Prezidentin köməkçisi: Dünyada hələ də müstəmləkə siyasəti yürüdən ölkələr mövcuddur
Siyasət

Prezidentin köməkçisi: Dünyada hələ də müstəmləkə siyasəti yürüdən ölkələr mövcuddur

Dünyada hələ də, yəni, XXI ərdə müstəmləkə siyasəti yürüdən ölkələr mövcuddur. Hərdən düşünürsən ki, bu siyasət köhnə yüz ildə qalıb. Amma təəssüflər olsun ki, belə deyil.

“Respublika”xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 21-də jurnalistlərə açıqlamasında söyləyib.

Hikmət Hacıyev bildirib ki, Avropa İttifaqının üzvü Fransa dənizin o tayında olan 13 ölkəni müstəmləkə əsarətində saxlayır. “Bakı konfransında bu ərazilərdən gələn insanları dinləyəndə görürsən ki, onlar XVII və XVIII əsrlərdə olduğu kimi, hələ də Fransa müstəmləkəçiliyindən əziyyət çəkdiklərini dilə gətirirlər. Qəmər adaları Fransa tərəfindən işğal edilib və bu gün onun ilhaqı siyasəti həyata keçirilir.

Bu gün Fransa Avropa ölkəsi olaraq hər kəsə dərs verməyə çalışır. Bəs o zaman bu ölkə onun müstəmləkə siyasətindən əziyyət çəkən, hüquqları pozulan insanları niyə dinləmir? Fransada islamofobiya amilləri güclənməkdədir. Bu ölkədə müsəlmanların hüquqları pozulur. Fransa bu insanlar, beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşımır”, - deyə Hikmət Hacıyev diqqətə çatdırıb.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində üzv ölkələrin müstəmləkə siyasətindən əziyyət çəkməsini diqqətdə saxlayır. QH-nın təməl prinsipini isə məhz müstəmləkə siyasətinə qarşı mübarizə təşkil edir.