Sülh prosesinə hayların növbəti zərbəsi
Siyasət

Sülh prosesinə hayların növbəti zərbəsi

Rusiya Federasiyası, Azərbaycan Respublikası prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları 10 noyabr Bəyanatına zidd olaraq haylar regionda vəziyyətin gərgin olması üçün əllərindən gələni edirlər. Rəsmi İrəvanın revanşist meyilləri növbəti münaqişələr üçün zəmin hazırlamağa xidmət edir. Dəmir yumruğun xofu düşmənin canından çıxmağa başladıqca bu cür meyillərin daha çox şahidi oluruq. Son 4-5 ayda sakitlik müşahidə olunsa da baş verənlər hayların əsl xislətini bir daha nümayiş etdirir. Belə ki, Ermənistan fevralın 12-də Zəngilan istiqamətində təxribata əl atdı. Sərhədçimizin snayper atəşi ilə yaralanması faktını Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi təkzib etməyə çalışsa da, Azərbaycanın yayımladığı videokadrlar məsələnin bütün aspektlərini açıq göstərdi.

Xain düşmən bununla da çirkin təxribata son qoymadı və cəmi bir neçə saat sonra şərti sərhədin Tovuz istiqamətindən növbəti təxribata əl atdı. Eyni gündə saat 20:50 və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Əlbəttə ki, baş verən hadisələrdən sonra düşmən layiqli cavabla susdurulub. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı" keçirilib. Əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi yaxınlığındakı döyüş postu darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.

Uzun müddət müsbət hadisələrin şahidi olmağımıza baxmayaraq, erməni xisləti yenidən özünü göstərdi. Sən demə, əsir düşmüş hərbçilərin mübadiləsi, Ermənistanın COP29-a evsahibliyindən Azərbaycanın xeyrinə namizədliyini geri götürməsi, beynəlxalq məkanda sülh müqaviləsinin imzalanması üçün hazır olduqlarını bildirməsi sadəcə gözdən pərdə asmaq imiş. Sözügedən təxribatlar bir daha bütün dünyaya bəyan etdi ki, İrəvan öz dövlətçiliyini itirməmiş bu cür əməllərdən daşınmayacaq. Qalib tərəf olmasına baxmayaraq, sülh əlini uzadan Azərbaycana qarşı bu cür yanaşma sərgiləmək kimin kim olduğunu göstərir. Rəsmi Bakı ərazi iddialarının olmadığını, sülh müqaviləsinin imzalanması üçün müsbət zəmin formalaşdığını bildirsə də, haylar suyun axınına qarşı hərəkət etməyi özlərinə missiya seçiblər. Müzəffər Ali Baş Komandanın "dəmir yumruq yerindədir" xəbərdarlığından dərs almayan işğalçılar unudurlar ki, onların qarşısında 44 günlük müharibədə döyüşən güclü Azərbaycan Ordusu var.

Hayların digər məsələlərdə olduğu kimi, təxribatlar zamanı da arxalandıqları qüvvələr mövcuddur. Ermənistana gələrək binoklla şərti sərhədə baxan Aİ müşahidəçiləri də bu oyunun iştirakçılarıdır. Bununla yanaşı, Azərbaycana tuşlanan silahların təminatçıları: Fransa, Hindistan və ABŞ kimi qlobal güclər də bu məsələdə məsuliyyət daşıyırlar. Bu kimi qüvvələr "Ermənistanın sərhədlərinin müqəddəsliyinin vacib məsələ" olduğunu bildirirlər. Hansı ki, ortada nə delimitasiya, nə də demarkasiya prosesi üzrə razılaşmalar mövcuddur. Riyakarlığın son həddi olaraq, bu aktorlar sülh prosesinin tərəfi kimi çıxış etməkdən də utanmadılar. Məlumdur ki, başda Fransa olmaqla Avropa bölgədə sülh istəmir. Ermənistanın işğalçılıq siyasətinə irad bildirməyənlərin, onların daxili və xarici "təhlükəsizliyinə" zəmanət verənlərin, anti-Azərbaycan siyasəti yürüdənlərin mövqeyi daim destruktiv olmuşdur. Bu proses 30 illik dövr ərzində dəyişməyib. Yurd yerindən didərgin düşmüş 1 milyondan çox soydaşımızın aqibəti onlar üçün "maraqlı" olmayıb. Yalnız ikili standartların Cənubi Qafqazda hakim olması üçün yanaşmalar müşahidə etmişik. Qarabağdakı separatçı rejimin ləğv edilməsi, cinayətkar "liderlərin" məsuliyyətə cəlbi bu xain xisləti üzə çıxarmışdır. Bununla bir daha Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi qısqanclıq hissi ilə qarşılanmışdır. Öz istəkləri ilə ərazini tərk etmiş Qarabağdakı ermənilərin saylarının süni şəkildə şişirdilməsi, etnik təmizləmə və soyqırımı kimi ağır ittihamlarla Azərbaycanın ləkələnməyə çalışılması bu xain planın bir parçasıdır.

Xatırladaq ki, gərginliyin artması məhz Ermənistan siyasi elitasının sülh prosesi çərçivəsində bəyanlarından sonra baş tutdu. Son olaraq, Nikol Paşinyan "The Telegtaph" nəşrinə müsahibəsi zamanı növbəti dəfə sülh müqaviləsinin imzalanması haqqında "nağıllar" söylədi. Lakin baş nazirin aqressiv ritorikası kameralardan yayınmadı. Gah öz ölkəsinin keçmiş idarəçilərini günahlandıran, gah da məğlubiyyəti izah etməyə çalışan Nikolun növbəti dəfə bu kimi təxribatla gündəmə gəlməsi heç də təəccüb doğurmadı. Bir məqamı da qeyd etmək lazımdır ki, sözügedən təxribatın məhz Qərb blokunun sifarişi olması da istisna deyil. Belə ki, Rusiya, İran sərhədləri yaxınlığında belə bir hadisənin baş verməsi bir çox versiyaları ortaya çıxarır. Yaxın vaxtlarda Çexiya casusunun saxlanması da bu cür fikirləri dəstəkləyir. Şübhəsiz ki, kollektiv Qərb öz maşası olan Ermənistanı artıq "isti" münaqişələrə cəlb etməyə başlayır. Bununla həm də Azərbaycanı yenidən böyük savaşa, müharibəyə cəlb etmək niyyəti güdür.

Şanlı Zəfər sayəsində regionun yeni geosiyasi mənzərəsini yaradan qüdrətli Azərbaycan dövləti heç bir təxribatı cavabsız qoymayıb və bundan sonra da qoymayacaq. Yeni reallıqlar fonunda bölgədə əməkdaşlığın və təhlükəsizliyin möhkəmləndirilməsi üçün unikal imkanlar, münbit zəmin yaranıb ki, bu da yalnız qalib Azərbaycan deyil, digər qonşu dövlətlər üçün də böyük önəm daşıyır. Ölkəmiz 30 il ərzində işğal altında qalan ərazilərində törədilən vandalizm əməllərinə, dağıntılara baxmayaraq, müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir.

Nurlan ABDALOV,

"Respublika".