Bakının qədimliyinə, görünüşünə gözəllik qatan amillərdən biri də möhtəşəm memarlıq nümunələri olan binalardır. Özündə böyük bir tarix yaşadan bu binalar həm də insan zəkasının, əməyinin məhsuludur. Bu tarixi abidələr özündə Şərq ilə Qərbin memarlıq incilərini yaşadır, qoruyub saxlayır. Azərbaycan memarları ilə yanaşı Avropa memarları da Bakı şəhərinin və bölgələrin tikintisində mühüm rol oynamışlar.
Belə gözəl memarlıq əsərlərindən bir çoxunun müəllifi dövrünün tanınmış ziyalılarından olan Zivər bəy Əhmədbəyovdur. Onun yaratdığı bənzərsiz, qeyri-adi memarlıq inciləri mədəni irsimizdə əvəzsiz yer tutur. Şamaxının Sarıtorpaq məhəlləsində Gəray bəyin ailəsində böyüyən Zivər bəy hələ uşaq yaşlarından musiqiyə, ədəbiyyata, rəssamlığa meyilli olub. İlk ali təhsilli Azərbaycan memarı Zivər bəyi həmkarlarından fərqləndirən ən başlıca xüsusiyyətlərdən biri də onun Avropa təhsili alması idi. O, öz bacarığını təkcə şəhərin inzibati binalarında deyil, həm də Bakı qubernatoru və elitar təbəqənin şəxsi malikanələrinin tikintisində də göstərmişdir.
Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində anadan olub. İlk təhsilini doğma Şamaxı şəhərində alan Zivər bəy 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirir. 1910-cu ildən Bakı şəhərində yaşayan Zivər bəy Əhmədbəyov 1902-1917-ci illərdə Bakı Quberniyası idarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Xalq Cümhuriyyətinin yaradılmasından sonra Bakı şəhərinin baş memarı olmuşdur. Memarın Azərbaycanın bir çox bölgələrində layihələndirdiyi məişət binaları bu gün də görünüşü və əzəməti ilə göz oxşayır. Onun müəllifi olduğu - Şamaxıda Cümə məscidi, İmam məscidi, Bakıda Təzə Pir məscidi, Göyçayda Əbülfəzlil Əbbas məscidi, Əmircanda Murtuza Muxtarov məscidi kimi möhtəşəm layihələri Azərbaycan memarlığının əsasını təşkil edir. Zivər bəy Əhmədbəyov Azərbaycanla yanaşı, Vladiqafqazda da bir sıra yaşayış və məişət binalarının layihəsini hazırlamış, layihələrində milli memarlıq ənənələrindən geniş istifadə etmişdir.
Onun Əmircanda layihəsini verdiyi məscid Şərq memarlıq məktəbinin ən gözəl incilərindən biri kimi dəyərləndirilərək UNESCO-nun tarixi abidələr siyahısına salınmışdır. Zivər bəy Əhmədbəyov memarlıq abidələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük ustalıqla birləşdirərək maraqlı nümunələr yaratmışdır. Bakı şəhərinin gözəlliyinə rəng qatan möhtəşəm binalarından biri də Zivər bəy Əhmədbəyovun layihəsi olan Oftalmologiya İnstitutunun binasıdır. Memarın bir çox yaşayış binalarının tikilməsində də əməyi olmuşdur. Hazırda həmin binalar öz gözəlliyi və maraqlı memarlıq üslubu ilə bu gün də yaşamaqdadır. O, şəhərimizdəki "Doğum evi", "Uşaq xəstəxanası" kimi fərqli tikilişi ilə seçilən binaların da layihəsinin müəllifidir. Memarın Şamaxıda olan iki evindən biri bu günümüzə kimi qorunub saxlanılır. Bu bina qış evi kimi istifadə edilirmiş. Zivər bəy Əhmədbəyov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı işlədiyi zaman şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət "Sentrokaspi diktaturası"ndan azad olunması zamanı şəhid olan azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidə kompleksinin layihəsini də hazırlamışdır.
Zivər bəy Əhmədbəyov 1917-ci ildə "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" Cəmiyyətini yaratmışdır. Əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilən memarın 26 may 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərində heykəli və adını daşıyan parkın açılışı olmuşdur. Memarın adını daşıyan park ilə üzbəüz yerləşən bina isə Zivər bəy Əhmədbəyov layihəsi əsasında inşa edilmişdir.
Azərbaycan memarlıq tarixinin görkəmli nümayəndələrindən olan Zivər bəy Əhmədbəyov 1925-ci ildə intihar etmişdir. Yazılı mənbələrdən aydın olur ki, memarın intihar etməsinə səbəb onun qətiyyən sovet hökumətini qəbul etməməsi olmuşdur. Almaniya, Fransa kimi ölkələrə səfər etdiyindən sovet hökuməti onu sıxışdırırdı. Məlumdur ki, o dövrdə sovet hökuməti xaricə gedən insanları qəbul etmirdi. Zivər bəy Sovet hökumətinin bu cür qərarlarını qəbul etmədiyindən tez-tez münaqişələrlə üzləşirmiş. Ölümündən sonra Zivər bəy Çəmbərəkənddə evinin yanında dəfn olunur. Lakin 1931-ci ildə hökumətin qərarı ilə Çəmbərəkənd qəbiristanlığı dağıdılır, yerində park salınır. Yeganə övladı olan Firəngiz xanım atasının məzarını başqa yerə köçürsə də, tezliklə o yerdə də Fəxri Xiyabanın tikintisi aparılır. Nəticədə, köhnə qəbiristanlıq tamamilə alt-üst edilir. Beləcə, Zivər bəy Əhmədbəyovun məzarı itərək həmişəlik torpağa qarışır.
R.MƏHƏRLƏMOVA,
"Respublika".