Qərb Azərbaycana qarşı yeni təxribatlara start verib
Siyasət

Qərb Azərbaycana qarşı yeni təxribatlara start verib

Qütbləşən dünyada qlobal güclər öz mənafeləri naminə beynəlxalq prinsipləri davamlı olaraq pozurlar. Dörd bir yanda baş verən savaşların, insan tələfatının, bəşəriyyəti təhdid edən hadisələrin qarşısını almaq əvəzinə, münaqişə ocaqlarını daha da qızışdırmaqla özlərinə dividend qazananlar bu gün “ədalət qoruyucusu” qismində çıxış edirlər. Xüsusilə qeyd etmək lazımdır ki, həm Avropaya, həm də Amerika qitəsinə olduqca uzaq məsafədə yerləşən Cənubi Qafqaza maraq getdikcə daha da artır. Xristian təəssübkeşliyi, maddi maraqlar hesabına kar, kor, lal olan rəsmilərin qərəzli bəyanatları, dövlət səviyyəsində “səviyyəsizlik” hadisələrin axarına təsiretmə mexanizmləridir. Məhz bu riçaqlar vasitəsilə regiona daim təzyiq göstərilir. Cənubi Qafqazda mütləq sülhün əldə edilməsi üçün çalışan Azərbaycana qarşı yürüdülən bu siyasət qərbin ermənipərəstliyini sübut edir.

Son periodda baş verən hadisələr Azərbaycan-ABŞ münasibətlərində normallaşmanı vəd edirdi. Güman edilirdi ki, ötən il noyabrın 27-də ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək köməkçisi Ceyms O’Braynın “qələtlərinə” görə üzrxahlıq etməsi, münasibətlərin normallaşdırılması məqsədilə dekabrda O`Braynın Azərbaycana səfərinə icazə istəməsi ABŞ-ı bu ermənipərəst mövqeyindən daşındırıb. Çünki bundan öncə “907-ci düzəliş”in yenidən gündəmə gətirilməsi, ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsində Azərbaycanın istək və iştirakı olmadan “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələrin keçirilməsi münasibətləri gərginləşdirmişdi. Görünür, hər şey “gözdən pərdə asmaq” üçün imiş. Belə ki, rəsmi Vaşinqton ötən il sentyabrın 19-20-də öz ərazilərində antiterror tədbirləri keçirən Azərbaycanı dini etiqad azadlığına nəzarət siyahısına əlavə edib. Antoni Blinkenin Azərbaycanı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına” daxil etdiklərini bəyan etməsi ikiüzlülüyün siyasi görünüşüdür.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il hesabatında ölkəmizi ittiham etdiyi hər iki iddia göstərir ki, tolerant ölkə kimi Azərbaycanın sahib olduğu bu yüksək keyfiyyətlərə zərbə vurulmağa çalışılır. Qeyd edilib ki, guya Qarabağda xristian dini irsi qorunmur, erməni əhalisinin hüquqları pozulur. Əvvəla, uzun illər sonra Qarabağda sepratizmin kökünün kəsilməsi ilə orada yaşayan erməni əhalisinin həyatı məhz Azərbaycan tərəfindən xilas edilmişdir. Deməli, cinayətkar xunta rejiminin ləğvi, rüşvətxor “nazir”lərin məsuliyyətə cəlb edilməsi ABŞ-ı təxmin etdiyimizdən daha çox narahat edir.

Regional və beynəlxalq müstəvidə Azərbaycanın dini azadlıqlara qarşı mövqeyini danmaq sadəcə gülüncdür. Hazırda Ermənistanda bir nəfər belə azərbaycanlı yaşamadığı halda, Azərbaycanın inzibati ərazilərində minlərlə erməni məskunlaşmışdır. Onların dini azadlıqlarına isə hər hansı bir maneə yoxdur. Bu, təkcə xristian dininə deyil, digər dinlərə qarşı da Azərbaycanın yanaşmasıdır. Ermənilər isə 30 il ərzində 60-dan çox məscidimizi tövlə kimi istifadə etmiş,  donuz saxlayaraq İslam dünyasını təhqir etmişlər. Bu faktları dilə gətirməyərək, ermənilərin dini hüquqlarının pozulmasından bəhs olunması  məsələnin pərdəarxasında erməni lobbisinin maliyyə vəsaitinin olduğunu göstərir.

Hesabatda müəlliflər siyahısına nəzər salsaq görərik ki, hayların kirli əlləri bura qədər uzanıb. Belə ki, sözügedən məkrli hesabatı məhz Daniella Aşbaxyanın rəhbərlik etdiyi dövlət komissiyasının ictimai xidməti hazırlayıb. Bəs kimdir Daniella ? ABŞ-da ən böyük erməni lobbi təşkilatı olan Amerikanın Erməni Assambleyasının, həmçinin Livanın Los-Ancelesdəki konsulluğunun keçmiş direktorlarından biri... Qeyd etmək lazımdır ki, Aşbaxyanın uzun müddət başqa dövlətlərin maraqlarına xidmət edən fəaliyyətindən sonra ABŞ-ın dövlət qurumunda xarici siyasəti müəyyən edən materiallar hazırlaması bu ölkənin foreign influence laws (xarici təsir qanunları) görə yolverilməzdir.

Digər tərəfdən,rəsmi Vaşinqton məsələyə Qubad İbadoğlunun həbsini, “202 siyasi məhbus” kimi əsassız qeydləri də qatır. Aydındır ki, Bayden administrasiyası Azərbaycan ilə Ermənistan arasında sülh prosesindən artıq kənarda qalan ermənipərəst Fransanı əvəzləyir. Xatırladaq ki, Fransanın Evian-lö Bən şəhər meriyası şəhərdə “Azərbaycan Parkı” adı ilə bağlı  bütün lövhələrin yığışdırılmasına və parkdan Natəvanın heykəlinin sökülməsinə dair qərar qəbul edib.

Tacir SADIQOV,

“Respublika”.