ATƏT-in bəzi strukturlarının fəaliyyətsizliyi özünü açıq şəkildə göstərir
Siyasət

ATƏT-in bəzi strukturlarının fəaliyyətsizliyi özünü açıq şəkildə göstərir

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfransdan öncə qarşı tərəflərin istəyi ilə bir sıra görüşlər keçirildi. Fevralın 16-18-də baş tutan konfransa Azərbaycanın dəvət edilməsi bir daha geosiyasi müstəvidə ölkəmizin mövqeyini ortaya qoyur.

Bu gün ATƏT-in təşkilat kimi fəaliyyəti bir sıra suallar doğurur. Eyni zamanda ATƏT-in bəzi qurumları var ki, onlar öz işlərini dayandırmalıdırlar. Onların arasında Minsk qrupunun, Yüksək Səviyyəli Planlaşdırma Komitəsinin adı xüsusi çəkilməlidir. Çünki sözügedən qurumlar ciddi formada həm Avropa, həm də ATƏT üçün lazımsız xərclərin ayrılması ilə xarakterizə olunur. Bildirildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü baş tutdu. Ölkə başçımız qeyd edilən məqamlar ətrafında bir çoxlarının söyləmək istədiyi fikirləri səlahiyyətli şəxsin diqqətinə çatırdı. ATƏT-in sadalanan bəzi strukturlarının fəaliyyətsizliyi uzun müddətdir ki, özünü büruzə verib. Minsk qrupu 30 il ərzində Azərbaycan və Ermənistan arasındakı keçmiş münaqişənin həlli istiqamətində heç bir addım atmayıb. Eyni zamanda Azərbaycanın torpaqlarının işğal altında saxlanması faktına heç bir real siyasi təsir göstərə bilməyib. ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Komitəsi də üzərinə götürdüyü öhdəliklərin bir çoxunu yerinə yetirməyib, lazımsız struktur halına gəlib. Bütün bunlar isə ATƏT-in büdcəsinin boşuna xərclənməsinə səbəb olub. Minsk qrupu artıq ömrünü başa vurubsa, ATƏT-dən bu quruma müəyyən sərmayə yatırılması düzgün deyil. Əksinə, qurumun bu məbləği daha əhəmiyyətli layihələrə və strukturlara ayırması daha məqsədəuyğun hesab edilir.                            

Tural İSMAYILOV,

siyasi şərhçi.