MİLLİ DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI
CƏMİYYƏT

MİLLİ DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

"Lerik Azərbaycanın ucqar dağ rayonudur. Orada gözəl insanlar, zəhmətkeş adamlar, qəhrəman insanlar yaşayır. Mən leriklilərlə əbədi dostam. Bu dostluq çox böyük sınaqlardan keçib".

Heydər ƏLİYEV,

Ümummilli Lider.

15 İyun – Milli Qurtuluş Günü çağdaş tariximizdə önəmli yer tutur. Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin məhvolma təhlükəsindən, xalqımızın bəlalardan xilas olduğu bu əzəmətli tarix yaddaşlara əbədi həkk olunub. Respublikamızın hər yerində olduğu kimi, dağlar diyarı Lerikdə də bu unudulmaz tarixi gün böyük fəxarətlə, sonsuz qürurla qeyd olunur.

Lerik Rayon İcra Hakimiyyətində redaksiyamızla birgə keçirilən konfransda 1990-cı illərin əvvəllərində ölkəmizin başı üstünü almış dərin ictimai-siyasi böhran, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, ulu öndərin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin bəhrələri haqqında ətraflı söhbət açıldı.

Konfrans iştirakçıları tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov tədbiri giriş sözü ilə açaraq dedi:

- Xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev dövlətçiliyimiz tarixində müstəsna xidmətləri ilə ürəklərdə və yaddaşlarda əbədilik qazanıb. Ulu öndər təkcə müstəqil Azərbaycanın deyil, dünya miqyaslı əbədiyaşar liderdir. Hələ sağlığında tanınmış dövlət xadimləri, nüfuzlu siyasətçilər onu dövrünün canlı əfsanəsi adlandırıblar.

Ümummilli lider zamanı qabaqlayan, onun fövqündə dayanan dahi şəxsiyyətdir. Müasir, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu öndər 1993-cü ilin iyununda xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışa bilməzdik.

Müdrik rəhbər xilaskarlıq missiyasını yerinə yetirərək qısa zaman kəsiyində ölkəmizi anarxiyadan, xaosdan, iqtisadi, siyasi və hərbi böhrandan xilas etdi. İctimai-siyasi sabitlik, əmin-amanlıq təmin edildi. Dahi şəxsiyyətin səyləri nəticəsində cəbhədə atəşkəs əldə olundu.

Xalq öz təbii sərvətlərinin əsl sahibinə çevrildi. Heydər Əliyevin fədakarlığı və müdrik siyasəti sayəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.

Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları Lerikin də iqtisadi inkişafı, tərəqqisi, əhalinin sosial rifah halının yüksəldilməsi üçün geniş imkanlar açıb.

Dövlət proqramları çərçivəsində rayonda yeni infrastruktur sahələr yaradılıb, çoxlu sayda təhsil, səhiyyə, mədəniyyət obyektləri, yeni avtomobil yolları inşa edilib, qaz və su xətləri çəkilib. Lerik şəhərində, kəndlərdə genişmiqyaslı tikinti, abadlıq, quruculuq işləri görülüb.

Sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoyub, yeni müəssisələr tikilib istifadəyə verilib. 2003-2023-cü illər ərzində rayonda 20557 yeni iş yerləri açılıb ki, bunun da 40 faizindən çoxu daimi iş yerləridir.

Rayonda 106 ümumtəhsil məktəbi, 13 uşaq bağçası var. Təhsil müəssisələrinin 86,5 faizi yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş binalarda yerləşir. Təhsil Nazirliyinin sifarişi ilə Cəngəmiran kəndində yeni məktəb binası tikilir.

Ölkə başçısının yüksək qayğısı sayəsində 60 yaşayış məntəqəsi qazlaşdırılıb. Zövnə və Veri Əliabadı kəndlərinin qazlaşdırılması üçün müvafiq işlər görülür. "Azəriqaz" İstehsal Birliyinin 2024-cü il investisiya proqramında rayonun bir sıra kəndlərinin qazlaşdırılması nəzərdə tutulub.

Turizmin inkişafı ilə əlaqədar "Relax", "Təbəssüm", "Meşəbəyi", "9 Qardaş" və digər turizm mərkəzlərində yeni hotellər, istirahət meydançaları inşa olunub. "Cənub" turizm istirahət mərkəzində 1,1 milyon manat dəyərində kotteclər tikilir. Noda-Şingədulan-Xanagah yolunda "Asəf" ailəvi istirahət mərkəzi inşa edilib.

