ƏFSANƏVİ SƏRKƏRDƏ, UNUDULMAZ QƏHRƏMAN
Tarixi şəxsiyyətlər

ƏFSANƏVİ SƏRKƏRDƏ, UNUDULMAZ QƏHRƏMAN

İkinci Dünya müharibəsi ən dəhşətli, qanlı, dağıdıcı müharibə kimi tarixin yaddaşına həkk olunub. Alman faşizminə qarşı aparılan ölüm-dirim savaşında 700 min nəfərədək azərbaycanlı iştirak etmiş, cəbhədə böyük şücaət, igidlik, qəhrəmanlıq göstərərək ölkəmizin hərb tarixinə parlaq səhifələr yazmışlar. İllər keçsə, nəsillər dəyişsə də ata-babalarımızın hünəri, qəhrəmanlığı unudulmur. Müharibədə fəxri adlara layiq görülmüş, orden və medallarla təltif olunmuş minlərlə soydaşımız xalqımız üçün böyük qələbənin rəmzinə çevrilmişdir.

Dünyaşöhrətli dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, bu gün gənclər bilməlidirlər ki, 1941-1945-ci illər müharibəsində, dünya, bəşəriyyət tarixində ən dəhşətli müharibədə Azərbaycan xalqının generalları, zabitləri, sıraviləri qəhrəmanlıq göstəriblər.

Xalqımızın yetirdiyi ən böyük sərkərdələrdən biri, İkinci Dünya müharibəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovdur. General qəhrəmanlıqlarla zəngin, nəsillərə örnək həyat yolu keçib. 1910-cu il yanvar ayının 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində dünyaya göz açıb. Atası Əhəd kişi kərpic zavodunda fəhlə işləyirdi. Anası Nüşapəri xanım evdar qadın idi. Böyük bir ailənin yükü atanın çiyinlərinə düşürdü. Ailəyə kömək məqsədilə Həzi 12 yaşında atasının yanında işləməli olur. Hər cür çətinliyə, əziyyətə dözür, oxumağa, təhsil almağa daha çox maraq göstərirdi. Həmyerlisi, Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri olmuş general Səmədbəy Mehmandarova həsəd aparır, onun kimi general olmağı arzulayırdı.

Həzi 1924-cü ilin sentyabr ayında komsomol göndərişi ilə Bakıya gəlir və S.Orconikidze adına 1 nömrəli Zaqafqaziya hərbi hazırlıq məktəbinə qəbul olunur. Tərcümeyi-halında yazdığı kimi, bununla orduda xidmət müddəti başlanır. Məktəbdə əla qiymətlərlə oxuyur, müəllimlər onu nümunə göstərirdilər. Tezliklə rota divar qəzetinə redaktor təyin olunur. Dərslərdə və ictimai işlərdə fərqləndiyindən Bakı Gənclər Təşkilatı Şurasına üzv seçilir. 1929-cu ildə məktəbi müvəffəqiyyətlə bitirir. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Şurasının əmri ilə Leninqrad süvari məktəbinə oxumağa göndərilir. İnadla, əzmlə hərbi biliklərə yiyələnir, təlimlərdə daha çox fərqlənir.

1931-ci ilin iyununda Həzi Aslanov buraxılış imtahanlarını verib çoxdankı arzusuna çatır: süvari bölüyün komandiri olur. Ukraynada Kotovski adına 3-cü Bessarabiya süvari diviziyası 15-ci süvari alayında bölük komandiri vəzifəsinə təyin olunur. Lakin bu vəzifədə cəmi bir ay işləyir. Ən yaxşı, fəal komandir kimi zirehli tank kurslarına oxumağa göndərilir. Kursu bitirdikdən sonra Xarkovda hərbi hissədə bölük komandiri, 1933-cü ilin iyununda 2-ci atıcı diviziyanın xüsusi tank rotasına bölük komandiri təyin olunur.

