Azərbaycan və Macarıstan əlaqələri uğurla inkşaf edir
Siyasət

Azərbaycan və Macarıstan əlaqələri uğurla inkşaf edir

Macarıstanla uğurlu əməkdaşlıq mühüm inkişaf mərhələsindədir. Avqustun 20-də Prezident İlham Əliyev və xanımı vitse-prezident Mehriban Əliyeva Macarıstana işgüzar səfər edib. Səfər çərçivəsində Macarıstanın Baş Naziri Viktor Orbanla görüşən ölkə başçısı hər iki ölkənin və Avropanın enerji təhlükəsizliyi, bölgədəki vəziyyət, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri barədə geniş müzakirələr aparıb. Həmçinin keçən il 30 illiyi qeyd olunan Azərbaycan-Macarıstan münasibətləri ətrafında gedən dialoq, Prezident İlham Əliyevin Macarıstanın Milli günü ilə bağlı Baş Nazir Viktor Orbanı təbrik etməsi ilə davam edib.

Aparılan danışıqlarda Macarıstan və Avropanın təhlükəsizliyi ilə bağlı üç məsələ müzakirə olunub. Tərəflər enerji təchizatı, fiziki təhlükəsizlik - xüsusilə Ukraynadakı müharibə və iqtisadi çətinliklərin aradan qaldırılması ilə bağlı məsələlərdə razılığa gəliblər. Bununla yanaşı qeyd edilib ki, Macarıstan hər il azərbaycanlı tələbələr üçün 200 təqaüd yeri təklif edir.

Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanla Macarıstan arasında əlaqələr yüksək səviyyədədir: “Macarıstan Avropada Türk Dövlətləri Təşkilatında müşahidəçi olan ölkələrdən biridir. Eyni zamanda, Azərbaycanın Macarıstanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı kifayət qədər yüksək səviyyədədir. Azərbaycan və Macarıstan arasındakı münasibətlər təkcə iqtisadi və digər sosial sahələrdə deyil, siyasi mənada da çox yüksək səviyyədədir. Macarıstan Azərbaycanın haqq işinin daim beynəlxalq platformalarda əsas dəstəkçilərindən biridir. Azərbaycan-Macarıstan münasibətlərinin belə yüksək səviyyədə olması, Macarıstan kimi Avropada önəmli söz sahibi olan bir ölkənin daim bütün beynəlxalq təşkilatlarda və platformalarda Azərbaycanı dəstəkləməsi və Azərbaycanın Macarıstan kimi önəmli bir müttəfiq partnyor qazanması hesab edilməlidir".

Ekspert qeyd edib ki, eyni zamanda, bu gün Macarıstanla Azərbaycanın münasibətləri digər türk dövlətlərinin Macarıstana inteqrasiyasında da vacib rol oynayır: "Çünki Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə olması nəticəsində, Macarıstanın Türk Dövlətləri Təşkilatına inteqrasiyası prosesi gerçəkləşib. Bütün bunlar Macarıstan-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olmasının göstəricisidir ki, Macarıstanda keçirilən çox önəmli dövlət tədbirlərində hər zaman Azərbaycan dövlət rəhbərliyi səviyyəsində dəvət edilir və Macarıstan xalqı üçün Macarıstan dövləti üçün tarixi əhəmiyyətli, vacib dəyərə malik olan günlər məhz Azərbaycan liderinin iştirakı ilə həyata keçirilir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan-Macarıstan əməkdaşlığnda daha böyük potensial və perspektivlər mövcuddur.

Nurlan ABDALOV,

    “Respublika”.