Fransa separatizmi dəstəkləyir
Digər xəbərlər

Fransa separatizmi dəstəkləyir

Fransanın hələ XVI əsrdən başlayan neokolonist siyasəti nəticəsində Avropa, Afrika, Asiya, eləcə də Okeaniyadakı xalqlar bir çox faciələrin qurbanı olub. Ötən əsrin 60-cı illərində Fransanın bəzi müstəmləkələri müstəqillik qazansalar da rəsmi Parisin digər ölkələrə və xalqlara qarşı münasibəti dəyişməyib.

Belə ki, müstəqillik, suverenlik, mərkəzləşmiş dövlət kimi anlayışların özündə birləşdiyini iddia edən Fransa digər xalqlara barbar münasibəti bəsləyir. Məsələn, Fransanın mənfur siyasəti nəticəsində İspaniyada kiçik və qanunsuz qruplar mərkəzi hakimiyyətlərə qarşı fəaliyyət göstərirlər. Əslində, tarixə nəzər yetirsək, imperialist dövlətlərin qeyri-leqal, qeyri-insani, qeyri-əxlaqi yollarla sərvət qazanmağa çalışdığının şahidi olarıq. Əlbəttə, Fransanın hazırkı siyasətində separatizmə münasibəti də eyni mahiyyəti daşıyır. Çünki rəsmi Paris separatçı hərəkatların fəaliyyətini nəinki nəzarətdə saxlayır, hətta onların mövcud olduğu ölkələrdən, separatçı qurumlardan dividendlər əldə etmək xülyasıyla yaşayır. Fransanın Qarabağdakı separatçı hərəkata göstərdiyi dəstəyi də bu qəbildən qiymətləndirmək mümkündür. Bunun başlıca səbəbi isə Fransadakı seçkilərdə etnik ermənilərin dəstəyini qazanmaq, separatizmdən siyasi təzyiq aləti kimi istifadə etməkdir. Ölkədə son zamanlar daha tez-tez müşahidə olunan iğtişaşlar da Fransada diskriminasiyanın, sosial ədalətsizliyin, vətəndaşlarla hakimiyyət arasındakı uçurumun bariz nümunəsidir.

Daha bir vacib məqam Fransa neokolonializminin beynəlxalq aləmdə ciddi narahatlıq doğurmasıdır. Rəsmi Paris hələ də bəzi xalqları əsarətdə saxlamağa davam edir. Əslində, Makron hakimiyyəti ilk olaraq ölkə daxilindəki və xaricindəki problemlərini həll etsə, digər regionlara müdaxilə cəhdlərindən əl çəksə daha məqsədəuyğun olar. Amma Fransa tarix boyu Afrikada, Asiyada yaratdığı yoxsulluq, qeyri-sabitlik problemlərinin həllinə fokuslanmaq əvəzinə, Cənubi Qafqaza müdaxilə etməyə çalışır. Bu cür reallıqlar fonunda Fransanın insan haqlarından dəm vurması Parisin beynəlxalq aləmin fikrini ölkədən yayındırmasıdır.

Makronun üzdəniraq hakimiyyətinin gətirdiyi bəlalar sadəcə bunlarla yekunlaşmır. Belə ki, Fransada bu günlərdə 60-dan çox senator, deputat və bələdiyyə nümayəndələri hökumətə müraciət edərək "Qarabağa dəstək" verilməsini tələb ediblər. Bu müraciətdə də bir qayda olaraq Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirildi, ermənilərin guya "etnik təmizləməyə" məruz qaldığı iddia edildi. Hətta onlar Makronu Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar qəbul etməyə də çağırıblar. Fransalı siyasətçilərin isə demokratiyadan, insan haqlarından danışması doğrudan da gülüncdür. Buradan bir daha görünür ki, Fransa qərəzli münasibətilə müxtəlif regionlarda ədavəti qızışdırmaq məqsədi güdür. Rəsmi Paris bunun əvəzinə keçmişdəki qanlı cinayətlərini xatırlasa və bundan sonrakı yolunu düzgün seçsə daha uyğun olar. Ölkəmizin başçısı İlham Əliyevin bu il iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşü zamanı söylədiyi fikirlər Fransanın iç üzünü bir daha bəlli edir. Görüş çərçivəsində Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər dövlətlərdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.

Nəzrin ELDARQIZI,

"Respublika".