Qlobal çağırışlar, yeni yanaşmalar
Siyasət

Qlobal çağırışlar, yeni yanaşmalar

Regionda yeni reallıq yaradan Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir.

Ölkəmizin regionda aparıcı aktora çevrilməsi onun beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsinə gətirib çıxarıb. Belə ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığa böyük önəm verir.

2024-cü il martın 14-də Bakı daha bir əhəmiyyətli tədbirə ev sahibliyi etdi. 2013-cü ildən keçirilən Qlobal səviyyəli Bakı Forumu ənənəvi olaraq hər il Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunur. Tədbirdə qlobal problemlərə münasibət bildirmək üçün ali və yüksək nüfuzlu simalar, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. Qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu sayılan miqrasiyanın qarşısının alınması üçün tədbirlər forumun başlıca mövzularından olur. Son bir il ərzində üç böyük toplantı təşkil olunub ki, onların hər birində konkret bir missiyanın yerinə yetirilməsi qarşıya məqsəd kimi qoyulmuşdur. Amma Qlobal Bakı Forumu heç bir halda konkret bir istiqamət, məqsədli, hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdmür.

"Parçalanmış dünyanın bərpası" mövzusu altında keçirilən builki forumda geosiyasət, davamlı inkişaf, texnologiya və mədəni diplomatiyanı əhatə edən çoxsaylı məsələlər müzakirə mövzusu olub. Parçalanmış dünya bu gün qlobal narahatlılıq yaradır. Dünya həmişəkindən daha çox beynəlxalq məsələlərin, aktual problemlərin müzakirəsinə, həll yollarının tapılmasına ehtiyac duyur. Qarabağ kimi həll olunmuş münaqişələri yenidən "alovlandırmaq" cəhdləri, sülhə əngəl olmaq dünyanın parçalanmasına səbəb olur. Ona görə də Bakı Forumu kimi platformaların yaradılması və inkişaf etdirilməsi bu məsələlərin həllini tapmaqda mühüm rol oynayır.

44 günlük Zəfər savaşından sonra biz təkcə Ermənistanla deyil, eyni zamanda ona dəstək olan havadarları ilə də siyasi və diplomatik mübarizə aparırıq. Bu qarşıdurmada müsbət beynəlxalq əks-səda yaradacaq tədbirlərin keçirilməsi və onlara ev sahibliyi edilməsi yaranmış yeni reallığın şərtlərini bütün dünyaya qəbul etdirmək üçün çox gözəl fürsətdir. Bu cür önəmli beynəlxalq tədbirlərin və oradakı çıxışların fonunda Azərbaycana qarşı aparılmaqda olan qara piar kampaniyası isə tamamilə mənasız və gülünc görünür.

Məlum olduğu kimi, son dövrlərdə Qərbin, xüsusilə Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi özünü açıq şəkildə büruzə verir. Anti-Azərbaycan siyasəti Fransada daha çox nəzərə çarpır. Bu yaxınlarda Fransanın Evian şəhərində yerləşən Natəvanın heykəlinin vandalizmə məruz qalması rəsmi Parisin xəbis niyyətindən xəbər verir. XI Qlobal Bakı Forumu çərçivəsində Prezident İlham Əliyev bu məqama toxunaraq Paris daxilində güclənən anti-Azərbaycan ideyasından danışıb: "Təəssüflər olsun ki, bundan sonra baş verənləri normal dərk etmək mümkün deyil. Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi".

Qeyd edək ki, hadisə ilə bağlı rəsmi Bakı dəfələrlə Parisə müraciət etsə də Fransa hökuməti problemin həllini ləngitməyə çalışırdı. Sonda Azərbaycan heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə aparılmasına nail oldu.

Öz gücünü mədəniyyət abidələrinə vandallıq törədərək göstərən, neokolonist ölkə Fransanın ən qorxaq və aciz prezidenti olan Makron güc nümayiş etdirməyə çalışsa da ağır formada alçaldılıb. Ukraynaya yardım vəd edən Makron Rusiyanın qorxusundan artıq 3-cü dəfədir ki, səfərini təxirə salır. Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsindəki hesabında yazıb ki, heç bir siyasi lider heç vaxt Fransa prezidenti Emmanuel Makron kimi qorxusunu belə göstərməyib. "Bütün Rusiya ona gülür! Heç bir siyasi lider heç vaxt qorxusunu belə göstərməyib". Makronun uğursuz siyasəti onu bir daha alçaltdı. Cəsarəti, qətiyyəti olmayan Makron kimi bir şəxsin ölkəyə rəhbərlik etməsi Qərbdə ciddi lider böhranı olduğunu göstərir.

Röya RÜSTƏMLİ,

"Respublika".