Azərbaycanın
Digər xəbərlər

Azərbaycanın "dəniz gücü" - Xəzərdə peşəkar, çevik hərbi qüvvələr

Azərbaycanın Xəzər dənizində hərbi donanmasının yaradılması Xəzər dənizinin Azərbaycan sektorunda dənizdən mühafizə, müdafiə və əlverişli əməliyyat rejiminin saxlanılmasına xidmət edir. Hərbi dənizçilərimiz suverenliyimizə qarşı yarana biləcək hər hansı bir təhlükənin qarşısını almağa qadirdir.

Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşıb. Oktyabrın 14-də dəniz aviasiyası dəstəsini yaradan hökumət Paris Sülh Konfransının memorandumuna əsaslanaraq sualtı qayıqlar sifariş verib. Lakin 1920-ci ildə hökumətin süqutundan sonra hərbi donanmanın yaradılması 71 il təxirə salınıb.

"Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olunub. 26 iyul 1992-ci ildə "Bakılı" gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılıb və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yaradılmasına başlanılıb. 7 avqust 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırılıb.

Yarandığı gündən etibarən dövlət tərəfindən Hərbi Dəniz Qüvvələrinin qarşısına mühüm tapşırıqlar qoyulub. Ali Baş Komandanın diqqət və qayğısı ilə qarşıya qoyulan vəzifələrin icrası prosesinin lazımi səviyyədə təşkili üçün hər bir şərait yaradılıb. 2015-ci il iyunun 21-də, Hərbi Dəniz Qüvvələrinin yeni hərbi bazasının açılış mərasimində İlham Əliyev şəxsi heyət qarşısında çıxışında deyib: "Hərbi Dəniz Qüvvələrinin gələcək inkişafı bundan sonra da daim mənim diqqətimdə olacaq".

Hərbi Dəniz Qüvvələri Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Dəniz Təhlükəsizliyi Strategiyası"nın tələblərinə cavab verir. Qarşıya qoyulan tələblərin icrasını sürətləndirmək və təkmilləşdirmək məqsədilə inkişaf etməkdə olan müasir müdafiə sənayesi texnologiyalarının tətbiqi üzrə işlər aparılır. Gəmi parkının yenilənməsi, müşahidə, kəşfiyyat və rabitə sistemlərinin əldə olunması üzrə qabaqcıl müdafiə sənayesi şirkətləri ilə görüşlər keçirilir. Sözügedən layihələrin bir qismi yaxın gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək.

Azərbaycanın HDQ-nin Xəzər dənizindəki cavabdehlik zonası böyük sahəni əhatə edir və burada təhlükəsizliyin təmin olunması ordumuzun üzərinə düşür. Bu tapşırıqların yerinə yetirilməsi üçün mövcud qüvvə və vasitələrin balansının artırılması üzrə fəaliyyətlər həyata keçirilir, mövcud gəmi və katerlərdə modernləşdirmə işləri sürətlə aparılır. Dənizçilərin təhlükəsiz üzməsi üçün naviqasiya avadanlıqları, radiotexniki vasitələri yenilənir.

Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən, əsasən dənizdə, quruda, sahilyanı ərazilərdə, sualtında xüsusi əməliyyat fəaliyyəti göstərmək bacarığına malik olan Dəniz Piyadaları SAH-SAM dəniz xüsusi təyinatlıları bu qoşun növünün bacarıqlı hərbçiləri hesab olunurlar. Azərbaycan ordusunun çoxşaxəli olmasının əsas üstünlüyü xüsusi qüvvələrin mövcudluğu və öz nizam-intizamı və xüsusi bacarıqlara malik olmasıdır. Mütəmadi olaraq keçirilən təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin idarə olunması üzrə komandirlərin bacarıqları təkmilləşdirilir, qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunur. HDQ İkinci Qarabağ müharibəsində də fəal iştirak edib. Qeyd edək ki, Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarından 3 nəfər "Vətən Müharibəsi Qəhrəmanı'' adına layiq görülüb, 9 nəfər şəhid olub.

Ümumiyyətlə, Azərbaycan Respublikası Xəzər dənizi hövzəsində həm ordu, həm aparıcı qüvvə, həm də infrastruktur cəhətdən öndə olan ölkələrdəndir. Bu inkişafı qoruyub saxlamaq isə əsas prioritetdir.

Tacir SADIQOV,

"Respublika".