Milli ideyaların həyata keçməsinin əsası qoyuldu
Siyasət

Milli ideyaların həyata keçməsinin əsası qoyuldu

Azərbaycan xalqı bu günlərdə daha bir uğurlu addım atdı. Onu Zəfərə qovuşduran, ərazi bütövlüyünü təmin edən, tarixin sınaqlarından üzüağ çıxaran cənab İlham Əliyevin yenidən siyasi hakimiyyətdə fəaliyyətinə səs verdi. 2024-cü il fevralın 7-də keçirilən Prezident seçkilərində cənab İlham Əliyev yenidən 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Xalqımız yeni minilliyin ilk prezident seçkilərində çox müdrik seçim etdi. Yeni əsrdə yeni liderin - qətiyyətli və müdrik Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi kursla daha böyük uğurlara doğru yol başladı.

Azərbaycan Respublikasının siyasi, iqtisadi və beynəlxalq əlaqələrinin genişlənməsi və maraqlarının təmin olunması sahəsində varisliyə sadiq qalan Prezident İlham Əliyev seçdiyi yolun alternativinin olmadığını hər məqamda göstərdi. "Ən böyük xoşbəxtlik, ən böyük qiymət odur ki, xalq səni dəstəkləsin" deyərkən cənab Prezident xalqın etimadını doğrultmağı və ona arxalanmağı nəzərdə tuturdu.

Cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi xarici və daxili siyasət kursunu uğurla həyata keçirir.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atdı. Son 20 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.

2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qazanılan tarixi Zəfər və ötən il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi.

Yaranmış yeni reallıqlar aydın şəkildə göstərir ki, düşünülmüş, qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət, bacarıqlı və səmərəli idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi sayəsində ən mürəkkəb məsələlərin həllinə nail olmaq mümkündür.

Artıq müstəqilliyi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirmək dövlətin qarşısında duran əsas vəzifədir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi əsas hədəflərdəndir. Müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri kimi müəyyən edilib.

Artıq xalqımızın və dövlətimizin yeni milli ideya və hədəflər uğrunda fəaliyyəti genişləndirilməlidir. Müəyyən edilmiş prioritet vəzifələrin yeni ideyaya uyğun həyata keçirilməsi üçün bu sahədə yeni, mühüm nailiyyətlərin əldə olunması məqsədəuyğundur. Burada hər bir vətəndaşın, əhalinin rifah halının yaxşılaşdırılması, məşğulluqda yüksək bilik və bacarığı olan peşəkarların payının əhəmiyyətli dərəcədə artırılması qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artıma nail olmaq üçün yeni islahatların həyata keçirilməsi nəzərdə tutulur. Məlumdur ki, cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illərdə qazanılan iqtisadi uğurlar ölkəmizin davamlı yüksəlişini təmin etmiş, həyata keçirilən islahatlar nəticəsində yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyata nail olunmuşdur.

Yeni platformada, 2024-2031-ci illərdə sürətli və dayanıqlı inkişaf edən iqtisadiyyatın gücləndirilməsi üçün qarşıya mühüm hədəflər qoyulmuş və bu hədəflərin istiqaməti müəyyənləşdirilmişdir.

Xüsusilə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunmuşdur. Milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunması məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı" qəbul edilmişdir və hazırda icra olunur.

Zəngəzur dəhlizinin açılması və Qərbi Azərbaycana qayıdış da qarşıda duran və həlli vacib həyati əhəmiyyətli məsələlərdəndir.

Məlumdur ki, ötən illər ərzində Azərbaycanın xarici siyasətində mühüm nailiyyətlər əldə edilmiş, ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ölkəmizi dəstəkləyən sənədlərin qəbul edilməsi Azərbaycanın mövqeyini daha da gücləndirmiş və legitim addımlar atması üçün daha əlverişli imkanlar yaratmışdır.

Sözsüz ki, 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər təkcə döyüş meydanında deyil, həm də diplomatik cəbhədə Azərbaycanın gücünü və potensialını aydın göstərmiş, xalqımızın əbədi fəxarət mənbəyinə çevrilmişdir.

Vətən müharibəsində şanlı Zəfər qazanmış Azərbaycan postmüharibə dövründə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüquqa əsaslanan 5 əsas prinsipi təqdim etmişdir. Azərbaycan Respublikası Türk dövlətləri arasında əlaqələrin genişləndirilməsinə və inkişaf etdirilməsinə, Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə dəyərli töhfəsini vermişdir və verir.

Azərbaycan Respublikası Prezidentinin seçki platformasında bildirdiyi kimi, 2024-2031-ci illərdə xarici siyasət sahəsində qarşıda dayanan hədəflərə çatmaq üçün milli maraqlara və beynəlxalq hüquqa söykənən müstəqil və prinsipial xarici siyasətin davam etdirilməsi, qonşu ölkələrlə, eləcə də türk dövlətləri ilə əlaqələrin və Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi, strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması və beynəlxalq təşkilatlarda fəal iştirakın təmin edilməsinə xüsusi diqqət ayrılması təqdirəlayiqdir.

Prezident İlham Əliyev tərəfindən Azərbaycanın milli maraqlarına mümkün təhdidlərin adekvat cavablandırılması və ölkənin davamlı inkişafı üçün zəruri şəraitin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Həyata keçirilən siyasət bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə həllini təmin edir və Azərbaycan qlobal, regional təhlükəsizliyə, sülhün və ədalətin qorunmasına, davamlı inkişaf üçün əməkdaşlığa mühüm töhfə verən ölkəyə çevrilib. Məlumdur ki, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrdə həyata keçirdiyi quruculuq nəticəsində dünyanın güclü orduları sırasına daxil olan Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyaraq torpaqlarımızı işğaldan azad etdi. Bununla da, xalqımıza, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı ən böyük təhdid aradan qaldırıldı. Cənab Prezidentin bildirdiyi kimi, "Bu gün milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri üzrə - xarici siyasət, hərbi, ictimai, iqtisadi, sosial, ekoloji, informasiya, milli, dini və digər sferalarda vəzifələrin tam yerinə yetirilməsi dövlətimizin və cəmiyyətimizin mümkün təhdidlərdən etibarlı müdafiəsini təmin edir. Buna görə də Azərbaycanda daxili təhlükə mənbələri mövcud deyildir, əsas təhdid və təhlükələr ölkə sərhədləri xaricində formalaşır".

2024-2031-ci illərdə milli təhlükəsizlik və müasir ordu quruculuğu sahəsində Azərbaycanın təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun hər cür təsirlərdən qorunması prioritet məsələlərdəndir. Müasir müdafiə sənayesi və infrastrukturun davamlı inkişaf etdirilməsi, milli təhlükəsizlik potensialının artırılması, müdafiə qabiliyyətinin gücləndirilməsi nəticəsində dövlətimizin daha da irəli getməsi mümkündür.

Müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişaf etməsi xalqımızın və dövlətimizin uğurlu sabahının təminatçısıdır. Məlumdur ki, son 20 ildə Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin seçki platformasında 2024-2031-ci illərdə gənclər siyasəti sahəsində hədəflərə nail olunması nəzərdə tutulmuşdur ki, burada da gənclərin elmə və təhsilə həvəsləndirilməsi, ölkənin ictimai-siyasi həyatında rolunun artırılması ən perspektivli istiqamətlərdən biri kimi əksini tapmışdır.

Qasım HACIYEV,

AMEA Qafqazşünaslıq İnstitutunun

Qafqaz tarixi şöbəsinin müdiri,

t.e.d, professor.