Müqəddəs ideallar uğrunda
Tarix

Müqəddəs ideallar uğrunda

20 Yanvar Azərbaycanın istiqlal yolunun zirvəsi, azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir.

Xalqımızın səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyət elan etdi. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların xüsusi kontingentinin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Respublikamızda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 1994-cü il 5 yanvar tarixli Fərmanında Milli Məclis Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Ümummilli lider Heydər Əliyev demişdir: "Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən təcavüz deyildi, bu, bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi və bizim xalqımıza qarşı soyqırımı idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır".

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azadlığı və müstəqilliyi uğrunda şəhidlər verdi. Lakin xalqın iradəsi sınmadı və milli ruhu sarsılmadı. Ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Faciənin ildönümü hər il izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarları önünə al qərənfillər düzür, onların xatirəsini qürurla anır, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Həmçinin yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Xalqımız 20 Yanvar qurbanlarının qəhrəmanlığını yaddan çıxarmır, onların müqəddəs arzularını həyata keçirir, dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi üçün səy göstərir. Şəhidlərin xatirəsi əziz tutulur, xalqımızın azadlığı uğrunda öz həyatlarını qurban vermiş Vətən övladlarının müqəddəs idealları nəsillərə nümunə göstərilir.

20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı qəhrəmanlıq nümayiş etdirdi. Haqq-ədalət yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

M.MİRZƏ,

"Respublika".