Beləliklə, süvari kimi ordu həyatına başlayan Aslanov atı tankla əvəz edərək peşəkar tankçı olur. 1938-ci ilin fevralınadək 60-cı atıcı diviziyada tank rotasının komandiri kimi çalışır. Rəhbərlik etdiyi tank rotası bütün təlim və məşqlərdə fərqlənir. Gənc komandir 1939-cu ilin fevralında kapitan, bir il sonra mayor rütbəsinə layiq görülür.

Müharibə başlayana kimi Həzi Aslanov bölük komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris atıcılıq hissə üzrə köməkçisi və digər məsul vəzifələrdə çalışıb. Gənc zabit etimadı layiqincə doğruldur, işdə yüksək peşəkarlıq nümayiş etdirir. İctimai fəallığı nəzərə alınaraq kommunist partiyası sıralarına qəbul edilir, Ukraynanın Obruç şəhər sovetinin deputatı seçilir.

Hitlerçilərin qəfil hücumu Həzinin də arzularını yarımçıq qoyur. 1941-ci il iyunun 22-də müharibə başlayanda Həzi Aslanov Ukraynanın Lvov vilayətinin Zoloçev şəhərində xidmət edirdi. Lvov vilayəti və qarnizonun yerləşdiyi Zoloçev şəhəri də hücuma məruz qaldı. Alman diviziyası şəhəri bombalamağa başladı. Dan yeri ağaranda qeyri-bərabər döyüşə girdilər. Qələbəyə alışmış hitlerçilər aslanovçuların sərt müqavimətinə davam gətirməyib geri çəkildilər.

Həmin vaxt Aslanovun həyat yoldaşı Xavər xanım, oğlanları 7 yaşlı Tofiq və 3 yaşlı Arif də yanında idi. Zabitlərin ailələrini vaqonlara mindirib arxa cəbhəyə göndərirlər. Həzinin də ailəsi ümumi vaqonla Bakıya yola salınır.

1942-ci ilin əvvəllində polkovnik-leytenant rütbəsi alan Həzi Aslanov Moskvaya qızıl ordunun zirehli-tank və mexanikləşdirilmiş qoşunlar komandanlığının sərəncamına göndərilir. Moskvanın müdafiəsi uğrunda döyüşlərdə xidmətlərinə görə "Qırmızı ulduz" ordeni ilə təltif olunur.

1942-ci ilin iyul ayında Stalinqrad cəbhəsində 55-ci əlahiddə tank briqadasının komandiri kimi şücaət, igidlik, hünər göstərir. Almanların 300 minlik ordusunu mühasirəyə alaraq çevik əməliyyat nəticəsində düşmənə ağır zərbələr endiriblər. Döyüşə-döyüşə 40 kilometrdən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutanda düşmən canlı qüvvə və texnika sarıdan ağır itki verərək geri çəkilir.

Stalinqrad uğrunda gedən döyüşlərdə gənc komandir cinahlardan zərbə endirmək ustası kimi tanınır. "Pravda" qəzetinin 27 dekabr 1942-ci il tarixli nömrəsində Həzi Aslanov "Cinahlardan zərbə" adlı məqaləsində yazırdı: "Üzbəüz həmlə nə qədər cəzbedici görünsə də mən həmişə üstünlüyü düşmənin cinahlarına zərbə endirməyə verirəm. Düşmənin cinahlarını axtarmaq, ona zəif yerlərindən zərbə vurmaq asan deyildir. Bunun üçün hər bir komandirdən böyük əmək, zirəklik və mətinlik tələb olunur".

Aslanovun tankçıları Kotelnikovo yaxınlığında düşmənin 30 əks-hücumunu dəf edir, bir batalyon piyada qoşununu, 30 tankını, 50 avtomobilini məhv edirlər. Komandanlığın döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə, xüsusi rəşadət və qəhrəmanlıq göstərdiyinə, tabeliyində olan hissələrə bacarıq və mərdliklə rəhbərlik etdiyinə görə polkovnik-leytenant Həzi Əhəd oğlu Aslanov 1942-ci il dekabr ayının 22-də Sovet İttifaq Qəhrəmanı adına layiq görülür. Rəhbərlik etdiyi alaya isə qvardiya adı verilir. Alayın döyüşçüləri fəxrlə deyirdilər ki, bizim qüvvəmiz də, silahımız da düşməndən az idi. Buna baxmayaraq, davam gətirdik və qələbə qazandıq. Çünki bizi döyüşə Aslanov aparırdı.

