“Bacıların” istəyi ilə keçirilən daha bir görüş fiaskoya uğradı
Siyasət

“Bacıların” istəyi ilə keçirilən daha bir görüş fiaskoya uğradı

Ermənipərəst çıxışlara ən düzgün cavab Azərbaycanın Qranada toplantısında iştirak et məməsi oldu

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin 3-cü toplantısında Azərbaycan iştirak etmədi. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin görüşdə iştirak etməsi ilə bağlı fikir ayrılığı olmuşdur. Azərbaycan tərəfi məhz belə bir şəraitdə danışıqlar aparmaqdan imtina edib.

Məsələyə münasibət isə fərqlidir. İlk öncə onu deyək ki, Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsini təqdir edir. Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik mətbuat konfransında bildirib ki, Avropa liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüşə qatılmasına etirazları qəbuledilməzdir: "Avropa Qarabağın azad edilməsindən narahatdır. Məhz buna görə də onlar Türkiyə Prezidentinin Qranada görüşündə iştirak etməsini istəmir. Qafqazda həqiqətən sülh istəyənlər bu görüşdə ilk olaraq Rəcəb Tayyib Ərdoğanın iştirak etməsini istəməlidir. Amma onlar yenə təktərəfli siyasətlərini davam etdirirlər. Beləliklə, cənab İlham Əliyevin görüşə getməməsi, "bizim gündəmimiz sülhdür, sizin nəticə vəd etməyən siyasətinizi bir daha rədd edirəm" mənasını verir.

Xatırladaq ki, məsələyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da münasibət bildirib. O qeyd edib ki, Azərbaycanın Qranadada planlaşdırılan görüşdə iştirak etməmək qərarı onun suveren hüququdur: "Mövqeyini və siyasətini müəyyən etmək hər bir ölkənin suveren hüququdur. İndiki halda söhbət onsuz da bizim iştirak etməyəcəyimiz görüşdən gedir. Buna görə də tərəflərin qərarlarını şərh etməyə lüzum görmürəm. Üstəlik, Bakı bütün addımlarını mütəmadi olaraq izah edir və informativ şəkildə münasibət bildirir".

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərə müsbət qiymət verir və bu istiqamətdə Avropa İttifaqı Şurasının, onun rəhbərinin fəaliyyətini yüksək dəyərləndirir. Ancaq onu qeyd etməliyik ki, Fransa Prezidenti Emmanuel Makron masada oturmağa başlayandan sonra Brüsselin vasitəçiliyində irəliləyiş olmayıb. Həmçinin Şarl Mişelin Makronun təzyiqiylə masa iştirakçılarının sayını artırması da yanlış qərardır. Bu mənada İlham Əliyevin "masada Fransa və Almaniya varsa, Türkiyə də olmalıdır", tələbi yerində hesab edilir. Əslində, bu təklifin qəbul edilməməsi Brüsselin vasitəçiliyini heçə endirə bilər. Azərbaycan isə Brüssel formatının Fransa üzündən ləğvini istəmir. Bu, Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsun Prezident İlham Əliyevə zəngi fonunda da diqqətə çatdırılıb.

Olaf Şolts telefon danışığında region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. Vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir. Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək dəyərləndirib. Bu fonda isə Azərbaycanın dövlət başçısı Bakının regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini bildirib.

Fransa Prezidenti isə rəsmi Bakının Qranada görüşündən imtina etməsini Ermənistanla sülh danışıqlarından boyun qaçırması kimi təqdim edib: "Fransa prezidentinin Azərbaycan və Türkiyənin Qranadadakı tədbirdə iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir". Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

Ümumiyyətlə, Qranada görüşü Parisin təşəbbüsü ilə keçirilmişdi və Azərbaycan Prezidentinin iştirakı olmadan Paşinyan, Şolts, Makron və Mişelin qəbul etdiyi birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü (86.600 kvadratkilometr) tanınsa da, detallar heç də Bakının maraqlarına və mövqeyinə uyğun deyil. Mümkündür ki, bu bəyanat öncədən hazırlanmışdı və dövlət başçısının görüşdən imtina etməsinin səbəblərindən biri məhz bu olub. Bəyanatda separatizm toxumlarının Qarabağda yenidən baş qaldırması planı nəzərdə tutulur. İkincisi, Azərbaycanın qoşunlarını sərhəddən geri çəkməsi istənilir. Üçüncüsü, Zəngəzur dəhlizi - Naxçıvana "maneəsiz keçid" məsələsi qəbul edilmir. Şərtlərdən biri isə sərhədlər məsələsidir. Yəni Ermənistanla Türkiyə sərhədlərinin açılması tələb olunur.

Ermənistan-Türkiyə sərhədlərinin bağlanmasının səbəbi isə hər kəsə bəllidir. Qardaş ölkə bu sərhədi 1988-ci ildə Ermənistan Azərbaycana torpaq iddialarına başladığı ilk dövrdən bağlayıb və Türkiyə tərəfi dəfələrlə vurğulayıb ki, iki ölkə arasında sərhədlər yalnız Ermənistan Azərbaycana torpaq iddialarından əl çəkdiyi və sülh müqaviləsini imzaladığı təqdirdə açıla bilər.

Beləliklə, iki bacının istəyilə keçirilən daha bir görüş də fiaskoya uğradı. Nəticəsiz olan bu görüş də Fransanın qeyri-konstruktiv bəyanatları, qeyri-sağlam hərəkətləri, səsləndirilən absurd fikirləri ilə yadda qaldı. Azərbaycanın ermənipərəst çıxışlara ən düzgün adekvat cavabı Qranada görüşündə iştirakdan imtina etməsi oldu...

Zümrüd QURBANQIZI,

"Respublika".