Ağır daşları tərpətmişik...
Siyasət

Ağır daşları tərpətmişik...

Adi, şablon və dəyərsiz bir ifadə kimi yalnız kağız üzərində qalan Avropa demokratiyasından naftalin və kif qoxusu gəlir. Ağıllarında və dillərindəki demokratiya paslı tüfəngə bənzəyir, avropalılar ondan özlərinə sərf edən şəkildə istifadə etməyə adət ediblər. Ədalət və vicdan Azərbaycana qarşı qəbul etdikləri çürük qətnamələrdə ayaqlar altına atılır, qərəz, kin, təhdid, haqsızlıq önə çıxarılır. Avropada bir faşizm kabusu dolaşır, irqçilik, etnik nifrət bu qitədə baş verənlərin fonunda daha aydın görünür, özünəvurğunluq həddini aşır, sözə baxmayan ölkələrə nifrət püskürdülür, həyatın bütün sahələrində mənəvi, əxlaqi, siyasi çökmələr baş verir. Qərb və xüsusilə Avropa, ən çox da Fransa xalq dili ilə desək, ilanı seyid Əhmədin əli ilə tutmağa çoxdan vərdiş edib. Əcnəbilər daha göylərdə balonlarla gəzmir, onlar çirkli və kirli siyasətin səmasına baş vurur, digər ölkələrə və xalqlara dərs keçmək istəyirlər. Lakin onların dərslərinin arxasından həmişə bir qəmbərqulu çıxır, yaxud da təklənərək əzilir, torpaq itkisi ilə üzləşirlər. Buna ən yaxın tarixdə daha çox rast gəlirik.

Otuz il Avropa dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə, bir milyona yaxın azərbaycanlının həyatına və taleyinə vurulan zərbələrə, soyqırımına, məcburi köçkünlüyə seyrçi qaldılar, işğal nəticəsində Azərbaycanın üzləşdiyi humanitar böhranı görməzdən gəldilər. Torpaqlarımızın işğal altında qalmasına laqeyd yanaşan, hətta rəsmi Bakını bu "status-kvo" ilə barışmağa təhrik etməyə çalışan bəzi qərb dövlətlərinin bu gün tutduqları mövqe, sözün birbaşa mənasında ikiüzlülükdən başqa bir şey deyil. Haylar havadarlarına arxalanaraq Ermənistandan, keçmiş Dağlıq Qarabağdan və ətraf rayonlardan bir milyona yaxın azərbaycanlını silah gücünə, min bir işgəncə ilə, zülmlə, sitəmlə, qırğınla dədə-baba yurdlarından didərgin saldılar, öz evlərindən qovdular. Demokratiyadan, insan haqlarından danışmağı sevən Avropa lal, kar, kor oldu, bu faciəni, müsibəti görmədi, işğalçının tərəfində dayandı, ona silah-sursat göndərdi, işğalı dondurmağa cəhd etdi. Küçə qadınlarının iyrənc bəzəyinə oxşayan ucuz ifadə, söz danışmaqdan başqa birtərəfli mövqe nümayiş etdirən Avropa demokratları, qoca qarılar kimi dodaqları altında mızıldandılar, çox hallarda isə əleyhimizə danışdılar. Haqlı sual yaranır: Bəzi Qərb dövlətlərində BMT-nin dörd məlum qətnaməsini öz gücümüzlə həyata keçirməyimiz nədən bu qədər hiddət doğurur? Prezident İlham Əliyev ilin əvvəlində yerli televiziya kanallarına verdiyi müsahibəsində görünən və görünməyən tərəflərə açıq mesaj verdi: "Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir".

İki yüz illik erməni işğalına siyasi və hərbi arenada son qoyan, tarixi qələbələrimizin memarı, Müzəffər Ali Baş Komandanın bu sözləri real həyatın son üç ilində açıq müşahidə edilir. Cılız, sərsəm, kinli, ermənipərəst mövqe Avropanı sarmaşıq kimi sarıb, qəbul etdikləri iki qətnamədən biri Azərbaycanın əleyhinədir, Ermənistana isə həmişə sümürcək konfet vəd edilir. Bu gün Avropa elə bir səviyyəyə enib ki, bir milyarddan çox yer kürəsi sakininin iman gətirdiyi müqəddəs Qurani-Kərimi təhqir etmək istəyənlər orada sıraya düzülüb. Bu hərəkələri ilə onlar müsəlmanların heysiyyətini təhqir etməyi özlərinə fəxr bilirlər. Dünyanın gözünə kül üfürərək özünü insan haqlarının, mədəniyyətin beşiyi(?!) kimi təqdim edən Avropanın ortasında, Fransada Azərbaycan şairi Natəvanın heykəli təhqir olunur, yetkililər buna susur. Abidədən qisas alanların mədəniyyəti budurmu? İş o yerə çatıb ki, hətta idmanda, futbol meydançalarında da xalqımıza "göz dağı" verməkdən belə çəkinmirlər. "Qarabağ" futbol klubunun cəsarətli və peşəkar oyunundan qıcıqlanan avropalı hakimlərin ardıcıl iki mərhələdə heç bir ciddi səbəb olmadan aparıcı oyunçunu meydandan çıxarması təsadüfi deyildi. Bu sinizm, etnik nifrət, cılızlıq, kinayə, paxıllıqdır. Budurmu dünyanın mədəniyyət (?!) beşiyi hesab edilən qarımış qitə?

