Kolumbiya xəzinə dolu 300 illik batan gəmini araşdıracaq
Dünya xəbərləri

Kolumbiya xəzinə dolu 300 illik batan gəmini araşdıracaq

Təxminən 300 il əvvəl Karib dənizində batan və içərisində milyardlarla dollar dəyərində xəzinə olan İspaniyanın "San Xose" hərbi gəmisinin qalıqlarını araşdırmaq üçün Kolumbiyada sualtı ekspedisiyanın ilk mərhələsinin başladığı açıqlanıb.

"Respublika" "TRT Haber"e əsasən xəbər verir ki, Kolumbiya Antropologiya və Tarix İnstitutunun (ICANH) verdiyi açıqlamada, Kartagena liman şəhəri yaxınlığındakı San Xose gəmisini araşdırmaq üçün ekspedisiyanın birinci mərhələsində uzaqdan idarə vasitəsi ilə qalıqların fotoşəkillərinin çəkiləcəyi bildirilib.

Açıqlamada qeyd olunub ki, araşdırmanın nəticələri sonrakı kəşflərə, o cümlədən batmış gəmidən xəzinənin çıxarılmasına zəmin yarada bilər. Onun elmi və arxeoloji dəyərini qorumaq məqsədilə gəmi “mühafizə olunan arxeoloji ərazi” elan edilib. 

Ümumi dəyərinin 17 milyard dollara yaxın olduğu təxmin edilən qızıl külçələr, qiymətli daşlar və daş-qaşın olduğu gəmi 8 iyun 1708-ci ildə xəzinəni oğurlamaq istəyən ingilis quldurlarının hücumu nəticəsində batıb.

Arzu BAXŞIYEVA,

"Respublika".