Gərgin döyüşlərdə qazanılmış Qvardiya Qırmızı Bayrağı saxlamaq üçün korpusun qabaqcıl dəstəsi olan Həzi Aslanovun tank qvardiyasına verilir. Sovet İttifaqı Qəhrəmanı, qvardiya polkovniki Həzi Aslanovun komandanlıq etdiyi hərbi hissə döyüşə-döyüşə Stalinqraddan Mius sahillərinə, Kurskdan Dnepr sahillərinə qədər yol gedib onlarla şəhəri, minlərlə kəndi almanlardan azad edir.

Həzi Aslanov 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-dək "Lenin" ordenli Zirehli Tank Qoşunları Hərbi Akademiyasının birillik akademik kurslarını cəmi 3 aya bitirir. Sonra yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdır. 1944-cü il mart ayının 13-də SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə ona tank qoşunları qvardiya general-mayoru adı verilir.

1944-cü ilin iyun ayının axırlarında Belorusiya və Birinci Pribaltika cəbhəsində gedən döyüşlərdə Aslanovun tankçıları fəal iştirak edirlər. Orşa və Vitebsk uğrunda gedən döyüşlərdə qəfil hücumla düşmənin canlı qüvvəsini və texnikasını mühasirəyə alıb məhv edirlər. Döyüşlərdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası "Qırmızı bayraq" ordeninə, general Həzi Aslanov "İkinci dərəcəli Suvorov" ordeninə layiq görülür.

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyir. O, Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərir. Təkcə 1944-cü ilin döyüşləri zamanı 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alır.

1944-cü ilin yayında Həzi Aslanov məşhur "Baqration" əməliyyatına görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Lakin sovet hərbi rəhbərlərindən biri olan erməni generalı İ.Baqramyan buna mane olur.

Müharibənin qurtarmasına cəmi 3 ay yarım qalmış, qəhrəman general 1945-ci il yanvar ayının 24-də müəmmalı şəkildə həlak olur. Bu barədə tədqiqatçı jurnalist Musa Bağırov yazır: "1945-ci ilin əvvəllərində İ.Stalinin göstərişi ilə bütün müttəfiq respublikalarda müdafiə nazirliyi təşkil olunurdu. Azərbaycanda bu məsələ ilə əlaqədar Mərkəzi Komitə bürosunda Həzi Aslanovun namizədliyi verilir. Bu barədə Stalinə zəng olunur və Həzi Aslanovun respublikanın müdafiə naziri təyin edilməsinə etiraz etmir.

1945-ci ilin yanvarın 23-də Baqramyan Aslanovu yanına çağırıb deyir: "Səni təbrik edirəm! Böyük vəzifəyə gedirsən. Sabah Azərbaycana, Mərkəzi Komitənin sərəncamına keçirsən, bir də təbrik edirəm". Sonra əlavə edir: "Biz bu gün-sabah böyük hücum əməliyyatına başlamalıyıq. Yaxşı olardı ki, sən özün gedib hücum sahəsini təyin edəydin".

Aslanovun silahdaşlarının dediklərinə görə, o günlər həmin regionda heç bir hücum məsələsi, planı olmayıb. Sonralar bu məsələ ilə bağlı bir çox arxivlərdə və eləcə də Podolskdəki hərbi arxivdə hücum planı ilə bağlı bir dənə də olsa sənəd tapmadım və heç olmayıb da. Hətta Həzi Aslanovun ölümündən bir xeyli vaxt sonra da oraya heç bir hücum olmayıb.

Bu, yalnız İ.Baqramyanın uydurduğu bir hiylə imiş. Aslanovun silahdaşlarından polkovnik Klimenko və mayor Beqiaşvili hadisəni olduğu kimi mənə danışdılar. Klimenko o zaman batalyon komandiri, Beqiaşvili isə briqadanın həkimi olmuşdur. Beqiaşvili Aslanovun yaxın dostu olub.

