Anuarbek Bimagambet: Hər şey dağıdılıb, bunlar qeyri-insani hərəkətlərdir
MÜSAHİBƏLƏR

Anuarbek Bimagambet: Hər şey dağıdılıb, bunlar qeyri-insani hərəkətlərdir

Mən ilk dəfədir bu torpaqlara, Ağdama səfər edirəm. Yolboyu gördüyümüz mənzərə dəhşətlidir. Hər yer yerlə-yeksan olunub, viran qoyulub. Bizə ətrafın minalarla çirkləndirildiyi barədə məlumat verildi. Tədbirlər görülməsinə baxmayaraq, hələ də çox yerdə mina var.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ermənistanın işğalından azad olunan Ağdama səfər edən qazaxıstanlı jurnalist Anuarbek Bimagambet söyləyib.

"Burada gördüyümüz hər şey insanı qorxudur. İnsan əli ilə yaradılmış hər şey dağıdılıb, bunlar qeyri-insani hərəkətlərdir. Hər şeyi bərpa etmək olar, amma məhv edilmiş təbiəti, Xan çinarını - bütün bu dağıntılar necə bərpa ediləcək?!", - deyə o qeyd edib.

Torpaqların azad edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, tikilən hündürmərtəbəli binaların onda xoş təəssürat doğurduğunu söyləyən qazaxıstanlı jurnalist bildirib ki, Azərbaycan dövlətinin hər şeyi yenidən yüksək səviyyədə qurub-yaratmaq istəyi bu yerlərə tezliklə həyatın qayıdacağından xəbər verir.