Böyük şairimiz M.Ə.Sabirin təbirincə desək, ey əcəb, biz ki, sədaqət və ədalət yolunu azmamışıq, hayların bizə etdiklərini beşdəbirin etməmişik, bəs bu avropalılar niyə sancılanırlar? Qarabağda və Şərqi Zəngəzurda işğalçı Ermənistan qüvvələrini, separatçıları, terrorçuları, uşaq qatillərini döyüş meydanında diz çökdürmüşük və yerdə qalanlarını isə torpaqlarımızdan qovub çıxarmışıq. Bu qədər! 44 günlük müharibədə və 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatında bir nəfər də olsun mülki erməninin burnu qanamadan, bir mülki evə, tarixi abidəyə toxunmadan, zərər vurmadan əldə edilən qələbəni günümüzdə davam edən Rusiya-Ukrayna, İsrail-Həmas savaşları ilə görəsən müqayisə etmir bu qərb riyakarları? Bu günlərdə Ermənistan parlamenti Azərbaycanla sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. Missiya 2023-cü ilin yanvarında yaradılıb, dekabrda isə missiya iştirakçılarının sayı 138 nəfərdən 209 nəfərə qədər artırılıb. Ermənistan parlamentinin bu razılaşmanı məhz indi ratifikasiya etməsi isə bir sıra mətləblərdən xəbər verir. Heç şübhəsiz, bu, Aİ, ABŞ, Fransa və Ermənistan siyasi və hərbi rəhbərliklərinin təhlükəsizliklə bağlı keçirdikləri görüşlərə birbaşa aiddir. Şübhəsiz, bu format Azərbaycana qarşı yönəlib, Cənubi Qafqazda yaranmaqda olan kövrək sabitlik hədəf götürülüb. Təhlükəsizlik təminatı adı altında Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan dağıdıcı vasitə kimi istifadə olunması Cənubi Qafqazda sülhə, sabitliyə və təhlükəsizliyə zərbə vuran Qərbin pozuculuq fəaliyyətində xüsusi yer tutur. Qərb həm də dünyanın bir sıra regionlarında, o cümlədən Cənubi Qafqazda yeni nüfuz bölgüsü həyata keçirir və formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmaq planları qurur. Bu isə regionda ciddi təlatümlər, yeni müharibələr və qarşıdurmalar vəd edir. Açıq şəkildə müşahidə edilən bu geosiyasi oyunun arxasında Rusiyanı Qafqazdan çıxarmaq, İrana təzyiq üçün regiondan istifadə etmək və Azərbaycana "demokratiya", "söz və insan azadlığı" kimi çeynənmiş ibarəli sözlərlə təsir göstərmək, nəticədə bu ölkədən daha çox iqtisadi resurslar qoparmaq dayanır. Deyirlər, yalançının yaddaşı olmaz. Ona görə də Qərb Azərbaycan siyasi rəhbərliyinin diplomatik gücünü, beynəlxalq aləmdə və ölkədə olan danılmaz nüfuzunu, siyasi praqmatik keyfiyyətlərini bəzən unudur. Dövlətimizin başçısı birmənalı və qəti şəkildə son üç il ərzində mesaj verib ki, Azərbaycan müharibədə qalib gəldi. Bu müharibə labüd idi, ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Artıq sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Otuz il ərzində Ermənistan işğalçı və təcavüzkar siasətdən əl çəkmədi. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. Ölkəmiz sabitlik və regionun dayanıqlı inkişafı naminə sülh istəyir.

30 ilə yaxın münaqişənin həll edilməsi ilə məşğul olan ATƏT-in həmsədr ölkələrinin nümayəndələri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vəhşiliyi, qəddarlığı görməməzliyə vurdular, tərəfkeşlik nümayiş etdirdilər, cinayətkar hayların azərbaycanlıların evlərinin dağıdılmasına, şəhərlərin və kəndlərin xarabalığa çevrilməsinə heç bir reaksiya göstərmədilər. Əksinə, işğalı danmağa cəhdlər edən, münaqişəni dondurmağa çalışan ATƏT-in keçmiş Minsk qrupu üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmədi. Qəribədir, ilkin dövrdə Aİ-nin Ermənistandakı missiyası qısamüddətli olmalı idi. Ancaq sonradan uzunmüddətli status təsdiq olundu və onun hərbiləşdirilməsinə başlanıldı. Qərb bu yolla regiona hərbi müdaxiləyə cəhd etdiyini gizlətmir. Hazırda ABŞ-ın də bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda hərbi bazasını yaratması deməkdir. Bütün bu proseslər Azərbaycanın sərhədlərində baş verir və təbii ki, ölkəmizə qarşı yönəlib.

Görünən odur ki, Qərb inteqrasiya olunmuş, əməkdaşlıq mühitinin formalaşdığı, sabitliyin yarandığı Cənubi Qafqaz əvəzinə militarizasiya olunmuş və silah-sursatla doldurulmuş, barıt çəlləyini xatırladan region istəyir. Bu prosesdə Ermənistan tarixi ənənəsinə sadiq qalaraq vasitəçi qismində çıxış edir. Xalqın təbirincə desək, "ya zəlzələdən, ya vəlvələdən" Rusiyanın bu gün haqlı və ədalətli tərəf olan Azərbaycanla münasibətləri Avropanı qıcıqlandırır. Bayquş xislətli solovyovlar, simonyanlar, zatulinlər erməni pulu hesabına Azərbaycana qarşı piyar kampaniyası aparsalar da, Rusiyanın rəsmi dairələrinin indiki mövqeyi rəsmi Bakının maraqları ilə uzlaşır. ABŞ başda olmaqla Qərbin regiona hərbi müdaxiləsi başqa mətləblərdən xəbər verir. Ya tufan öncəsi sakitlikdir, ya da pərdələr arxasında türk dünyasının birliyini pozmaqla bağlı hansısa gizli razılaşmalar var.

Salman ALIOĞLU,

"Respublika".