Dağlar diyarının zəhmətkeş, qədirbilən insanları möhtərəm Prezidentimizin yüksək qayğısı ilə görülmüş işləri yüksək dəyərləndirir, dövlətimizin siyasətini ürəkdən bəyənir, doğma Lerikin, müstəqil Azərbaycanın inkişafına yeni-yeni töhfələr vermək üçün fədakarlıqla, əzmlə çalışırlar.

“Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev:

- Redaksiyamız regionlarla müntəzəm əlaqə saxlayaraq ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin təbliği, dövlətimizin başçısının imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının təşviqi və həyata keçirilən tədbirlərin işıqlandırılması istiqamətində fəal iş aparır.

Məlum olduğu kimi, davamlı inkişafın, tərəqqi və yüksəlişin təmin olunmasında regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının müstəsna əhəmiyyəti vardır. Ötən dövrdə regionların inkişafı istiqamətində 4 proqram qəbul olunmuşdur. Aktuallığına, əhəmiyyətinə və miqyasına görə Dövlət proqramları hər zaman redaksiyanın yaradıcı kollektivinin diqqət mərkəzində olmuşdur. Kollektiv bu mühüm sənədlərdə qarşıya qoyulmuş vəzifələrin geniş oxucu kütləsinə çatdırılması və təbliğini öz doğma işi hesab edir.

Redaksiyamız 2004-cü ilin mart ayında bir ilkə imza ataraq Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" geniş müzakirəsini keçirmişdir. Cənub bölgəsinin digər rayon icra hakimiyyətləri ilə əməkdaşlığımız səmərəli nəticələr verir və qəzetin oxucuları tərəfindən razılıqla qarşılanır.

Lerik rayonunda keçirdiyimiz növbəti görüş Azərbaycanı bəlalardan, faciələrdən xilas edən ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı gününə həsr olunur.

Milli Qurtuluş Günü müstəqil Azərbaycanın tarixində, xalqımızın taleyində şərəfli, əhəmiyyətli günlərdən biridir. 15 İyun xalqın, dövlətin, milli dəyərlərin, milli inkişafın məhvolmadan qurtulduğu gündür. Müstəqil Azərbaycanın, dövlətçiliyimizin sınağa çəkildiyi ağır məqamda ümummilli lider Heydər Əliyev xalqın səsinə səs verərək ölkəmizi parçalanmadan, dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas etdi. Məhz xalqın düzgün seçimi, xilaskarın qayıdışını tələb etməsi ən vacib addım oldu.

Milli Qurtuluşla başlanan tarixi yol Azərbaycanı dinamik inkişafa, tərəqqiyə, yüksəlişə doğru apardı. Ölkənin iqtisadi, ictimai, siyasi həyatında yeni inkişaf mərhələsi başlandı. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlətin qurulması, müstəqil və milli dövlətçilik amalının bərqərar olması ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir.

Məlum olduğu kimi, hər şey ideyadan başlayır. Dövlət quruculuğunda və dövlətçiliyin qorunub möhkəmləndirilməsində də ideya çox vacib, əhəmiyyətli amildir. Əvvəl ideya yaranır, formalaşır, onun reallaşması üçün proqram hazırlanır, strategiya müəyyənləşdirilir. Sonda ideya reallaşır və tükənir. Lakin bəzi hallarda ideyanın nə qədər önəmli, əhəmiyyətli olmasının fərqinə varmırıq. Əslində ən dəyərli, qiymətli əmtəə ideyadır. Paylaşdıqca dəyəri dəfələrlə artır.

İdeya güclü, iradəli, müdrik şəxsiyyətlərin rəhbərliyi ilə həyata keçirilir. Əks halda o utopiyadan, xəyaldan başqa bir şey deyildir. İdeya iki yolla: güclü şəxsiyyət və onun ardıcılları, yaxud bioloji-genetik yolla reallaşır.

Bir məqamı xatırlamaq istəyirəm. Bu il yanvar ayının 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib: "Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır".

Həmçinin cənab Prezidentin müsahibəsində qeyd edildiyi kimi, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edilib.

