Milli Məclisin sədri Rusiyanın və Səudiyyə Ərəbistanının ölkəmizdəki yeni səfirləri ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Rusiyanın və Səudiyyə Ərəbistanının ölkəmizdəki yeni səfirləri ilə görüşüb

Noyabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sədr S.Qafarova Mixail Yevdokimovu Azərbaycanda səfir qismində diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar diləyib.

Görüşdə diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə - siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə, habelə regional əməkdaşlıq və nəqliyyat sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, müntəzəm təmasların, həmçinin müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində parlamentlərin önəmli rol oynadığını vurğulayan S.Qafarova Milli Məclis ilə Federal Məclis arasında əməkdaşlıq üzrə Parlamentlərarası komissiyanın fəaliyyətinə toxunub, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Söhbət zamanı regionda yaranmış yeni reallıqlar barədə danışılıb, Azərbaycanın sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğu, bu istiqamətdə atdığı addımlardan bəhs olunub.

Səfir Mixail Yevdokimov Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini, xalqlarımız arasında dostluq münasibətlərinin olduğunu söyləyib. Parlamentlərarası əməkdaşlığın bu əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını söyləyib. O, diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Milli Məclisin sədri Sahibə Qafarova bu gün, həmçinin Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

S.Qafarova İssam bin Saleh əl-Cuteylini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Qeyd olunub ki, Azərbaycan dost və qardaş Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Xalqlarımızın tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olduğunu deyən Sahibə Qafarova Azərbaycanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında yaranan diplomatik münasibətlərin əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini bildirib.

Görüşdə Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına verdiyi dəstək yüksək qiymətləndirilib, Krallığın Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etməsinin xalqımıza və dövlətimizə göstərilən böyük mənəvi dəstək və qardaşlığın yüksək təzahürü olduğu bildirilib.

Milli Məclisin sədri, həmçinin ölkələrimizin dostluq əlaqələrinin dərinləşdirilməsində ali qanunverici orqanların rolundan danışıb. O, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakına görə Səudiyyə Ərəbistanı parlamentinə təşəkkürünü bildirib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığının inkişafı etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Səfir İssam bin Saleh əl-Cuteyli iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın xalqlarımızın maraqlarına uyğun olduğunu vurğulayıb, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikirlərini səsləndirib.

Söhbət zamanı parlamentlərarası təmasların, iqtisadi münasibətlərin, ticarət əlaqələrimizin təşviqi sahəsində yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.