Prezident seçkiləri ilə əlaqədar 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb
Siyasət

Prezident seçkiləri ilə əlaqədar 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb

Məzahir Pənahovun sədrliyi ilə fevralın 1-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2024-cü il 26 yanvar tarixli iclasının protokolu təsdiq olunub.

Sonra fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsinə baxılıb. Aparılan geniş müzakirələr zamanı ölkəmizdə keçirilən seçkilərdə 2008-ci ildən etibarən müvəffəqiyyətlə tətbiq olunan veb-kamera təcrübəsinin seçkilərin izlənilməsinə qatılmış çoxsaylı aşkarlıq institutları, yerli və beynəlxalq müşahidəçilər, media nümayəndələri, eləcə də peşəkar seçki mütəxəssisləri tərəfindən mütərəqqi nailiyyət kimi yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. Veb-kameralardan qarşıdan gələn seçkilərdə də istifadə edilməsinin səsvermə günü şəffaflığın daha böyük miqyasda təmin olunmasına mühüm töhfə verəcəyinə əminlik bildirilib.

İclasda, həmçinin vurğulanıb ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində veb-kameraların tətbiqi layihəsi Mərkəzi Seçki Komissiyasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə sıx əməkdaşlığı şəraitində reallaşdırılıb.

Komissiya prezident seçkiləri ilə əlaqədar seçki günü səsvermə məntəqələrində proseslərin əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmasına qərar verib. Verilmiş qərarda veb-kameraların quraşdırılması üçün zəruri olan fəaliyyətin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilərək başa çatdırılması və veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısının dərc edilməsi nəzərdə tutulub.

Beynəlxalq müşahidə missiyaları və xarici təşkilat təmsilçiləri, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media nümayəndələrinin iştirakı ilə keçirilən iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib, cari məsələlərə baxılıb.