Gəlin, tarixə müraciət edək. Böyük Atatürkün ideyaları ancaq onun ardıcılları vasitəsilə reallaşdı. Azərbaycanda ulu öndər Heydər Əliyev ekstraordinar qərarlar qəbul edərək müstəqil, hüquqi, dünyəvi dövlət qurdu. Dövrün tələblərinə uyğun bir sistemdən başqa sistemə keçməli olduq. Təsəvvür edin, sosialist dünyasından bazar iqtisadiyyatına, ateist dünyagörüşündən vicdan azadlığına, uzaqlaşdırılmış milli mənlikdən milli özünədərkə keçdik. Bu keçidi dahi siyasətçi, müdrik və təcrübəli lider Heydər Əliyev böyük siyasi ustalıqla, yüksək peşəkarlıqla reallaşdırdı.

Qarşıda isə Azərbaycanın Konstitusiya quruluşunun, ərazi bütövlüyünün, suverenliyinin tam bərpası kimi daha ağır, taleyüklü vəzifə dururdu. Təəssüf ki, ulu öndərin ömrü buna kifayət etmədi.

2003-cü ildə prezident seçkiləri zamanı namizədliyini İlham Əliyevin xeyrinə geri götürən əbədiyaşar lider həmin vaxt xalqa müraciətində qeyd edirdi: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Yaxşı yadımdadır. O vaxt dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Amerikanın 42-ci prezidenti olmuş Bill Klinton bu barədə deyirdi: "Heydər Əliyev bununla Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu".

Ata vəsiyyətini onun bioloji-genetik davamçısı, layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev uğurla həyata keçirdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bötövlüyü, suverenliyi tam bərpa olundu. Soydaşlarımızın 200 ildən artıq çəkdikləri məşəqqətlərə, iztirablara birdəfəlik son qoyuldu. Bu baxımdan 23 saatlıq əməliyyat mahiyyətinə görə 44 günlük müharibədən heç də geri qalmır.

44 gün=23 saat. Əlbəttə, bu, bir mahiyyət bərabərliyidir, abstrakt mənada iki müxtəlif ədəd eyniyyət təşkil edir. 23 saatlıq antiterror əməliyyatı xüsusi çəkisinə, xalqımıza bəxş etdiyi sevincə, qürura görə Şanlı Zəfərə bərabərdir, həm də onu tamamlayır. Təsadüfi deyil ki, "Əsrlərə bərabər 44 gün", "Gün var əsrə bərabər", "Uzun ömrün akkordları" kimi ifadələr leksikonumuzda yer alıb.

Ümummilli lider siyasi varisinin yüksək intellektə və peşəkarlığa malik xarizmatik şəxsiyyət olduğunu yaxşı bilirdi. 2003-cü ilin prezident seçkiləri ərəfəsində xalqa müraciətində də qeyd edirdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir".

İntellekt isə irsən, genetik yolla qazanılır. Möhtərəm Prezidentimiz yüksək intellekti, praqmatik düşüncəsi, zəngin siyasi təcrübəsi ilə dünya liderlərini, super gücə malik ölkələrin prezidentlərini heyran qoyur. Dövlətimizin başçısı ilə görüşməyi, həmsöhbət olmağı tanınmış siyasətçilər, məşhur dövlət rəhbərləri özlərinə şərəf hesab edirlər.

Çağdaş dünyamıza nəzər salanda görürük ki, müasir müharibələr ərazilərin işğalı uğrunda getmir. Bu gün dünyada intellektual, virtual müharibə gedir, ərazilər deyil, beyinlər işğal olunur. Ulu öndərimizin gözəl bir kəlamını xatırlamaq yerinə düşür: insan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatı, intellekti yüksək olan insanlar əbədi olurlar.

Bu gün müstəqil Azərbaycan ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf və intibah dövrünü yaşayır. Paytaxtla yanaşı regionlar da sürətlə inkişaf edir, gündən-günə çiçəklənir, Azərbaycan dünyanın qabaqcıl dövlətləri arasında layiqli yer tutur. Ölkəmizin mühüm nailiyyətlər əldə etməsində, dünyada güclü, qalib, nüfuzlu dövlət kimi tanınmasında ümummilli lider Heydər Əliyevin fədakar, misilsiz xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Nə qədər müstəqil Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri əbədi yaşayacaqdır.

