Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 40 və 41-ci günləri

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

5 noyabr

  • Vətən müharibəsinin 40-cı günü döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi istiqamətlərində itkilər verərək geri çəkilməyə məcbur edilib.
  • Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatına başlamasından 40 gün ötüb. Bu müddət ərzində Azərbaycan Ordusu müharibə tarixlərinə düşəcək yeni bir səhifə açıb. Düşmənə ciddi zərbələr vuran ordumuz torpaqlarımızı işğaldan azad etməkdə davam edib. Həmin günə olan məlumata əsasən artıq 2618 kvadratkilometr ərazi işğaldan azad olunub (ümumi 12088 kvadratkilometrdən). Bu da işğal olunmuş ərazilərin 21,7 və ya ölkə ərazisinin 3 faizini təşkil edir. Eyni zamanda rəsmi məlumata görə, işğal olunmuş ərazilərdə 900 yaşayış məntəqəsindən 209-u azad olunub.
  • Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntülərini yayıb.
  • Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 5-dək 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 77 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 46 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 23 kəndi azad olunub.
  • Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələrinin həyata keçirdiyi əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya zərbələri ilə dağıdılıb.
  • Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət olaraq bölmələrimizin ələ keçirdiyi hərbi texnikaların görüntülərini paylaşıb.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib: "Cəbhədəki durum Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət boyunca Azərbaycan demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarını, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, ancaq Ermənistanın demək olar ki, 30 il boyunca əməl etmədiyi qətnamələrini yerinə yetiririk".
  • "Faktiki olaraq, işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmişkən, biz artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik". Bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.
  • Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyası və hərbi kolonu pusquya salınaraq məhv edilib.
  • Baş Prokurorluğun məlumatına əsasən düşmənin təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 5-dək 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb, 2971 ev, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşüb.
  • Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib. Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd "KamAz" maşını və qoşqusunda top olan 3 ədəd "Ural" maşını tamamilə məhv edilib.

6 noyabr

  • Vətən müharibəsinin 41-ci günü döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin bəzi yerlərində şəxsi heyətini və hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib.
  • Ermənistan ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb.
  • Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri tərk edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb. Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb", - deyə məlumatda vurğulanıb.
  • Tərtər rayonunun işğal olunmuş Göyarx (keçmiş Levonarx) kəndinin ərazisindəki düşmənin atəş nöqtələrinə çıxarılan minaatanların heyəti bölmələrimizin dəqiq zərbəsi ilə məhv edilib.
  • "Düşmənin silah-sursat anbarı partlayıb". Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi paylaşıb. Bildirilib ki, Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub: "Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib. Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi".
  • Düşmənin minaatanlarının atış nöqtələrinə və döyüş mövqelərinə zərbələr endirilib.
  • Ermənistan ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb.
  • Düşmənin komandir heyəti də daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki "KamAZ" maşını və qoşqusunda top olan üç "Ural" maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilib.
  • Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 6-dək 92 nəfər həlak olub, 404 nəfər isə xəsarət alıb, 3064 ev, 100 yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
  • Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
  • "Qarabağ heç vaxt Ermənistanın olmayıb". Bunu erməni mənşəli rusiyalı kinorejissor Karen Şahnazarov deyib. O, Dağlıq Qarabağ münaqişəsinin, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünə toxunduğunu deyib: "Ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalın əbədi davam edə biləcəyi barədə illüziya Ermənistan rəhbərliyini aldadıb". Rejissorun sözlərinə görə, aydın idi ki, gec və ya tez azərbaycanlılar ərazi bütövlüyünü bərpa edəcək.
  • Müdafiə Nazirliyinin verdiyi məlumatda bildirilir ki, düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir. Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yaranıb: "Belə ki, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatları, yanacaq-sürtkü materialları çatışmır. Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldurmaq imkanına malik deyil. Bundan əlavə, qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsilib və bölmələrin idarə olunmasında da problemlər yaranıb.
  • Düşmən Tərtərin kəndlərini atəşə tutub. Xankəndi yaxınlığında düşmənin silah-sursat anbarı partlayıb.
  • Zəngilanın Əmirxanlı kəndinin videogörüntüləri yayılıb.

"Respublika".