Minalar ciddi təhdid yaradır
Gündəm

Minalar ciddi təhdid yaradır

Müharibələr bitsə də, özündən sonra ağır nəticələr, təhlükələr qoyur. "Gizli ölüm" adlandırılan minalarla çirklənən ölkələr siyahısında bu gün Azərbaycan ilk sıralarda yer alır. Ölkəmizin ərazilərində ermənilər tərəfindən basdırılan minaların sayını insanlarla müqayisə etsək, dəhşətə gələrik.

Çünki hər 10 nəfərə bir mina düşür. 44 günlük Vətən müharibəsi başa çatandan bu günədək işğaldan azad edilmiş ərazilərdə 307 nəfər minadan zərər çəkib. Onlardan 56 nəfəri həlak olub, 251-i isə yaralanıb. Azərbaycanın keçirdiyi 23 saatlıq lokal antiterror tədbirlərindən sonra daha bir dəhşətli fakt - ermənilər tərəfindən azı yarım milyon minanın ərazilərimizə yerləşdirildiyi üzə çıxıb.

Mina problemi Böyük Qayıdış prosesini ləngidir. Minalar müharibə silahı olsa da, onlardan ən çox zərərçəkən  mülki əhalidir. İkinci Qarabağ savaşından sonra qeydə alınan mina qurbanlarının statistikasına əsasən həlak olanların 10 faizi hərbçi, 90 faizi isə mülki əhalidir. Bütün bunlar bir daha minaların regiondakı mülki əhalinin təhlükəsizliyinə təhdid yaratdığının əyani sübutudur. Vəziyyəti ciddiləşdirən digər bir səbəb isə müharibədən xeyli vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfinin müxtəlif bəhanələr gətirərək minalanmış ərazilərin xəritələrini təhvil verməkdən imtina etməsidir. Çünki minaların quraşdırılması asan olsa da, onları torpaqdan təmizləmək kifayət qədər təhlükəli, mürəkkəb və maliyyə tələb edən prosesdir. Belə ki, beynəlxalq dəyərləndirmələrə görə, torpağa basdırılmış bir piyada əleyhinə minanın çıxarılması 300 dollardan 1000 dollara qədər başa gəlir. Ermənistanın bu cür əməlləri "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını kobud şəkildə pozur. Bu baxımdan, ermənilərin vəhşi əməllərini alman faşizmi ilə belə müqayisə etmək mümkünsüzdür. Çünki almanlar Fransanı, Polşanı və digər əraziləri işğal etdiyi zaman minalar basdırmayıblar. Amma ermənilər xalqımızı öz yurdlarından didərgin salmaqla kifayətlənməmiş, həmçinin bütün əraziləri minalarla çirkləndirmişlər.

Laos Xalq Demokratik Respublikası, Anqola, Kamboca, Konqo Demokratik Respublikası, Vyetnam da "gizli ölümlərlə" mübarizə aparan dövlətlər siyahısındadır. Bu baxımdan, mina təhlükəsinin böyüklüyü və törətdiyi fəsadlar problemin qlobal səviyyədə həll olunmasının vacibliyini bir daha təsdiqləyir. Təsadüfi deyil ki, artıq bir sıra QHT, vətəndaş cəmiyyəti fəalları sözügedən problemlə bağlı BMT-yə müraciət ünvanlayıblar.

Bundan başqa, "Minadan azad dünya üçün qlobal təşəbbüs" adlı petisiyaya başladılıb. "Jotform" beynəlxalq platformasında "Dünya Qafqazda sülh üçün" ("World for Peace in Caucasus") adlı beynəlxalq kampaniya çərçivəsində elan olunan petisiya mina probleminin həlli üçün vacib hesab olunur. Petisiyada minalar və partlamamış hərbi sursatların (PHS) mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığı, münaqişələr bitdikdən sonra da minaların insanları öldürdüyü və şikəst etdiyi qeyd olunub. Sevindirici haldır ki, artıq bir neçə təşkilat petisiyaya qoşulduğunu bəyan edib. Həmin qurumların yaşadıqları ölkələrdə və sosial şəbəkələrdə lazımi məlumatları başqa əcnəbi QHT-lərlə bölüşməklə problemi beynəlxalq səviyyədə işıqlandıracaqları bildirilib.

Ölkəmizin başçısı dəfələrlə müxtəlif tribunalardan Azərbaycanda, eləcə də dünyada mina problemi ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir. Prezident İlham Əliyev, həmçinin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi "minasız dünya" məqsədinin elan edilməsi təşəbbüsünü irəli sürmüşdür.

Nəzrin ELDARQIZI,

"Respublika".