Otuz bir illik həsrətimiz sona çatdı. Doğma yurdumuzu azad gördüyümüz üçün böyük sevinc hissləri keçiririk. Kədər göz yaşları ilə çıxdığımız Laçına sevinc göz yaşları ilə qayıtmışıq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Laçına qayıdan keçmiş məcburi köçkün Şəfəq Verdiyeva deyib.
"Bizim uşaqlıq illərimiz Laçında keçib, valideynlərimiz burada yaşayıblar. Düzdür, onlar rəhmətə gediblər. Allah qalanlara cansağlığı versin ki, burada qurub-yaratsınlar. Allah Prezidentimizi, əsgərlərimizi qorusun ki, bu günü bizə yaşatdılar. Laçının gözəl təbiəti, Həkəri çayı üçün darıxmışdıq", - deyə o əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola salınıb və daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Bundan əvvəl isə Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülmüşdü.