Səməd Seyidov: Regionda sülhün bərqərar olmasının vaxtıdır
MÜSAHİBƏLƏR

Səməd Seyidov: Regionda sülhün bərqərar olmasının vaxtıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə keçirdiyi görüşlər və sülh sazişi ilə bağlı əldə olunan razılaşmalarla bağlı çıxış hazırlamışam. Mən sülhdən danışmağı planlaşdırmışam. Regionda yaranmış yeni reallıq sülh üçün münbit imkanlar açıb. Ancaq qəribədir, məndə koqnitiv dissonans yaranıb. Ermənistanın baş naziri Azərbaycanın sülhlə bağlı təkliflərinə müsbət razılıq verib. Ermənistan nümayəndə heyətinin üzvləri isə burada baş nazirlərinin mövqeyinin əleyhinə, regionda sülhün bərqərar olmasını istəyən ermənilərin milli maraqlarına zidd çıxış edirlər.

Azərbaycan regionda sülhə nail olmaq üçün əlindən gələn hər şeyi edib və edəcək. Azərbaycan ilə Ermənistan arasında barışıq və etimadın yaradılmasının vaxtı artıq çatıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasının ilk günündə Büro hesabatının müzakirələrində Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Səməd Seyidov ondan əvvəl çıxış etmiş erməni deputata cavabında deyib: "Ermənistandan olan həmkarımız bu təşkilatı yenə əsas məqsəddən yayındırmağa, Türkiyəyə və Azərbaycana aid hər şeyi ləkələməyə cəhd edir. Ermənistan nümayəndəsi burada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ermənilərin hücumuna məruz qalmasından, Yerevanın mərkəzində faşist Njdeyə heykəl qoyulmasından, bu günə qədər bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıda bilməməsindən, Azərbaycanın azad etdiyi ərazilərini işğal illərində başdan-başa minalanmasından, o minalara görə azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına hələ də qayıda bilməməsindən, mülki insanların, eləcə də hərbçilərin o minalara görə həyatlarını itirməsindən niyə danışmır?".

Nümayəndə heyətinin rəhbəri bildirib ki, biz hətta üzv dövlətlər arasında münaqişə üzrə komitənin üzvü olmağın əleyhinəyik. Azərbaycan ilə Ermənistan arasında barışıq üzrə xüsusi Komitə yaratmalıyıq. Müharibə haqqında danışmağa, revanşist ideyalara son qoymaq lazımdır. Avropa Şurasının dəyərlərinə riayət etmək lazımdır.

"Əgər uzun illər əvvəl beynəlxalq ictimaiyyət bir dövlətin digər dövlətin ərazilərini işğal etməsinə, ona qarşı etnik təmizləmə aparmasına düzgün reaksiya vermiş olsa idi, Gürcüstan, Krım, indi də Ukrayna ilə bağlı bu hadisələr baş verməzdi", - deyə S.Seyidov bildirib.

Azərbaycanlı parlamentari regionda sülhün bərqərar olmasının vaxtının çatdığını bildirərək, Ermənistandan olan həmkarlarını sülhniyyətli olmağa, erməniləri azərbaycanlılar kimi sülh haqqında düşünməyə çağırıb.

AZƏRTAC