Malik Mirzəyev, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri:

- Müdrik rəhbər, dünyaşöhrətli siyasətçi Heydər Əliyev xalqımızı zamanın ağır, mürəkkəb sınaqlarından uğurla çıxaran və onu müstəqilliyə qovuşduran qüdrətli liderdir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqilliyini, parlaq gələcəyini düşünərək çox mühüm addımlar atmışdır. Sovet dönəmində iqtisadi cəhətdən ən geridə qalan respublikalardan olan Azərbaycanı sürətlə inkişaf etdirərək qabaqcıl, nüfuzlu bir diyara çevirmişdir.

Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də xalqın təkidli xahişi ilə hakimiyyətə gələrək xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Müstəqil Azərbaycanı parçalanma, məhvolma, dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi.

Əbədiyaşar liderin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı, uğurlu siyasəti sayəsində Azərbaycan dünyaya günəş kimi doğdu. Müdrik rəhbərin adı çağdaş tariximizə müstəqilliyimizin banisi, memarı və qurucusu kimi qızıl hərflərlə yazıldı.

Bu günün, sabahın və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması ulu öndərin adı ilə bağlıdır. Hazırda öz sıralarında yüz minlərlə insanı birləşdirən partiya ölkəmizin ictimai-siyasi və mədəni həyatında ən mütəşəkkil, aparıcı qüvvə kimi çıxış edir. Yeni Azərbaycan Partiyası təkcə ölkəmizdə deyil, həm də bütün Cənubi Qafqazda ən güclü və nüfuzlu siyasi təşkilatdır.

Dünyaşöhrətli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycana İlham Əliyev kimi yüksək intellektli müdrik rəhbər, əsl lider bəxş etmişdir. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev şərəfli inkişaf yoluna və zəngin ənənələrə malik olan partiyanın fəaliyyətini davamlı şəkildə yeniləşdirir və daha da təkmilləşdirir.

Elxan Əliyev, Lerik rayonundakı 52 nömrəli Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətin rəisi, "Tərəqqi"

- Müasir tariximizin ən şərəfli səhifələrindən biri olan Milli Qurtuluş Gününü xalqımız böyük sevgi və coşqu ilə qeyd edir. Bu şanlı, şərəfli tarixi bizə bəxş edən müdrik rəhbər, əbədiyaşar lider Heydər Əliyev olmuşdur.

1993-cü ilin iyununda Azərbaycan ən çətin, mürəkkəb, keşməkeşli günlərini yaşayırdı. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın başı üstünü parçalanma təhlükəsi almışdı.

Belə çətin, taleyüklü məqamda müdrik xalqımız yeganə ümidgahı olan dahi oğlunu - Heydər Əliyevi hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın nicatı, qurtuluşu başlandı.

Ümummilli lider Heydər Əliyev ucqar dağ rayonu Lerikin sosial-iqtisadi və mədəni inkişafına, yeni yolların tikitisinə, təmirinə misilsiz qayğı göstərib. Ulu öndərin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin ardıcıl, davamlı qayğısı sayəsində rayonun yol infrastrukturu xeyli yenilənib, müxtəlif istiqamətlərdə yerləşən kəndlərə rahat, asfalt yollar çəkilib.

Rayonun respublikaya yeganə çıxışı olan 56 kilometrlik Lənkəran-Lerik avtomobil yolu 2018-ci ildə möhtərəm Prezidentimizin yüksək diqqət və qayğısı sayəsində əsaslı şəkildə təmir olunub. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına 28 min nəfər əhalinin yaşadığı, 73 yaşayış məntəqəsini birləşdirən 26,5 kilometrlik Lerik-Qosmalian-Kəlvəz, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanəgah, 9 min nəfər əhalinin yaşadığı, 28 yaşayış məntəqəsini birləşdirən 27 kilometrlik Piran-Hamarat-Vıjaker, 21 kilometrlik Lerik-Şinəband-Orand-Nuravud-Zardəbərə avtomobil yolları əsaslı şəkildə inşa edilərək istifadəyə verilib.

