“İş dünyası - 100 ilin zirvəsi
Türk dünyası

“İş dünyası - 100 ilin zirvəsi" mövzusunda biznes forum-sərgi

AnkaraAzərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə Ankarada ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyənin 100 illiyinə həsr olunan tədbir keçirilib. Tədbir Ortadoğu Sənaye və Ticarət Mərkəzi (OSTİM) Mütşəkkil Sənaye Zonasının (ÖSB) evsahibliyi ilə baş tutub.

Tədbirin əsas məqsədi Azərbaycan və Türkiyənin kobi subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi və mövcud investisiya imkanlarının təqdim edilməsidir. Qeyd edilib ki, Türkiyədə 2800-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycanda isə Türk inşaat şirkətləri tərəfindən indiyə qədər ümumi dəyəri 12 milyard dollar olan 363 layihə həyata keçirilib.

Biznes forum-sərgidə Azərbaycandan 30 şirkət iştirak edib. Xatırladaq ki, bu ilin iyul ayında İstanbulda da eyni formatlı layihə baş tutmuş və tədbirdə Azərbaycanın 60-dan çox şirkəti iştirak etmişdi. Daha məhsuldar əməkdaşlıq üçün şirkətlərarası ikitərəfli görüşlər də keçirilib. Yaxın zamanda türkiyəli sahibkarların da Azərbaycana səfəri gözlənilir.

Tədbir çərçivəsində təşkil olunan sərgidə kənd təsərrüfatı, İKT, tikinti-inşaat, xidmət, daşınmaz əmlak, turizm-hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam-poliqrafiya, yükdaşıma-logistika sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub. Biznes forum-sərgisi, Türkiyənin başqa şəhərlərində də davam etdiriləcək.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.