Öz gözündə tiri görməyib özgə gözündə tük axtarır
Siyasət

Öz gözündə tiri görməyib özgə gözündə tük axtarır

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin 7 fevral seçkiləri ilə bağlı verdiyi bəyanat əvvəlki standart yanaşmalarından elə də fərqlənmir. Həmişəki kimi, eyni mövqedən çıxış edib, hansısa tövsiyələrdən, qanun pozuntularından danışıblar. Yaxşı xatırlayırıq ki, hələ 2016-cı ildə Amerikada keçirilən prezident seçkiləri zamanı hakimiyyətə gələn Donald Trampı demokratlar saxtakarlıqda iddiham edirdilər ki, başqa bir dövlətin müdaxiləsi ilə seçilib. Bu barədə müxtəlif şayiələr gəzirdi. Özünü "demokratiyanın beşiyi" elan edən ölkədə belə bir hadisənin baş verməsi isə heç bir nəticə vermədi və unuduldu.

Azərbaycan seçki prosesini izləmək üçün beynəlxalq təşkilatların nümayəndələrini dəvət etmişdi. Müşahidəçilərin hər birinin seçki ilə bağlı fikirləri, müşahidələri açıq formada mətbuatda yayımlanıb. Onların hər biri gördüklərini müstəqil olaraq ifadə ediblər. Hər hansı qanun pozuntusundan danışılmır. Bu gün ABŞ "demokratiyanın qoruyucusu" imici formalaşdırmağa çalışır. Ölkələrdə gedən seçki prosesində hər bir vətəndaş öz səsini verib və nəticədən məmnundursa, buna heç bir ölkənin müdaxilə etməsinə ehtiyac yoxdur. Seçki hər bir dövlətin daxili məsələsidir. Ağ Ev kimi, kənar qüvvələrin özünəməxsus şəkildə fərqli don geyindirərək etirazlar etməsi isə onun milli maraqlarından irəli gəlir. Onu da qeyd edək ki, burada olan beynəlxalq qurumlar dəqiqliklə müşahidə apardı və mətbuat konfransları keçirdilər. Seçici fəallığını, şəffaflığı və kobud müdaxilələrin olmamasını vurğuladılar.

Nəticə etibarilə onu deyə bilərik ki, çoxluq heç bir marağı olmadan, qarşılıq güdmədən eyni şeyi ifadə edirsə, deməli, burada həqiqət var. Ancaq bir dövlət və ya təşkilat digərlərinin əksinə belə bir açıqlama, bəyanat verirsə, deməli, artıq şəxsi maraqlar rol oynayır. Bununla da ölkənin daxili işlərinə qarışma halları özünü büruzə verir. Bütün bunlara baxmayaraq, Azərbaycan bir daha sübut etdi ki, heç bir dövlət onun daxili məsələlərinə müdaxilə edə bilməz. Biz öz gələcəyimizlə bağlı qərarları yalnız özümüz verə bilərik.

Tural ƏLİYEV,

politoloq.