Ulu öndərin dediyi kimi "Yol iqtisadiyyatdır, mədəniyyətdir, bir sözlə, həyat deməkdir". Lerikin yol probleminin həlli həm də rayonda turizmin inkişafına töhfələr verir.

Hüseynbala Əliyev, təhsil veteranı:

- Adı tarixə qızıl hərflərlə yazılmış dünyanın azərbaycanlı dahisi, millət fədaisi, qüdrətli şəxsiyyət Heydər Əliyev hər zaman ehtiramla xatırlanır. Ulu öndərin hakimiyyətdə olduğu hər iki dövrdə ölkəmiz böyük inkişaf yolu keçib.

Həyatım təhsil sahəsi ilə bağlıdır. Uzun illər Lerik rayonunda müəllim, məktəb direktoru, təhsil şöbəsinin müdiri və digər məsul vəzifələrdə işləmişəm. Ulu öndər bütün sahələrdə əsaslı dönüş yaratmaq üçün prioritet sahə olaraq elmin, təhsilin inkişafına, milli kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi.

Müdrik rəhbərin yüksək qayğısı sayəsində hər il yüzlərlə gənc keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilirdi. Bu, Azərbaycanda gözəl ənənə halını almışdı. O illərdə SSRİ-nin 170 aparıcı elm və təhsil ocağında 3500 nəfər azərbaycanlı təhsil almışdır.

Dahi rəhbər müstəqillik illərində də təhsilin inkişafına müstəsna qayğı göstərdi. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ulu öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasında Təhsil İslahatları üzrə Komissiya yaradıldı. Komissiya Azərbaycanda məktəbəqədər tərbiyədən ali təhsilə qədər bütün istiqamətlər üzrə islahatlar proqramı hazırladı. Heydər Əliyevin rəhbərliyi ilə proqram geniş müzakirə edildi. 1999-cu ilin 15 iyununda Milli Qurtuluş Günü Proqram təsdiqləndi. Bu simvolik məqam dahi şəxsiyyətin təhsilə misilsiz qayğısının parlaq nümunəsi idi.

Son 20 ildə Lerik şəhərində və kəndlərdə məktəb tikintisi və təmiri sahəsində genişmiqyaslı işlər görülüb. Rayonda 106 ümumtəhsil məktəbinin 94-ü yenidən tikilib, ya da əsaslı təmir olunub.

44 günlük müharibədə və 23 saatlıq antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin edilib. Tarixi qələbə, şanlı zəfər yurdumuza çox yaraşır.

Asif İmanov, Lerik rayon su-kanal sahəsinin rəisi, "Tərəqqi" medallı:

- Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyun ayının 15-i xalqımızın qurtuluş tarixinin başlanğıcıdır.

Bugünkü konfransda ümummilli lider Heydər Əliyev fenomenindən, onun bənzərsizliyindən söhbət açırıq. Ulu öndərin fəaliyyəti xalqımızın və respublikamızın gələcəyi üçün örnək, zəngin həyat məktəbi, əvəzsiz nümunədir. Bu məktəbi keçmək, ondan öyrənmək hər birimizin vətəndaşlıq borcudur.

Müdrik rəhbər kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır. "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik" kəlamı fəaliyyət devizimizə çevrilmişdir.

Keçən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində meliorasiya və su təsərrüfatı dinamik inkişaf mərhələsinə qədəm qoyub. Respublikamız üçün son dərəcə vacib olan Tərtərçay hidrokompleksinin, Xanbulançay su anbarının və Samur-Abşeron kanalının yenidən qurulması, həmin obyektlərinin açılışında ümummilli liderin şəxsən iştirakı onun meliorasiya və su təsərrüfatının inkişafına yüksək diqqət və qayğısının əyani sübutudur.

Dahi rəhbərin ikinci dəfə hakimiyyətə qayıdışı meliorasiya və su təsərrüfatını məhv olmadan xilas etdi. Su təchizatı və meliorasiyanın potensialından daha səmərəli istifadə olunması yolları və onun gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Heydər Əliyevin göstərişi əsasında respublikaya daxil olan xarici investisiyaların müəyyən hissəsi meliorasiya və su təsərrüfatının inkişafına yönəldildi.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq aləmdə nüfuzu artaraq regionun lider dövlətinə çevrilib.

