Sabitliyə qarşı yönəlmiş çevriliş cəhdi
Siyasət

Sabitliyə qarşı yönəlmiş çevriliş cəhdi

1990-cı ildə yaradılan Xüsusi Təyinatlı Polis Dəstəsinə (XTPD) rəhbərlik Rövşən Cavadova tapşırılmışdı. R.Cavadov 1992-ci ildə ölkədə yaranmış vəziyyətdən istifadə edərək, Daxili İşlər Nazirliyindəki vəzifəsi sayəsində XTPD-yə nəzarəti tam ələ keçirmiş, səlahiyyətlərdən sui-istifadə etməyə başlamışdı...

Qarabağda separatçı hərəkata son qoymaq istəyən Azərbaycan 1992-ci ilin iyulunda hərbi əməliyyata hazırlaşırdı. 4 iyulda R.Cavadovun dəstəsi Ağdərəyə daxil olur. Lakin kömək sayəsində ermənilər bu əməliyyatın qarşısını ala bilir.

1993-cü ildə Surət Hüseynovun Gəncədə qaldırdığı üsyan nəticəsində aciz vəziyyətdə qalan hakimiyyət Naxçıvandan ümummilli lider Heydər Əliyevi Bakıya dəvət edir. 1994-cü ildə Heydər Əliyev tərəfindən "Bişkek" protokolu və bundan bir müddət sonra da "Əsrin müqaviləsi" imzalanır. Ümummilli Liderin rəhbərliyi ilə böyük uğurlara imza atan Azərbaycanı daxildən parçalamaq istəyən qüvvələr Cavadov qardaşlarını öz tərəflərinə çəkməyə müvəffəq olurlar. Beləcə, dövlətə və dövlətçiliyə sui-qəsd üçün xəyanətkar "obrazları" seçilir. Artıq bundan sonra zorakı hadisələr silsiləsi başlayır. Ali Sovetin deputatlarına Bişkek protokolu və "Əsrin müqaviləsi" barədə şantaj zəngləri olur, hətta Ali Sovetin sədr müavininə sui-qəsd edilir.

1995-ci ildə Rövşən Cavadovun dəstəsi Gürcüstana 150 ton mis apararkən dövlət orqanları tərəfindən saxlanılaraq üzərinə həbs qoyulur. Buna cavab olaraq R.Cavadovun Xüsusi Təyinatlı Polis Qüvvələri Qazax şəhərində yerləşən hərbi hissəni ələ keçirərək Ağstafa və Tovuz şəhərlərinə hücum edir, yol-patrul postunu tuturlar. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə 13 martda üsyançılara qarşı tədbirlər görülür və onlar məğlub edilir. Bir gün sonra Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) ləğv olunur və Rövşən Cavadov daxili işlər nazirinin müavini vəzifəsindən azad edilir. Bu isə hər şeyin sonu demək idi. Lakin əsas məsələ martın 16-da bəlli olur. Cavadov və dəstəsi 8-ci kilometrdə yerləşən OMON-un qərargahında mətbuat konfransı keçirir. Bu zaman jurnalistlərdən birinin sualı çevrilişin gizli üzünü ifşa edir. Rövşən Cavadova "Bəlkə qardaş qırğınının qarşısını almaq üçün təslim olasınız?" sualını verən müxbirə cavab belə olur: "Artıq çox gecdir". Bu isə o mənaya gəlirdi ki, Rövşən Cavadov hərbi çevriliş cəhdinin ən kiçik iştirakçılarından biri olub. Məsələnin arxasında bu gün də sirli olaraq qalan bir neçə ölkənin kəşfiyyat idarələri var idi. Cavadov isə xaricdən gələn şirnikləndirici vədlərə aldanmışdı.

Sonrakı hadisələr isə hər kəsə məlumdur. Martın 16-da gecə OMON-un qərargahında təşkil edilən əməliyyat səhər saatlarına qədər davam edir. Nəticədə daha öncə statusu ləğv edilən dəstənin üzvləri zərərsizləşdirilir. Rövşən Cavadov isə yaralanaraq xəstəxanaya aparılan zaman yolda vəfat edir. Beləliklə, təəssüf ki, qardaş qırğını baş verir.

Çevriliş cəhdi üçün OMON və Cavadov qardaşlarının seçilməsinin bir neçə səbəbi var idi. Çünki həmin dövrdə OMON dəstəsinin səlahiyyətləri daha da genişlənmişdi və ölkədə özbaşınalıqlar edirdi. Məhz xarici qüvvələrə də belə "qeyri-müəyyən" güc lazım idi. Bu, ölkədəki müxaliflərə də sərf edirdi. Belə ki, çevriliş cəhdi həm iqtidarın, həm də Rövşən Cavadovun sonunu gətirəcəkdi. Digər tərəfdən isə, omonçuların cəbhə xəttindən 8-ci kilometrə qədər geri çəkiləcəyini öncədən hesablayan şər qüvvələr bu yolla Ermənistanın yeni əraziləri işğal etməsini asanlaşdırmaq istəyirdilər. Həmçinin Rövşən Cavadov da öz taleyindən görünür narahat idi. Heydər Əliyevin ölkədə artan nüfuzu XTPD-nin ləğvini gündəmə gətirmişdi. Çünki dəstənin üzvləri öz öhdəliklərini aşaraq respublikamızda fəaliyyət göstərən bəzi müxalifət qüvvələri ilə birləşir, hakimiyyəti devirmək proqramı ilə hərəkət etməyə başlayırdılar.

Rövşən Cavadov hərbi çevrilişə cəhd göstərmiş və bununla da xalqa xəyanət etmişdi. Xarici kəşfiyyat orqanlarının əlində oyuncağa çevrilən R.Cavadov öz maraqları naminə qardaş qırğınını gözə alaraq yenicə sabitlik qazanmış ölkəni uçuruma sürükləməyə çalışsa da, onun qarşısı qətiyyətlə alındı. Dövlətə və dövlətçiliyə satqınlıq kimliyindən asılı olmayaraq heç bir halda bağışlana bilməz.

Tacir SADIQOV,

"Respublika".