Şərq mədəniyyəti və ədəbiyyatının dərin bilicisi
Tarixi şəxsiyyətlər

Şərq mədəniyyəti və ədəbiyyatının dərin bilicisi

Aida xanım çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdı

Əsrlər boyu filosoflar böyük insanların obrazının həyat qayəsini açmağa çalışarkən son nəticədə belə bir qənaətə gəlmişlər ki, şəxsiyyətin formalaşmasında mühit əsas amildir. Professor Aida İmanquliyeva kimi işıqlı bir insanın mənəvi-genetik irsinin əsasında  da belə bir saf mühit dayanır.

Azərbaycanda ərəb ədəbiyyatşünasları məktəbinin yaradıcılarından biri sayılan Aida İmanquliyeva 1939-cu ildə Bakıda "Bakı" qəzetinin yaradıcısı və 32 il redaktoru olmuş Nəsir İmanquliyevin ailəsində dünyaya göz açmış, ADU-nun şərqşünaslıq fakültəsinin yeni açılmış ərəb bölməsində təhsil almışdır. 1966-cı ildə Universitetin Yaxın Şərq xalqları kafedrasında namizədlik dissertasiyası müdafiə etdikdən sonra Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. Elmi mühitdə çox tez parlayan Aida xanım 1976-cı ildə Şərqşünaslıq İnstitutunda yaranmış ərəb filologiyası şöbəsinə müdir təyin olunmuşdur. Amma Aida xanımın elmi fəaliyyəti tək bunlarla məhdudlaşmır. O, 1989-cu  ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, 1991-ci ildən 1992-ci ilin 19 sentyabrınadək - ömrünün sonunacan Şərqşünaslıq İnstitutunun direktoru olmuşdur.

Aida xanım Azərbaycan tarixində ilk qadın ərəbşünas alim idi. Bu, onun həyat salnaməsində diqqəti cəlb edən ən maraqlı faktlardandır. Tanınmış alim elmi fəaliyyətlə yanaşı, Bakı  Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəbşünas mütəxəssislərin hazırlanması işi ilə də yaxından məşğul olmuşdur. Vaxtilə onun dərslərində iştirak etmiş, mühazirələrini dinləmiş tələbələri Aida xanımı - o təcrübəli pedaqoqu bu gün də böyük ehtiram hissi ilə xatırlayırlar. O, öz elmi araşdırmaları ilə təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük şöhrət qazanmışdır. O dövrdə Azərbaycan keçmiş ittifaq məkanında ərəb filologiyasının əsas tədqiqat mərkəzlərindən biri kimi tanınırdı. Alimin elmi araşdırmaları da ərəb ədəbiyyatının yeni mərhələyə qədəm qoymasında böyük xidmətləri olmuş Əmin-ər-Reyhaninin, Cübran Xəlil Cübranın, Mixail Nüaymənin yaradıcılığı ilə bağlıdır. O, adıçəkilən mütəfəkkirlərin yaradıcılığı barədə keçmiş ittifaq məkanında ilk  tədqiqat aparan alimlərdən biri idi.  Aida xanım yazırdı: "Azadlığı ər-Reyhani fövqəladə dərəcədə geniş başa düşür, -  bu həm şəxsiyyət azadlığı, həm yaradıcılıq azadlığı, həm də xalqın azadlıqdan azad olmasıdır.  ... "göl məktəbi" və transsendentalizm Cübran və ər-Reyhaninin yaradıcılığında romantik metodun təşəkkül tapmasına səbəb oldusa, rus ədəbiyyatı ilə əlaqə və ünsiyyət isə realist  Nüayməni formalaşdırdı". Professorun 3 monoqrafiya, habelə 70-dən artıq elmi məqaləsində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü geniş surətdə tədqiq edilmişdir. Aida xanım təkcə şərqşünaslıq sahəsində deyil, həmçinin Şərq ilə Qərb arasında elmi və mədəni əlaqələrin, ortaq mənəvi dəyərlərin aşkar edilməsində də səmərəli fəaliyyət göstərmişdir. Həmkarları onun araşdırmalarındakı orijinallığı xüsusi qiymətləndirirdilər. Elmi yaradıcılığının ana xəttini Qərb və Şərq mədəni ənənələrinin sintezinin təşkil etməsi, Şərqin neçə-neçə yazarlarının əsərlərini dilimizə çevirməsi, bir ictimai xadim, elmi təşkilatçı olaraq həm də dini şüurları qiymətləndirmək bacarığına malik olması onun geniş dünyagörüşündən xəbər verirdi.

