Dahiləri bir də belə tanıyaq!
Tarixi şəxsiyyətlər

Dahiləri bir də belə tanıyaq!

Hacı Zeynalabdin Tağıyev

Azərbaycanın tanınmış neft maqnatlarından biri, xeyriyyəçi, ilk qızlar məktəbinin yaradıcısı və nəhayət başmaqçının milyonçu oğlu Hacı Zeynalabdin Tağıyev... Oğlu ilə bacanaq olan, şəxsiyyət vəsiqəsində həyat yoldaşına görə yaşını "cavanlaşdıran", kasıb gəldiyi dünyadan elə kasıb olaraq da köçən bu adamın həyatı elə də asan olmayıb...

Tağıyev Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım onun 10 yaşı olanda vəfat edib. Uşaqlıqdan təmkinli və zəhmətkeş olan balaca Hacını atası on yaşında bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda artıq daş yonmağı bacaran Hacı 15 yaşında bənnalıq etməyə başlayır. Beləcə, bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınır. Sonralar o, özünü ticarət və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanan Tağıyev bir çox dükanlara sahib olur, nəhayət, günlərin bir günü gözlənilmədən torpağındakı quyuda neft fontan vurur və milyonçuya çevrilir.

Deyilənə görə, Hacı çox qənaətcil adam olub. Yandırılan kibritə belə qənaət edən milyonçu evinə qulluqçu götürəndə onun israfçıl olub-olmadığını sınaqdan keçirərmiş. Belə ki, qulluqçu evdəki bütün lampaları bir kibritlə yandırmadığı halda, Hacı onu işə götürməzmiş. Bununla yanaşı, həm də çox səxavətli insan olan Hacı bir gün Almaniyada səfərdə olarkən oradakı bahalı restoranların birinə girir. Həmişə saqqal saxlayan Hacı künc masalardan birini seçərək əyləşir. Gözləyir… Ancaq xidmətçi ona yaxınlaşmır. Səbəbi isə xidmətçinin Hacını xarici görünüşünə görə yoldan keçən zənn etməsi olur. Xeyli gözləyən Hacı oranı tərk etmək qərarına gəlir. Bir müddətdən sonra restoran rəhbərliyi xəbər tutur ki, onların saqqallı qonağı Bakıdan gələn bir milyonçudur. Cəld ağanın arxasınca bir elçi göndərirlər. Ağanı restorana gətirərək ondan üzr istəyir və onun üçün 20 nəfərlik bir masa açıb müxtəlif təamlarla bəzəyirlər.

Hacı rəhbərlikdən masanın 100 illik qiymətini öyrənir. Daha sonra o, restoranın rəhbəri ilə 100 illik müqavilə imzalayır və müqavilədə qeyd olunur ki, 100 il ərzində bu restorana gələn hər bir azərbaycanlı bax, elə belə bir masa ətrafında təmannasız yeyib-içə bilsin. Və belə də olur. Həmin restoran 100 il ərzində ora daxil olan azərbaycanlılara təmənnasız qulluq edir...

Hacı iki dəfə ailə həyatı qurub. Onun birinci arvadı öz əmisi qızı Zeynəb xanım olub. Bu izdivacdan Hacının iki oğlu, bir qızı- İsmayıl, Sadıq və Xanım dünyaya gəlib. Milyonçunun ikinci arvadı isə məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Məhz Sona xanımla evlənməklə Tağıyev öz oğlu ilə bacanaq olmuşdu. Belə ki, general Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi.

Bu evlilikdən isə Hacının Leyla, Sara, Sürəyya, Məhəmməd və İlyas adlı övladları dünyaya gəlib. Məhəmmədin həyatı faciəli sonluqla bitib. Belə ki, 18 yaşlı Məhəmməd Lənkərandakı "Vəhşi diviziya"da xidmət edərkən görür ki, cavan zabitlər tapançanın topunda bir güllə saxlayıb lüləni gicgahlarına tuşlayaraq bəxtlərini sınayırlar. O da bu yolla bəxtini sınamaq istəyir, lakin tapança açılır və onu öldürür. Hacının digər oğlu İlyas isə xəstəliyə tutularaq vəfat edir.

