Karvan yolu uzaqdır...
Tarix

Karvan yolu uzaqdır...

2020-ci il dekabrın 10-da Azadlıq meydanında hərbi paradın keçirilməsindən üç il ötdü

Bakı, Azadlıq meydanı. Bu meydan çox hadisələrin şahididir. Azadlıq mücadiləsinin başladığı ilk vaxtları xatırlayıram. Milli-azadlıq hərəkatının mücahidlərinin mübarizəyə səsləyən çıxışlarını eşitmək, ümumxalq savaşına dəstəyini ifadə etmək üçün axın-axın gəlirdi insanlar. Səsucaldıcılardan axıb gələn "Cəngi" (Üzeyirin "Koroğlu" operasından) sədaları: "Vətənin sənə ehtiyacı var, ər oğul özünü savaşa hazırla deyirdi". İnsan seli dəniz tək dalğalanır deyilən hər sözü azadlıq məlhəmi kimi içinə çəkirdi. Gələcək mübarizəmizin yol göstərənləri güclənən ehtirasları tezcə ram edib hiss və duyğuları ağlın öhdəsinə buraxırdı. Haradansa həzin bir səs gəlirdi, "Karvan" (Soltan Hacıbəyov) səslənirdi. Səsləndikcə intəhasız bir cahan bəxş edir, aylı-ulduzlu, günəşli bir aləmi canlandırırdı göz önündə:

Karvan gedir aramsız,

                        gecə qara, yol uzaq,

Arxamda mavi dəniz,

                        öndə qarlı Savalan.

Xəyali gözəllik bütün füsunkarlığı ilə insanı heyran qoyur, həzin və lətif musiqi çalarları düşüncələri ovsunlayır, sirli bir aləmə qanadlandırırdı. Həyat fəlsəfəsindən söhbət açır, lirik hisslərin toplusuna çevrilir, azadlıq, mübarizə, intiqam hissilə alışıb yanan qəlblərin zərif tellərini coşdururdu "Karvan". Bu musiqidə işıq vardı, qüdrət vardı, qeyrət vardı. "Karvan" çalınır, karvan gedirdi toz buludunu yara yara... İlhamımız qanadlanıb uçurdu onun ardınca:

Dəvələr bir ahənglə

                        yenə addımlayaraq

Ötürlər babaların keçdiyi

                        tozlu yoldan.

Dəvələr aram-aram addımlayır, zınqırov səsi səni Xəzərin sahilindən alıb Cıdır düzünə aparır, Topxana meşəsində ağacların köksünə sancılan baltaların səsinə qarışırdı. Karvan gedirdi, bu yol uzaq bir yoldu, mənzilbaşına çatmaq üçün hələ çox yol qət edəcəkdi. 1988-ci ilin meydan hərəkatından 2020-ci ilin dekabrınadək düz 32 il yol gedəcəkdi...

Azadlıq meydanı. Bu meydan çox hadisələrin şahidi olub, 2020-ci il dekabrın 10-da yaşanan izdihamı, sevinci yəqin ki, özünün "yaddaşına" əbədi yazıb Azadlıq meydanı. Düşmənin 30 illik işğalına son qoyan Vətən müharibəsindəki tarixi qələbəmizə həsr olunan Zəfər paradını deyirəm. Yenə də insan seli ilə dolmuşdu bu meydan, ürəklər riqqətlə döyünür, həyəcan artırdı. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan tribunada öz yerini tutur, dövlət himnləri səslənir, sonra hərbi marşın sədaları pərdə-pərdə ətrafa yayılıb Xəzərin sularına qarışır, sahilləri aşıb uzaq-uzaq məmləkətlərə aparır qələbə sevincimizi. Zəfər paradına "Zəfər" ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev parad üçün sıraya düzülmüş qoşunları salamlayır. Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra savaşın ilk saatlarından Azərbaycanın haqq işini dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirərək deyir: "Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət Zəfər çalsın və buna nail olduq".

Bəli, torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı, yüz minlərlə həmvətənlimiz didərgin salındı, Azərbaycan Prezidenti bütün beynəlxalq tribunalardan bunu bəyan etdi və bu nəhəng diplomatik fəaliyyət öz bəhrəsini verdi. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı, dəstəklədi. Dövlətimizin başçısı hələ 2003-cü ildə Prezident seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Həmin gün Ali Baş Komandan qürur hissi ilə söyləyirdi ki, Azərbaycan öz istəyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Sonra söz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verilir:

İsa bulağının zümzüməsini,

Cabbarın, Seyidin, Xanın səsini,

Dalğalı Qarabağ şikəstəsini,

Babək türbəsini necə pay verim?

Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur misralarını söyləyirdi Türkiyə lideri: "Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə inşallah, dastan yazmaqda davam edəcək", - deyirdi.

Çıxışlar bitir, Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları, dəniz piyadaları, Xarici Kəşfiyyat və Dövlət Təhlükəsizliyi xidmətlərinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, Birinci, İkinci, Üçüncü, Dördüncü və Altıncı Ordu Korpuslarının hərbi qulluqçuları, Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları, silahlı qüvvələr bir-birinin ardınca meydandan keçir. O qüvvə ki, Ali Baş Komandan: "...Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq...", - deyib güvənmişdi ordusuna. 2020-ci il noyabrın 10-da Ermənistan təslim aktını imzaladı. Bu, bizim şanlı hərbi qələbəmiz idi... Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun peşəkarlığını, hərbçilərimizin qəhrəmanlığını göstərdi. Babaların yüz üç il öncə Gəncədən Bakıya istiqlalı gətirən Zəfər yolu nəvələrin sayəsində Qarabağdan da keçdi. Azərbaycan əsgəri Zəfər salnaməsi yazdı.

O parad qardaşlıq paradı idi həm də, çünki Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular da Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyətləri, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli qvardiyasının hərbi qulluqçuları ilə birgə, yanaşı, çiyin-çiyinə keçdi tribuna önündən. Sonra hərbi texnika nümayiş etdirildi. Hərbi Dəniz Qüvvələrinə və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə məxsus döyüş gəmiləri dənizdən parada dəstək verdi. 35 il əvvəl yola çıxan karvan mənzilbaşına çatmışdı, bir qədər dincəlib təkrar yola çıxacaqdı, üzü Xankəndiyə sarı cəmi üçillik yolu qalmışdı, 2020-ci il dekabrın 10-da Azadlıq meydanından yola çıxıb 2023-cü ilin sentyabrında Qarabağda-Xankəndidə lövbər saldı. Bu karvanın yükü ağır, yolu uzaqdır. Karvan gedir, üzü Göyçəyə sarı!..

Zümrüd QURBANQIZI,

"Respublika".