Aida xanımın alimliyi onun Tanrının yalnız sevdiklərinə bəxş edə biləcəyi gözəl,  bənzərsiz keyfiyyətlərini tamamlayırdı. Onu tanıyanlar deyir ki, Allah Aida xanımdan sanki heç nəyi əsirgəməmişdi: zahiri,  daxili gözəllik, mehribanlıq, həssaslıq-yüksək insaniyyətə xas olan  bütün cəhətlər onun simasında cəmləşmişdi.

Nəcibliyi, alicənablığı, mərhəmətliliyi, xeyirxahlığı, başqalarına diqqət və qayğısı ilə ondan dərs alan gənclərə təkcə ərəbşünaslıq elminin incəliklərini öyrətmirdi. Şəxsiyyət olaraq da Aida xanım ətrafındakılar üçün əsl insanlıq mücəssəməsi, insani dəyərləri ondan öyrənib mənimsəmək üçün canlı örnək idi. Onun daxili və zahiri gözəlliyini yüksək qiymətləndirən insanlar Aida xanımı təmkinli, qətiyyətli, ideal qadın obrazı kimi qəbul edir və ona dərin ehtiram göstərirdilər.

Alim xüsusilə yeni nəslə, onun inkişafına, xarakterinin formalaşmasına böyük diqqət yetirirdi. Haqqında söhbət açarkən indi də belə bir ərəb atalar sözünü misal çəkirlər: "Üç şey adama məhəbbət gətirər: ədəbilik, təvazökarlıq, mülayimlik". Aida xanım bu keyfiyyətlərin hər üçünü öz şəxsində bir araya gətirmişdi və onun şəxsiyyətinə olan məhəbbətin sirrini də elə bu məqamda axtarmaq lazım gəlir. O, özü isə həmişə insanın Tanrıda aliliyi gördüyünü, Tanrınınsa insanı öz aynası saydığını söyləyər və əlavə edərdi ki, insan və Allah bir-birini tamamlayır. Bu fikirlər fonunda isə Aida xanımın özünün və onun ana kimi tərbiyə edib böyütdüyü övladlarının mükəmməl bir portreti yaranır. Çünki o, iki qız övladını da məhz bu ruhda tərbiyə edib. Mehriban xanım Əliyeva anası haqqında yazır: "Aida xanım unudulmaz bir şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləmişdir. Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi...".

Aida xanımın insani keyfiyyətlərini, onun parlaq sima sahibi olduğunu, daxili gözəlliyilə xarici gözəlliyinin bir harmoniya  təşkil etdiyini,  göründüyü kimi və olduğu kimi görünməyi bacaran insanlardan olduğunu... qeyd edən Nərgiz Paşayeva isə fikrini belə tamamlayır: "Elə insanlar olur ki, onların ömrü qısa olsa da, qurtarsa da həyatı davam edir. Biz onları görmürük, səsini eşitmirik, amma qəlbimiz onlarla danışır. Gözlərimiz onları görmür, amma onların siması, cizgiləri, surəti daim canımızda, qanımızda, ürəyimizdədir və o surət bizi heç vaxt tərk etmir".

Akademik Vasim Məmmədəliyev Aida xanım haqqında danışarkən deyirdi: "Aida İmanquliyeva çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, bütün varlığı milli kökə, xalqa bağlı şəxsiyyət olmuşdur. Onun əsərlərində xalqın maariflənməsi, milli yaddaşın qorunması, tərəqqiyə doğru irəliləməsi kimi nəcib niyyətlər daim  özünü qabarıq göstərmişdir. Elmi tədqiqatlarını əsl alim təəssübkeşliyi ilə aparan, ərəb filologiyası sahəsində özünəməxsus məktəb yaradan görkəmli alim ərəb ədəbiyyatının bir sıra korifeylərinin yaradıcılığını tamamilə yeni rakursdan araşdıraraq  onları Azərbaycan ədəbi ictimaiyyətinə tanıtmışdır. Bununla da o, ərəb və Azərbaycan ədəbiyyatları arasında möhkəm körpü yaratmağa, ədəbi xəzinəmizi daha da zənginləşdirməyə çalışmışdır".

Aida xanım böyük arzularla yaşayırdı. Təəssüf ki, vaxtsız əcəl onun planlarını, arzularını da yarıda qoydu, lakin ona olan sevgini azalda bilmədi. Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır...

Zümrüd QURBANQIZI,

"Respublika".