“Mən gələcəm, ya əlimdə bayraqla, ya da bayrağa bürünmüş
CƏMİYYƏT

“Mən gələcəm, ya əlimdə bayraqla, ya da bayrağa bürünmüş"

Şuşanın azadlığı uğrunda canından keçən və qəhrəmancasına şəhid olan 27 yaşlı xüsusi təyinatlı, baş çavuş Səid Zəfər oğlu Cəfərov 1993-cü il fevralın 4-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olub. 1999-2010-cu illərdə İ.Səfərov adına Mürsəqulu kənd tam orta məktəbində təhsil alıb. Səid 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2013-2014-cü illərdə Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, 2014-2017-ci illərdə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2017-ci ildən isə Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Səid Cəfərov Vətən müharibəsində Murovdağ istiqamətində, həmçinin Füzulinin Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Səid Cəfərov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin anası Könül Cəfərovanın xatirələrindən: "Səidin bir sözü var idi ana, bir gün gələn, bir gün də gedər, amma mən istəyirəm ki, öləndən sonra adım qəhrəman kimi tarixə düşsün. Vətənini, torpağını çox sevirdi. Uşaqlıqdan hərbçi olmaq istəyirdi. Hələ orta məktəbdə oxuyarkən hər zaman silah, avtomat, tank şəkillərini çox çəkərdi. İndi ondan geriyə şəkillər və xatirələr qaldı. Silahdan, güllədən, ölməkdən heç vaxt qorxmurdu. Səidin uşaqlıqda çənəsinin üstündən dəmir parçası keçmişdi. Səid o çapıqla tanındı. Noyabrın 9-u axşam saatlarında 34 igidimiz şəhidlik zirvəsinə ucaldı. Son illərdə, ümumiyyətlə məni özündən uzaq tuturdu. Sanki hiss edirdi ki, nə vaxtsa əbədi olaraq yanımdan gedəcək. Səidin bütün arzuları özü ilə birlikdə getdi. Atasına maşın almaq istəyirdi, pulunu da yığdı, amma ala bilmədi. Sonuncu dəfə oğlumla oktyabrın 31-də cəmi səkkiz saniyə danışa bildim. Dediyi son sözü "ana, sən özündən muğayat ol, mən yaxşıyam. Darıxma, İnşallah, görüşəcəyik. Mən gələcəm, amma bilmirəm necə. Ya əlimdə bayraqla, ya da bayrağa bürünmüş qayıdacam. Mən onda o, sözlərin mənasını anlamamışdım. Oğlum ayaqla getdiyi yerdən bayrağa bürünmüş qayıtdı".

Könül xanım qəhrəmanımızın arzularından da söz açır: "Biz Səidin babasıgilin evində qalırdıq, öz şəxsi mənzilimiz yox idi. Səidin ən böyük arzusu bizə Bakıdan ev alıb, bütün ailəni bir araya gətirmək idi. Hər şey indi hazırdır, amma Səidim yoxdur. Mən indi necə ora gedim? Amma bu onun vəsiyyətidir. Sonradan eşitdim ki, Səid bir həkim qız istəyirdi, amma heç mənim xəbərim yox idi. Deyirdi ki, "ana, mən 30 yaşımda evlənəcəyəm, çünki görüləsi hələ çox işlərim var". Səid hərbçi peşəsini çox sevirdi. Ən böyük arzularından biri də hərbi paradda iştirak etmək idi, amma qismət olmadı".

Qəhrəmanımızın bacısı Aygün Cəfərova da şəhadətlik zirvəsinə ucalan qardaşından söz açır: "Qardaşımın hərbiyə olan marağı və sevgisi böyük idi. Biz də ona heç vaxt mane olmurduq. Çox çalışqan idi. Şuşanı işğaldan azad etdilər, amma qələbəyə bir neçə saat qalmış şəhid oldular. Mənə atam qədər yaxın olub. Ailədə üç uşaq idik, bir qardaşım getdi, balacası qaldı. Balaca qardaşım da döyüşdə olub, amma arxa cəbhədə. Səid çox mülayim idi. Şəhidlərin hər birinin üzündə bir nur var. Sanki Allah onları ayrı seçib. Səid də onlardan biridir. Müharibə başlamamışdan üç gün öncə mənimlə vidalaşdı. Yəni getməyinə görə məni hazırlayırdı. Sentyabrın 23-də mənə zəng edib dedi ki, "bacı, işdən tez gəl, sənə sözüm var". Mən də tez getdim. Mənə dedi ki, "Hər an müharibə başlaya bilər, hazırlıqlı olun, çünki mən gedəcəyəm". Düzü, inanmadım və bir az da narahat oldum. O da təlimlərdən qayıtmışdı. Üstündən dörd gün keçdi və o getdi...".

M.CƏFƏROV,

"Respublika".