Sentyabr ayının gərgin olması proqnozlaşdırılır - Siyasi şərhçi
Siyasət

Sentyabr ayının gərgin olması proqnozlaşdırılır - Siyasi şərhçi

Sentyabr ayı başlayandan bəri Ermənistanda hərbi kalonların hərəkəti müşahidə olunur. İrəvan Azərbaycanla şərti sərhədə "Smerç" Reaktiv Yaylım Atəş Sistemi göndərir. Qarabağdakı qanunsuz erməni qüvvələri də öz kazarmalarından çıxaraq yüksək döyüş hazırlığı şəraitində cəbhə xəttindəki mövqelərə yerləşdirilib. Bütün bunlar isə genişmiqyaslı təxribat ehtimalını bir xeyli gücləndirir. 

"Respublika"ya açıqlama verən hərbi ekspert Elxan Şıxalıyev bildirir ki, ermənilər tərəfdən atəşkəsin pozulması və yeni mövqelərin hazırlanması, fotifikasiya qurğularının quraşdırılması ilə bütün qırmızı xətləri keçərək Azərbaycanı cavab tədbirləri görməyə təhrik edirlər: "Görünür, ermənilər 44 günlük müharibədən doğru-düzgün nəticə çıxarmayıblar. Çünki onların anladıqları dil yalnız "Dəmir yumruq" dilidir. Ona görə də, hazırda sülh sazişi üzrə müzakirələr dalana dirənib. Qarşı tərəf inteqrasiya ilə bağlı verdiyimiz mesajlara heç bir müsbət cavab vermir, hətta humanitar yardımı belə qəbul etmir. Ermənilər bizim ərazilərimizdə 30 il necə boz sahə yaratmışdılarsa, indi də bu siyasəti davam etdirməyi hədəfləyirlər. Düşünürəm ki, sentyabr ayı çox gərgin olacaq və ilin sonuna qədər sülh sazişi və inteqrasiya məsələləri öz həllini tapacaq". 

Jalə QASIMZADƏ, 
“Respublika”.