İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Cüdo üzrə yeni dünya reytinq cədvəli

Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəlinə əsasən Azərbaycan cüdoçularının yeni mövqeyi bəlli olub. Dördqat Avropa çempionu Hidayət Heydərov (73 kiloqram)   öz çəki dərəcəsi üzrə liderliyini qoruyub. Onun aktivində 6798 xal var. Digər kişi cüdoçularımızdan Balabəy Ağayev (60 kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) öz çəki dərəcələri üzrə 5-ci, Yaşar Nəcəfov (66 kiloqram) 7-ci, Murad Fətiyevlə (90 kiloqram) Səid Mollayi (81 kiloqram) isə 11-ci pillədə qərarlaşıblar. Qadın cüdoçulardan isə Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) 16-cı sırada,  Açelya Toprak (57 kiloqram) isə 23-cü sırada yer alıblar.

İdmançılarımız Avropa çempionatını 10 medalla başa vurublar

Azərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində keçirilmiş Avropa çempionatını 10 medalla başa vurublar. Gənc və yeniyetmələrdən ibarət yığmalarımızın ümumilikdə 7 üzvü fəxri kürsüyə qalxıb. Gənclər arasında Nicat Rəhimov (64 kiloqram) və Xudabaxış Əliyev (71 kiloqram) 2-ci, Pünhan Göyüşov (79 kiloqram) 3-cü yeri tutublar. Yeniyetmələrin mübarizəsində isə İsmayıl Əlipənahov (53 kiloqram), Nicat Süleymanlı (64 kiloqram), Roman Qarayev (79 kiloqram) və Hacıbaba İmaməliyev (+98 kiloqram) fəxri kürsünün 3-cü pilləsinə qalxıblar. Daha əvvəl böyüklər arasında Elvin Bağırov (64 kiloqram) qızıl, Nicat Məmmədli (58 kiloqram) və Rəsul Aydəmirov (98 kiloqram) bürünc medalın sahibi olub.

Ölkə çempionatı yekunlaşıb

Qadın həndbolçuların Azərbaycan çempionatı başa çatıb. Sonuncu qarşılaşma Mingəçevirdə "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş tutub. Oyunda "Qarabağ" gümüş medalların sahibi "Kür"ün qonağı olub. Bu, komandalar arasındakı sayca 4-cü görüş idi. Buna qədər keçirilən hər üç oyunda "Qarabağ" qalib gəlib. Mövsümün son qarşılaşmasında "Kür" komandası 36:26 hesablı qələbə qazanıb. Bu nəticə ilə komanda mövsümü 25 xalla ikinci pillədə bitirib. Aktivində 21 xal  olan "Azəryol" ilk "üçlük" yer alıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".