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə meliorasiya və su təsərrüfatı sistemində irimiqyaslı layihələr həyata keçirilib. Ölkə başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyini daim yüksək qiymətləndirir. Bu qarşımızda böyük məsuliyyət yaradır, əhalini fasiləsiz və keyfiyyətli su ilə təmin etməyə səfərbər edir.

Maqsud Ağayev, Lerik Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru:

- Müasir Azərbaycanın bütöv bir inkişaf dövrü ümummilli lider Heydər Əliyevin adi ilə bağlıdır. 1969-cu ildə hakimiyyətə gələn ulu öndər xalqımızı aydın gələcəyə, yüksək sosial rifaha aparan və gələcək müstəqilliyimizin iqtisadi bazasını təskil edəcək tərəqqi yolunun əsasını qoymuşdur.

1993-cü ilin yayında Heydər Əliyev müstəqilliyimizi, milli dövlətçiliyimizi qorumuş, xalqımızı bəlalardan xilas etmişdir. Bu gün respublikamızda bütün sahələrin, o cümlədən, səhiyyənin inkişafı, yüksəlişi ulu öndərin yorulmaz fəaliyyəti, müstəsna xidmətləri ilə bağlıdır.

Müdrik rəhbər əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətin yüksək səviyyədə təşkilinə daim qayğı göstərirdi. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatlar aparıldı. Səhiyyənin maddi-texniki bazası möhkəmləndirildi, respublikamızın hər yerində yeni tibb ocaqları tikildi, səhiyyə müəssisələri müasir avadanlıq və cihazlarla təchiz edildi.

Ulu öndərin səhiyyə siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə uğurla həyata keçirilən Dövlət proqramları, genişmiqyaslı tədbirlər xəstəliklərin proqfilaktikasına, əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək qayğısı sayəsində 2010-cu ildə Lerik Rayon Mərkəzi Xəstəxanası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Xəstəxananın dördmərtəbəli binası müasir layihə əsasında təmir edilərək yeni tibbi avadanlıqlarla, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri ilə təchiz olunub. Qısa vaxtda rayonda 10-dan çox həkim məntəqəsi inşa edilib. Yaradılan şərait əhaliyə müasir səviyyədə tibbi xidmət göstərməyə imkan verir.

Natiq İsaqov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun müdiri:

- 1993-cü il iyunun 15-də ulu öndərin hakimiyyətə qayıdışı tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə tənəzzüldən inkişafa, tərəqqiyə doğru inamla addımlayaraq yeni inkişaf mərhələsinə qədəm qoydu.

Azərbaycanı "gənclər ölkəsi", gəncləri isə "Azərbaycanın gələcəyi" adlandıran ümummilli lider onlara yüksək qayğı, etimad göstərirdi. Məhz ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 1994-cü ilin iyul ayında Gənclər və İdman Nazirliyi təsis edildi, 1996-cı ildə gənclərin birinci forumu keçirildi. "Azərbaycan gəncləri günü", "Dövlət gənclər siyasəti haqqında" Fərman imzaladı, "Gənclər siyasəti haqqında" Qanun qəbul edildi. Nəticədə gənclərin təşkilatlanmasına, müasir gənclər hərəkatının formalaşmasına zəmin yarandı.

Ümummilli lider ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirir. Gənclərin sağlam həyat tərzinin formalaşmasında bədən tərbiyəsi və idmanın rolunu yüksək qiymətləndirirdi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev gəncliyin sağlam, vətənpərvər ruhda böyüməsinə, müasir biliklərə yiyələnmiş vətəndaş kimi formalaşmasına davamlı şəkildə qayğı göstərir.

Heydər Əliyev siyasətinin uğurları böyük, miqyası çox genisdir. Bu siyasətin davam etdirilməsi nəticəsində Azərbaycan dünyada qalib dövlət, Prezident İlham Əliyev qalib sərkərdə, xalqımız məğrur, yenilməz xalq, ordumuz güclü, qalib ordu kimi tanınır. Bütün bunlar gəncləri ürəkdən sevindirir, cənab Prezidentin ətrafında yumruq kimi birləşərək müstəqil Azərbaycanın sürətli inkişafına yeni töhfələr verməyə səfərbər edir.

Yazını hazırladı:

Əlisəfa HƏSƏNOV,

"Respublika".