməsi işləri də sürətlənib. Bununla da BTQ-nin gücü 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Qeyd edək ki, fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarla çıxışı zamanı da bu məsələyə toxunulub.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirir. Bu layihə həm də dünyanın 100 iri layihəsi siyahısına daxildir. Məhz BTQ dəmir yolu xəttinin işə düşməsi ilə Azərbaycanın iqtisadi qüdrəti daha da artıb. Bu layihə, həmçinin nadir əməkdaşlıq nümunəsi olan üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin növbəti strateji təzahürüdür. Bakı-Tbilisi-Qars həmçinin regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa müsbət təsir göstərir. 2013-cü ildə Türkiyənin Bosfor boğazının altından keçən və Avropa ilə Asiyanı birləşdirən Mərmərə tunelinin açılması BTQ dəmir yolu üçün də yeni imkanlar yaratdı. Sözügedən dəmir yolu vasitəsilə Asiyadan Avropaya yükdaşıyan ilk qatar bu tuneldən keçərək Çexiyaya getmişdi. Eyni zamanda Ələtdə yeni limanın inşası da bu xəttin imkanlarını daha da genişləndirib.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim baş tutub. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri həmin mərasimdə iştirak ediblər. Qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışarkən bildirib ki, Orta Dəhliz layihəsinin ən önəmli mərhələsi başa çatdı və beləliklə, Londondan Çinə birbaşa dəmir yolu xətti quruldu. Qətiyyətimizin və uzaqgörənliyimizin əsəri olan bu layihə hamımızın birgə uğurudur. Azərbaycanlı qardaşlarım "Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir" deyirlər. Məhz bu baxımdan, bu layihə zəhmətlə, fədakarlıqla, alın təri ilə reallaşdırıldığı üçün həqiqətən çox önəmlidir. Ölkəm və xalqım adından layihənin bütün bölgəmiz və bütün xalqlarımız üçün xeyirli olmasını Allahdan arzu edirəm.

826 kilometr uzunluğu olan BTQ-nin 504 kilometri Azərbaycan ərazisinə daxildir. Bununla bir daha ölkəmizin qlobal layihədəki rolu çox aydın görünür. Tarixi və strateji əhəmiyyətli layihə kimi dəyərləndirilən dəmir yolunun Azərbaycana qazandırdığı və qazandıracağı dividendlər gələcək inkişafımız üçün önəmlidir. Regionun ən böyük yol infrastruklarından sayılan bu nəhəng layihənin maliyyələşdirilməsində ölkəmizin rolu olduqca böyük olub. Bu məqsədlə qonşu Gürcüstana ildə 1 faiz dərəcəsi ilə 25 il müddətinə 220 milyon dollar kredit ayrılmış, ümumən isə BTQ-nin maliyyələşdirilməsinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun xətti ilə indiyədək təqribən 745 milyon dollar vəsait cəlb edilmişdir.

Ölkəmizdə müxtəlif infrastruktur obyektlərinin yaradılması, multimodal logistikanın daha da təkmilləşdirilməsi həm etibarlı, həm də təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti, ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin inkişafı bu gün Azərbaycan üçün mühüm önəm daşıyır. Çünki məhz bu nəqliyyat-logistika sistemlərinin inkişafı sayəsində daşımaların həcmi son illərdə xeyli artıb. Bakı-Tbilisi-Qars həmçinin qitələrarası daşımalar üçün geniş perspektivlər açır. Çin və Avropa arasında ən qısa marşrut olan bu dəmir yolunun regionda formalaşdırdığı imkanlar bir çox ölkələrin, xüsusilə Şərqin diqqət mərkəzindədir.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən 183 kilometrlik hissəsinin ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına, təxminən, 140 milyon dollar vəsait ayrılıb. Bu istiqamətdə, çətin relyefə malik ərazilərdən keçən yollarda təmir-bərpa, rekonstruksiya və tikinti işlərinin sürətləndirilməsi, layihənin qısa müddətdə başa çatdırılması üçün yeni podratçılar cəlb edilib. Qeyd edək ki, dəmir yolunun inşası tamamlanıb, xətlər elektrikləşdirilib. Bununla yanaşı, yol boyu 12 stansiyada elektrik təchizatı, rabitə və işarəvermə qurğularının quraşdırılması stansiya işçiləri üçün inzibati binaların tikintisi, müasir köməkçi kommunikasiya işləri başa çatdırılıb.

Nurlan ABDALOV,

"Respublika".