Klimenkonun dediyinə görə, Aslanov Baqramyanın yanından çıxıb, öz hissəsinə gəlir və dincəlmək üçün içində isti soba olan budkalı maşına girir. Aradan 10-15 dəqiqə keçmiş H.Aslanov olan maşın altılüləli minaatandan atəşə tutulur. Həzi ağır yaralanır. Həmin minaatanı isə bizim döyüşçülər almanlardan qənimət götürmüşdülər. O silah bizim ərazidə idi, ondan ancaq bizim tərəfdən atəş açıla bilərdi. Elə təəccüb doğuran da budur.

Beqiaşvili söhbət zamanı dedi ki, Həzi Aslanov yaralanandan 5 dəqiqə sonra özümü ona çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili qan köçürmək lazım idi. Mən fikirləşmədən Həzinin yanında uzanıb, öz qanımdan 500 qram ona köçürtdürdüm. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da etdi.

Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya müşayiət etməli idim. Amma məni onun yanından ayırıb başqa işə göndərdilər. Bu, əlbəttə, qəsdən edildi. O ki qaldı Aslanova, ölməməli idi. Yaralanandan sonra düz 22 saat sağ qaldı. Bu müddət ərzində onu Moskvaya çatdırmaq olardı. Təyyarə isə onun yatdığı evin arxasında saatlarla dayanıb gözləyirdi".

Ölümündən 47 il sonra haqq-ədalət qalib gəldi. Görkəmli tədqiqatçı jurnalist Musa Bağırovun gərgin səyləri sayəsində 21 iyun 1991-ci ildə SSRİ prezidenti M.Qorbaçovun fərmanı ilə briqadanın döyüş əməliyyatlarına uğurla rəhbərlik etdiyinə və "Baqration" əməliyyatının gedişində şəxsi qəhrəmanlıq göstərdiyinə görə Həzi Əhəd oğlu Aslanova "Lenin" ordeni və ikinci "Qızıl ulduz" medalı verilməklə o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

İkinci Dünya müharibəsində cəmi 17 tankçı iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onlardan biri də həmyerlimiz Həzi Aslanovdur. Əfsanəvi sərkərdənin Volqadan başlamış Baltikədək döyüş yolu 3 dəfə "Qırmızı Bayraq", "Aleksandr Nevski", "2-ci dərəcəli Suvorov", "1-ci dərəcəli Vətən Müharibəsi" ordenləri və çoxlu medallara, dəfələrlə Ali Baş Komandanlıq tərəfindən təşəkkürnamələrə layiq görülüb.

Bakı şəhərində uyuduğu Şəhidlər xiyabanında, doğulub boya-başa çatdığı Lənkəran şəhərinin mərkəzində möhtəşəm abidəsi ucaldılıb. 1969-cu il may ayının 9-da Lənkəran şəhərində ev-muzeyi açılıb. Dövlət səviyyəsində dəfələrlə yubileyləri qeyd olunub.

Bakıda və respublikamızın rayonlarında, Moskvada, Stalinqradda, Ukraynada, Belorusda, Pribaltikada neçə-neçə məktəb, küçə, meydan və xiyaban qəhrəman sərkərdənin adını daşıyır. Stalinqraddakı məşhur "Mamayev kurqanı" ansamblında qəhrəmanlıq, mərdlik simvolu kimi tanınan 32 mərmər xatirə pilləsindən biri Həzi Aslanovun şərəfinə qoyulub. Moskvada yaradılmış "Ehtiram dağı"ndakı ansamblda da onun adı qızıl hərflərlə yazılıb.

Görkəmli sərkərdəyə ən yüksək qiyməti xalqımızın ümummilli lideri Heydər Əliyev verib: "Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə, general, həm də vətənpərvər bir insan, vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş, həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır".

Əlisəfa HƏSƏNOV,

"Respublika".