Deyilənə görə, Sona xanım Tağıyevdən çox kiçik olduğundan aradakı yaş fərqini azaltmaq məqsədilə milyonçu özünü "cavanlaşdırmaq" üçün sənəddə doğum tarixini dəyişdirib. Hələ bu harasıdır, Tağıyevin Sona xanımla bağlı başı çox bəlalar çəkib. Belə ki, təhsilinə sponsorluq etdiyi Lütfəli bəy Behbudovla Tağıyev arasında dövrün səs-küyünə səbəb olan qalmaqal yaşanıb. Deyilənlərə görə, Tağıyev bu gənci Sona xanıma yaxınlaşmaqda ittiham edib və onu bir neçə nəfərə döydürüb. Behbudov isə şərəf və ləyaqətini qorumaq üçün Tağıyevi məhkəməyə verib. Milyonçunun növbəti qarşıdurması isə dövrün ən məşhur aktyoru Hüseyn Ərəblinski ilə olub. Deyirlər, Ərəblinskinin də Sona xanımdan xoşu gəlib. Sona xanım aktyora həm maddi, həm də mənəvi yardımlar edib.

Sovet Rusiyasının Azərbaycanı işğal etməsi ilə Tağıyev üçün vəziyyət kökündən dəyişmiş, məhz o zaman milyonçu bütün var-dövlətini itirmişdir. Sovet hökuməti onun bütün şəxsi mülkünü müsadirə etmişdir.

Hacı Zeynalabdin 101 yaşında vəfat edib və onun dəfni böyük izdihamla müşayiət olunub. Hacını özünün vəsiyyətinə əsasən Bakının tanınmış axundu Molla Abuturabın ayağının altında dəfn ediblər.

Alfons Alle

"Zamanı öldürməkdən danışırıq, amma bizi öldürən zamandır". Belə demişdi Fransanın yumoristik yazıçısı, jurnalisti, rəssamı və nəhayət, bəstəkarı Alfons Alle... Ədəbiyyat, rəssamlıq, musiqidə konseptualizm və minimalizmin "gizli" qurucusu və sələfi kimi tanınan bu dahi şəxsiyyətə dünyanın ən qəribə, ən ekssentrik insanı olub desək, yanılmarıq...

Alfons Alle Fransanın liman şəhəri olan Honfleurda anadan olub. Onun atası Charlz-Auqust Allais əczaçı, anası isə evdar qadın idi. Alfonsun atası köhnə qaydalara riayət edən, çox dürüst və dövrünə görə hörmətli adam olub. Çox pula meyilli olmayan bu adam ixtisasca kimyaçı olduğu üçün hazır dərmanların satışından savayı onların hazırlanması və resept yazmaqla da məşğul olurdu. Alfons gənc yaşlarından atasının təcrübələrindən faydalanmış, onun aptekində işləməyə başlamışdı. Yazıçı uşaqlıqdan çox güclü yumor hissinə sahib idi. Hər zaman belə deyərdi: "Dünyada insanları güldürməkdən daha gözəl bir şey yoxdur". İnsanlarla zarafatlaşmağı çox sevən yazıçı hətta xəstələrə əsl dərmanlar əvəzinə yalançı həblər verməkdən də zövq alırdı. O bunu etməklə həm də xəstələrin üzərində "plasebo effekti"nin təsirini (psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti) sınamış olurdu.

Həyatı boyu yalnız bir şeylə kifayətlənməyən bu dahi şəxsiyyət maraqlandığı hər bir sahədə özünü sınamaqdan çəkinmir, tez bir zamanda uğur qazanmağa can atırdı. O, məşhur "Qara Kvadrat" şəklini Rusiyanın tanınmış rəssamı Kazimir Maleviçdən əvvəl çəkmiş və adını isə "Qaranlıq gecədə zəncilərin mağarada döyüşü" qoymuşdu. Bu ənənə sonralar da davam etmişdi. Sonradan həm ağ, həm də qırmızı kvadratlar Alle Alfons tərəfindən təsvir edilmişdi. Qeyd edək ki, onun "Ağ kvadrat" əsəri "Duyğusuz qızların qarla ilk təmasları" adlanır.

Yazıçının özünəməxsus vərdişləri vardı. Hər gün dan yeri sökülməmiş yuxudan duran yazıçı oyanmaq üçün sərin su ilə yuyunar, daha sonra isə parkda gəzərdi. Yaradıcılığa başlamadan öncə isə hər zaman spirtli içkidən istifadə edirdi. Ən çox sevdiyi içki isə viski idi. Bu içki ona sanki xüsusi bir rahatlıq gətirirdi.

Alfons Alle çox gec ailə qurub. 41 yaşında Marqarita adlı xanımla evlənən yazıçı həyat yoldaşı ilə birlikdə Parisdə məskunlaşıb. Ömürlərinin sonuna qədər birlikdə yaşayan cütlüyün övladı olmayıb. Maraqlıdır ki, həyatı boyu kafe, restoran kimi əyləncəvi məkanlardan nifrət etdiyini söyləyən yazıçı ömrünü elə oralarda yeyib-içməklə keçirib. Ən acınanacaqlısı isə odur ki, 51 yaşında elə həmin məkanların birində-Osten-Foks adlı bir kafedə də dünyasını dəyişib...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".