Səmimi qardaşlıq münasibətindən yaranan məmnunluq
Siyasət

Səmimi qardaşlıq münasibətindən yaranan məmnunluq

Azərbaycan-Pakistan əlaqələri qarşılıqlı etimadla, strateji tərəfdaşlıqla və regionda sülhə, inkişafa ümumi baxışla səciyyələnir

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirdi, Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirdi, İkinci Qarabağ müharibəsi dövründə də Pakistanın Azərbaycana siyasi dəstəyinə görə minnətdarlığını ifadə etdi.

Son otuz il ərzində Azərbaycan və Pakistan hökumətləri arasında möhkəm dostluq əlaqələri qurulub və inkişaf edərək strateji tərəfdaşlığa çevrilib. Ölkələr arasında baş tutan yüksək səviyyəli səfərlər ikitərəfli əlaqələri daha da möhkəmləndirir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevin dəvəti ilə iyunun 14-15-də Azərbaycana səfəri əlamətdar hadisə olmaqla müxtəlif sferalarda ikitərəfli əlaqələri əhəmiyyətli dərəcədə sürətləndirəcək. "Mən çox şadam ki, əziz Qardaşım Azərbaycanda səfərdədir. Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir. Bizim Baş nazirlə təmaslarımız müntəzəmdir. Biz ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşmüşük. Mən minnətdaram ki, cənab Baş nazir dəvətimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib. Azərbaycanla Pakistan arasında zaman keçdikcə dərinləşməkdə olan dostluq və əməkdaşlıq mövcuddur. Səmimi münasibətlər qarşılıqlı etimad, əməkdaşlıq və regionda sülhə və inkişafa ümumi baxışla səciyyələnir. Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət xəttində Pakistanla ölkəmiz arasında münasibətlərin intensiv xarakteri prioritet istiqamətlərdən biridir.

Prezident həmçinin qeyd edib ki, ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da güclü dəstək göstərib. Dövlət başçısı Kəşmir məsələsində Pakistana bir daha dəstəyini ifadə edib. Şahbaz Şərif Pakistan və Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayıb. Deyib ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı dəstəkləmişik". Şahbaz Şərifin ölkəmizə Baş nazir kimi ilk səfəri Pakistan və Azərbaycan arasında qardaşlıq, dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm amildir.

Ölkə başçısının da qeyd etdiyi kimi, ötən il oktyabrın 12-də Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşü olmuşdu. Prezident İlham Əliyev Səmərqənddəki görüşdən bir ay sonra Astanada keçirilən görüşün ölkələrimiz arasında əlaqələrin dinamikliyini bir daha artırdığını bildirmişdi. Dövlətimizin başçısı ilə Səmərqənddəki görüşünü məmnunluqla xatırlayan Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət etmişdi. Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirmiş və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət etmişdi.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanla Pakistan arasında münasibətlər yüksək səviyyədə olub. Əməkdaşlıq siyasi, iqtisadi, enerji, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan və Pakistan beynəlxalq səviyyədə daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyib. Rəsmi İslamabad Qarabağ münaqişəsi dövründə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qəti mövqe sərgiləyib, İrəvanla diplomatik əlaqələr qurmayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Azərbaycan ötən dövr ərzində Heydər Əliyev Fondunun xətti ilə Pakistanda silsilə xeyriyyə tədbirləri keçirib, ölkədə təhsilin inkişafına xüsusi qayğı göstərib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Pakistanda zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş məktəb yenidən inşa olunub. Fond təhsil, səhiyyə və sosial sahələrdə layihələr həyata keçirir.

Enerji əməkdaşlığı Azərbaycanla Pakistan arasında iqtisadi tərədaşlığın mühüm aspektini təşkil edir. Enerji resursları ilə zəngin ölkə olan Azərbaycan Pakistana neft və qaz ixrac etmək potensialına malikdir. Hər iki ölkə energetika sahəsində əməkdaşlıq imkanlarını, o cümlədən boru kəmərlərinin tikintisi və maye təbii qaz idxalı üzrə layihələrin reallaşdırılması imkanlarını araşdırıblar. Azərbaycan və Pakistan, həmçinin nəqliyyat əlaqələrinin inkişafı sahəsində aktiv əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə birgə bəyanatında qeyd etdiyi kimi, iki ölkə şəhərlər, o cümlədən paytaxt şəhərlər Bakı və İslamabad arasında reyslərin sayını artırmaq barədə razılığa gəliblər. Bu addım iki ölkə arasında ticarət və turizm sahəsində əməkdaşlığı xüsusən gücləndirməyə imkan verəcək. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Azərbaycanla Pakistanın keçdiyi çətin tarixi yol hər iki ölkəni hərbi sənayesini, ordusunu inkişaf etdirməyə sövq edib. Hazırda Pakistan dünyada nüvə silahı olan yeganə müsəlman dövlətidir, Azərbaycan isə Cənubi Qafqazın ən böyük hərbi gücüdür. Pakistanın nüvə dövləti olması onun Asiyadakı, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ilə Cənubi Qafqazdakı statusunu daha da yüksəldir. Bu səbəbdən, Bakı və İslamabad arasında müdafiə sənayesinin inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. 

Qeyd edək ki, 2021-ci ilin sentyabr ayında Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş-2021" birgə beynəlxalq təlimi keçirilib. Şübhəsiz ki, Məhəmməd Şahbaz Şərifin Bakı səfəri, əldə olunan razılaşmalar Azərbaycan-Pakistan-Türkiyə müttəfiqliyinin daha da möhkəmlənməsi, həmçinin yeni birgə hərbi təlimlərin keçirilməsi imkanlarını artıracaq. Birgə təlimlər 2021-ci ildən etibarən növbəli şəkildə Azərbaycan və Pakistanda keçirilir. Bu təlimlər xüsusilə Azərbaycan Ordusunun qarşısında duran vəzifələr, tələblər, döyüş tapşırıqları nəzərə alınaraq həyata keçirilir. Bundan əlavə, hərbi təlimlərin genişləndirilərək  hər iki ölkənin Hərbi Hava Qüvvələri arasında da keçirilməsi, yəni qardaş Türkiyə ilə birgə "TurAz Qartalı" təlimlərinə bənzər təlimlərin keçirilməsi də nəzərdə tutulur. Eyni zamanda Azərbaycan-Pakistan-Türkiyə arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Həmçinin hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etdirilməsi, terrorla mübarizə və təhlükəsizliklə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir. Pakistan ordusu çox güclü və xüsusilə 10 ildən artıq müddətdə terrorla mübarizədə zəngin əməliyyat təcrübəsi əldə etmiş bir ordudur. Bu baxımdan terrorla mübarizədə qeyri-ənənəvi döyüş təcrübəsini inkişaf etdirmək üçün Pakistan ordusunun bu sahədəki təcrübəsindən yararlanmaq məqsədilə Azərbaycan Ordusunun hərbi qulluqçuları Pakistanda təşkil olunmuş hərbi təhsil, xüsusi hərbi hazırlıq proqramlarında iştirak edir. Prezident İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri ilə görüşündə Azərbaycan ilə Pakistan arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlığın olduğunu deyərək, ölkələrimizin birgə hərbi təlim keçirməsinin önəmini vurğulayıb.

Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.

Mustafa KAMAL,

"Respublika".