Sahibə Qafarova: TÜRKPA parlamentlərin səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilib
Siyasət

Sahibə Qafarova: TÜRKPA parlamentlərin səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilib

Aprelin 28- Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 12-ci iclası keçirilib.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasdan əvvəl təşkilata üzv dövlətlərin parlament rəhbərləri xatirə fotosu çəkdiriblər.

Sonra spikerlər jurnalistlərin suallarını cavablandırıblar.

İclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu ilin fevral ayında qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olmasına görə türk həmkarına başsağlığı verib.

Həm Şura iclasının, həm plenar iclasın gündəliyinin kifayət qədər zəngin olduğunu bildirən S.Qafarova deyib: "Bu, əslində, bizim TÜRKPA çərçivəsində əməkdaşlığımızın səviyyəsinin mühüm göstəricisidir".

TÜRKPA-nın yaradılmasının on beş ili tamam olduğunu söyləyən Milli Məclisin sədri 2009-cu ilin sentyabrında Bakıda birinci plenar iclasın keçirilməsindən ötən illər ərzində TÜRKPA-nın parlamentlərin səmərəli dialoq əməkdaşlıq platformasına çevrildiyini, birgə səylərlə beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşdığını vurğulayıb.

O, Milli Məclisin TÜRKPA çərçivəsində fəaliyyətinə böyük əhəmiyyət verdiyini, bu istiqamətdə bütün lazımi tədbirləri həyata keçirdiyini deyib.

TÜRKPA Katibliyinin fəaliyyətini təqdir edən S.Qafarova bildirib ki, bu fəaliyyət Katibliyin artıq qardaş parlamentlərimiz arasında əməkdaşlığın mövcud tələblərinə cavab verən münasibətlərin dinamik inkişafını təmin edən çevik bir mexanizmə çevrilməsinin bariz göstəricisidir. O, Azərbaycan parlamentinin Katibliyin fəaliyyətini bundan sonra da dəstəkləməyə davam edəcəyini vurğulayıb.

İclasda çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov TÜRKPA-nın Assambleya Şurası plenar iclasında aparılacaq fikir mübadiləsinin, qəbul ediləcək qərarların təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamını ifadə ediblər. Natiqlər qardaş ölkələrimizdə bu il qeyd ediləcək yubiley tədbirlərini vurğulayaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı təbriklərini çatdırıblar.

İclasda bir sıra təşkilati məsələlər müzakirə olunub müvafiq qərarlar qəbul edilib.