Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclası
Türk dünyası

Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclası

Ankarada Türkiyə-Azərbaycan müştərək komissiyasının 3-cü toplantısı keçirilib. İclasda maddi-mənəvi irsin mühafizəsi, bərpası, eləcə də kino, teatr, incəsənət, muzey, kitab sənayesi, mədəniyyət, yaradıcılıq sahələrində ortaq əməkdaşlığın təbliği məqsədilə təcrübə mübadiləsi, texniki və mütəxəssis dəstəyini təmin etmək məsələləri müzakirə olunub.

Toplantıda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş" imzalanıb. Sənədi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar.

Sənəddə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təbliğatın təşviqi, qarşılıqlı mədəniyyət günlərinin, müxtəlif mədəni tədbirlərin keçirilməsi, ədəbiyyat, təsviri və tətbiqi incəsənət, musiqi, film festivalları, müsabiqə və konfranslarda iştirakla bağlı müddəalar yer alıb. Sazişdə qeyri-maddi-mədəni irs, eləcə də iki ölkənin muzey və kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də öz əksini tapıb.

Toplantıda iştirak edən mədəniyyət naziri Adil Kərimli iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsindən məmnunluğunu ifadə edib. Nazir deyib ki, bu il həm Azərbaycan, Türkiyə, həm də ümumilikdə türk dünyası üçün əlamətdar günlərlə yadda qalmaqdadır: "Türk dünyasının əvəzedilməz liderlərindən olan, Ümummilli Lider Heydər Əliyevin yubileyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 30 illiyi qeyd edilir, eyni zamanda türk dünyası və Azərbaycan üçün vacib olan Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçildi. Bütün bunlar hər birimiz üçün çox önəmli hadisələr olaraq yadda qalacaq".

Nazir qeyd edib ki, ölkələrimiz arasında münasibətlər ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər kimi sarsılmaz təməllər üzərində qurulub: "Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb-yaratmışlar. Bu illər ərzində həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə bir çox nailiyyətlərimiz olub. Dövlət başçılarımız tərəfindən ali səviyyədə nümayiş edilən qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə, eləcə də mədəniyyət sahəsində də uğurla davam etdirilir və bundan sonra Türkiyə-Azərbaycan mədəni əlaqələri və ortaq türk mədəniyyətinin dünyada təbliği istiqamətindəki birgə fəaliyyətimiz daha da genişlənəcək, güclənəcək". Azərbaycan və Türkiyənin dünyada ortaq türk mədəniyyətinin, mədəni irsinin tanıdılması üçün mühüm işlər gördüyünü vurğulayan nazir bu istiqamətdə UNESCO, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun bütün əməkdaşlıq qurumları çərçivəsində uğurlu layihələri birgə həyata keçirdiyini qeyd edib: "Xüsusilə Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən və geniş tətbiq edilən bu layihələr Türk dünyası üçün çox vacibdir. Bu il Şuşa - Türk Dünyasının Mədəniyyət Paytaxtı çərçivəsində Qorqud Ata film festivalı, Birinci Türk dünyası mədəniyyət Forumu, TÜRKSOY çərçivəsində həyata keçirilən İkinci Türk Teatrları Festivalı uğurla həyata keçirildi. Bundan sonra da bu cür layihələr reallaşdıracağıq".

"Azərbaycanla mədəniyyət sahəsində əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik". Bu fikirləri Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş" in imzalanmasından sonra deyib. Nazir bildirib ki, bu müqavilə iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etməsinə stimul verəcək: "Mədəniyyət həyatımızın ayrılmaz bir hissəsidir, sənət, ədəbiyyat və digər sahələrə diqqət ayırmaq ölkələrimiz arasında qurulan körpüləri möhkəmləndirir. Türk dünyasının mirasına sahib çıxmaq və mədəniyyət sahəsini təşviq etmək başlıca məqsədimizdir. Bu mənada, Türkiyə ilə Azərbaycanın mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməsi buna bariz nümunədir".

Esmira YAZKAN ASLANOVA,

"Respublika"qəzetinin

Türkiyə üzrə müxbiri.